Ermənistanda turizm iflic olub – Bəs Azərbaycanda? – TƏFƏRRÜATbackend

Ermənistanda turizm iflic olub - Bəs Azərbaycanda? - TƏFƏRRÜAT

Kəlbəcər və Zəngilan rayonlarındakı qiymətli filiz yataqları hələ işğal dönəmində beynəlxalq investorların diqqətini özünə cəlb eləmişdi. Yuxarı Qarabağın əsrarəngiz təbiəti və mineral suları dünyanın istənilən turizm bölgəsi ilə rəqabət aparmaq imkanına malikdir. Qarabağın əldən çıxması hazırda Ermənistan turizmini iflic edib. Xüsusilə qış turizmi ilə bağlı Ermənistana, daha sonra Yuxarı Qarabağ gələn əcnəbilərin sayı bu il iki dəfədən çox azalıb. Hələ elektrik enerjisi ehtiyatlarını demirəm. Dağlıq Qarabağ və ətraf ərazilərdəki çoxsaylı sulu çaylar su elektrik stansiyaları üçün çox böyük imkanlara malikdir. Təsadüfi deyil ki, Ermənistan elektrik enerjisinə olan ehtiyaclarının 25 faizdən çoxunu Dağlıq Qarabağdakı ehtiyatlar hesabına ödəyirdi.

Ən əsası Ermənistanın büdcə gəlirlərinin 15 faizdən çoxu Dağlıq Qarabağ və ətraf ərazilərdən gələn vergilər hesabına formalaşırdı. Artıq bu və digər imkanlar Azərbaycan dövlətinin və xalqının nəzarətinə keçib.

Təbii ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə çox böyük investisiya imkanları var. Necə deyərlər, ölkənin 20 faiz ərazisi əsaslı şəkildə yenidən qurulacaq. Yenidənqurma və bərpa işlərində prioritetləri ölkə başçısı İlham Əliyev artıq elan edib. İlkin olaraq işğaldan azad olunmuş ərazilərdə kommunikasiyanın yenidən tikilməsidir. Hazırda həm Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, həm Horadiz-Hadrut-Şuşa, həm dəki, Suqovuşan-Kəlbəcər və Toğana-Kəlbəcər avtomobil yollarının inşası istiqamətində qızğın işlər aparılır. “Zəfər yolu” adlanan Horadiz-Şuşa yolunda artıq tikinti işlərinin xeyli hissəsi görülüb. Torpaq işləri başa çatdırlıb. Havaların isinməsi ilə asfalt işlərinə başlanılacaq.

Eyni zamanda Horadiz-Mincivan dəmir yolunda da tikinti işlərinə start verilib. Ümumilikdə ilkin mərhələdə Azərbaycan dövləti tərəfində təkcə kommunikasiyanın bərpasına 2 milyard manatdan çox investisiya ayrılır. Bu investisiya çərçivəsində Füzulidə, Zəngilanda və Laçında 3 hava limanı tikiləcək. Füzuli hava limanının təməlqoyma mərasimində respublika prezidenti şəxsən iştirak edib. Hava limanı bu ilin payızında sərnişinlərin istifadəsinə veriləcək. Bununla paralel Şuşa şəhərində quruculuq abadlıq işlərinə başlanılıb.

Ölkə başçısının göstərişlərinə əsasən artıq iyun ayında Şuşa şəhəri nəhayət ki, 29 ildən sonra öz sakinlərinə və qonaqlarına qucaq açacaq. Bununla paralel Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin icrasına  başlanılıb. Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində tikinti işlərinə start verilib. Cari ilin sonunda yekunlaşacaq layihə çərçivəsində 1000-dən artıq zəngilanlı yenidən öz dədə-baba ocaqlarında yaşayışlarını bərpa edəcəklər.

Yeni inşa edilən kəndlər ən müasir infrastrukturu özündə cəmləşdirəcək. Bununla da Azərbaycan növbəti bir uğuru ilə dünyanı heyrətləndirəcək. Ümumilikdə Dağlıq Qarabağ və ətraf ərazilərin bərpası və yenidən qurulması üçün 15 milyard manata yaxın investisiya tələb olunur. Azərbaycan höküməti bu məqsədlə beynəlxalq aləmdə investisiya təşviqini gücləndirib.

Artıq bir çox maliyyə institutları və iri tikinti şirkətləri “Böyük qayıdış” layihəsində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Qardaş Türkiyənin investisiya və tikinti şirkətləri isə artıq iş başındadır. Şuşaya gedən yeni “Zəfər yolu”nu Türkiyənin məşhur “Kolin” şirkəti inşa edir. Digər sahələrdə də qardaş ölkənin şirkətləri, iş adamları həvəslə iştirak edir. Hətta Türkiyənin Milliyətçi Hərəkat partiyasının sədri Dövlət Baxçalı Şuşada lisey inşası üçün layihə smeta sənədlərini hazırlatdırıb. Yaxın vaxtlarda ən yüksək səviyyədə liseyin təməlqoyma mərasimi keçiriləcək.

Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olması regionun, ümumilkdə sosial-iqtisadi mənzərəsini dəyişəcək. Həm Füzuli, Zəngilan və Laçın rayonlarında inşa ediləcək müasir hava limanları, həm də Horadiz-Mincivan dəmir yolunun tikintisi region ölkələri üçün böyük iqtisadi inkişaf imkanları vəd edir. Əgər 11 yanvar Moskva bəyanatının bəndləri qısa zamanda icra olunsa, onda Azərbaycanın cənubunda yeni bir beynəlxalq nəqliyyat dəhlizi açılacaq. Bu nəqliyyat dəhlizi Avropa ilə Asiya arasında ən qısa və sərfəli nəqliyyat dəhlizi olacaq. Və bu dəhlizdən Azərbaycan,Türkiyə və Ermənistanla yanaşı Rusiya, İran və digər region ölkələri də geniş şəkildə bəhrələnə biləcəklər.

“Böyük qayıdış” layihəsi çərçivəsində Dağlıq Qarabağ və ətraf ərazilərdə geniş investisiya imkanları yaranacaq. Kənd təsərrüfatı sektoru üçün bu yerlərdə əvəzsiz imkalar var. Füzulinin və Ağdamın on min hektarlarla yüksək məhsuldarlığa malik torpaqları yenidən dövriyyəyə qoşulacaq. Onlarla yeni istehsal sahələri açılacaq. Üzümçülük və şərabçılıq üçün bu torpaqlarda çox geniş şərait var. Hələ mineral suları demirəm. Kəlbəcərin, Laçının mineral suları dünya bazarında yeni brend olacaq. Xatırladaq ki, Kəlbəcərdəki məşhur “İsti su” mineral suyunun bir litrini Ermənistan xarici dövlətlərə 2 dollara ixrac edirdi.

Qeyd edək ki, su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına çıxışı çox əhəmiyyətlidir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi bu rayonlardadır.

Bundan əlavə, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı – Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdiddir.

Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlardadı. Bu suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması mümkündür. İşğal altındakı 2 qoruq, 4 yasaqlıq və tarixi abidələrin əsasında turizmin inkişafı üçün böyük potensial var. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasının turizm imkanları çox genişdir.

Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisi nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib. Həmin istifadəyə verilmiş SES-lərin ümumi gücü 1976-ci ildə istifadəyə verilmiş gücü 50 meqavat olan “Sərsəng” SES səviyyəsindədir. Nəzərə alsaq ki, Suqovuşan Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub və həmin ərazidə olan “Madagiz 1” və “Madagiz 2” SES-lər dövriyyədən çıxıb və mövcud güc daha da azalıb. Ümumilikdə isə işğaldan sonra Qarabağın enerji sistemi Ermənistandan asılı vəziyyətdədir və istehsal olunan güc ümumi tələbatın 30-40 faizini təmin etmək qabiliyyətindədir.

Bundan əlavə, vaxtilə Dağlıq Qarabağ və ərtaf ərazilərdəki torpaqlar vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq sahələri var. Bu ərazilər həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatına ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir.

Proqnozlara görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcək ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.

Bir sözlə, “Böyük qayıdış” layihəsi Azərbaycan xalqına böyük və xoşbəxt gələcək vəd edir. Əminliklə deyə bilərik ki, ən yaxın zamanlarda Azərbaycan xalıq ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı dünyaya “Möcüzələr aləmi” kimi təqdim edə biləcəyik.

 

Rasət Tağıyev,

Xəzər Rayon Müharibə Veteranları Birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*