Ermənistandakı seçkilər Zəngəzur dəhlizinə necə təsir edəcək? – ŞƏRHbackend

Ermənistandakı seçkilər Zəngəzur dəhlizinə necə təsir edəcək? - ŞƏRH

İrəvanda dəhlizin iki marşrutu müzakirə olunur; ekspert: “Qarabağ məsələsi ermənilər üçün artıq keçmişə çevrilə bilər”

Ermənistanda seçkilərin Nikol Paşinyanın qələbəsi ilə başa çatması bölgədə davamlı sülhün əldə olunması ilə bağlı gözləntilər yaradır. Vətən müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad edən Azərbaycan regionda kommunikasiyaların açılması, xüsusilə Naxçıvan və oradan isə Türkiyə ilə quru əlaqəsinin yaranmasına imkan verəcək Zəngəzur dəhlizinin işə salınmasına çalışır. Paşinyanın Ermənistanda hakimiyyət başında qalması bu çalışmaların nəticəliliyinə hansı təsirləri göstərə bilər? Rəsmi İrəvan dəhlizin açılmasına imkan verməməklə bölgədə yenidən müharibənin olmasına gətirəcək addımlar ata bilərmi? Məlumdur ki, Azərbaycan Prezidenti  İlham Əliyev Ermənistanda revanşistlərin baş qaldırmasının bu dövlətin özü üçün yaxşı nəticələnməyəcəyini açıq bəyan edib.

Onu da qeyd edək ki, ilkin mərhələdə Zəngəzur ərazisindən hər hansı nəqliyyat dəhlizinin açılmasını qətiyyətlə rədd edən Ermənistan hakimiyyəti indi söhbətin avtomobil və dəmir yolu əlaqəsindən deyil, yalnız dəmir yolu xəttindən getdiyini bəyan edir. Eyni zamanda Ermənistan mətbuatı ölkə ərazisindən keçərək Azərbaycan və Türkiyəni birləşdirəcək dəmiryol xəttinin mümkün marşrutlarını müzakirə etməkdədir. Bu baxımdan SputnikArmenia-da dərc olunan Ermənistanın Veteran Dəmiryolçular İttifaqının sədri Levon Akopyanla müzakirə maraq doğurur. L.Akopyanın dediyinə görə, sovet dövründə Ermənistana quru yolla yüklərin 80 faizi Azərbaycan üzərindən daşınıb.

Ermənistan ərazisindən Türkiyə ilə dəmiryol əlaqəsinin yaradılması üçün iki mümkün marşrut var. Bunlardan biri – İcevandan keçən marşrutdur və o, Mehridən keçəcək Zəngəzur dəhlizindən qısalığına görə fərqlənir. Erməni dəmiryolçu bildirir ki, İrəvandan Mehri və Azərbaycan ərazisi ilə keçərək Dərbəndə çatacaq dəmir yolunun uzunluğu 1075 km təşkil edəcək. İcəvandan keçə biləcək marşrut isə bundan 300 km qısadır:

“Türkiyənin Doğuqapı stansiyasından qatarlar Axuryana, oradan Gümrüyə, İcevana, daha sonra Barxudarlı stansiyasından Azərbaycana və nəhayət, Dərbəndə gedə bilər. Bu zaman Doğuqapıdan Dərbəndə qədər 870 yol qət ediləsi olacaq”.

L.Akopyanın Mehri marşrutu adlandırdığı ikinci marsrut İcəvan yolundan yalnız uzunluğuna görə fərqlənir. Bu marşrut işə salınası olsa, Ermənistan Rusiyaya yükdaşımaları təmin etmək üçün 41 km-lik Karçevan-Nrnadzor dəmir yolunu bərpa etməlidir. İcevan marşrutu üçünsə 32 km-lik Fioletovo-Vanadzor dəmiryol xətti bərpa olunmalıdır.

Göründüyü kimi, Ermənistan rəhbərliyi, həmçinin cəmiyyəti artıq Azərbaycanla kommunikasiyaların açılması reallığını qəbul edərək mümkün marşrutları müzakirə edir. Bu isə Azərbaycanın bölgədə davamlı sülhün əldə olunması, kommunikasiyaların açılması ilə bağlı təkliflərinin reallaşma əmsalını getdikcə daha da artırır. Mövcud siyasi qüvvələrin hakimiyyətdə qalması Ermənistanın regional iqtisadi əməkdaşlığa başlaması üçün əlavə imkanlar yaradırmı?

KONKRET.az xəbər verir ki, sualı cavablandıran siyasi şərhçi Asif Nərimanoğlunun fikrincə, Ermənistanda keçirilən seçkilər bu ölkənin yeni siyasətinin müəyyənləşməsi baxımından da əhəmiyyətli idi:

“Yəni erməni ictimaiyyəti ya müharibəyə, ya da sülhə səs verməli idi. Bir tərəfdə müharibəni uduzmuş, ”Qarabağın tanınması yeni müharibə deməkdir” sözləri ilə müharibə etməyəcəyini dilə gətirən Paşinyan, digər tərəfdə Dağlıq Qarabağın keçmiş inzibati ərazisini – Hadrutu və Şuşanı qaytarmaq istəyini deyən Köçəryan var idi. Ermənistan ictimaiyyətinin əksəriyyəti Paşinyana dəstək verməklə müharibə istəmədiyini göstərmiş oldu. Seçkinin nəticələri iki ehtimalı gücləndirir. Birincisi, Ermənistan müharibədən çəkinəcək. İkincisi, Qarabağ məsələsi ermənilər üçün artıq keçmişə çevrilə bilər. Bu, Ermənistanın regionda əməkdaşlıq müstəvisində hərəkət edə edəcəyi gözləntisini də artırır. Bilirik ki, sərhədlərin müyyənləşməsi ilə bağlı yeni müqavilə üzərində iş gedir. Seçkidən öncə daxili auditoriyaya hesablanmış addımlar atılsa da, Paşinyan hakimiyyətinin tezisləri Ermənistanın bu müqaviləni imzalayacağı ehtimalını da önə çıxarır. Sərhədlərin tanınması Qarabağ məsələsinin bitdiyinin də Ermənistan tərəfindən qəbul edilməsi deməkdir. Bu baxımdan, Ermənistanda seçkilərin nəticələrinin regionda sülhün təmin edilməsi, Zəngəzur dəhlizi də daxil olmaqla, kommunikasiyaların bərpa edilməsi gözləntilərini artırır. Ermənilərin seçkidə müharibə əleyhinə səs verməsi də bu fikri gücləndirir”.

Siyasi şərhçi bildirir ki, Köçəryanın əsas müxalifət partiyası kimi parlamentdə təmsil olunması faktının bu proseslərdə Ermənistan hökumətinə çətinliklər yarada biləcəyini istisna etmir: “Koçaryanın əsas missiyası da hökumətə problem yaratmaq olacaq. ”Qarabağ klanı” kimi tanınan Koçaryan və Sarkisyanın parlamentdə hakimiyyətə alternativ güc olması da Ermənistanın regional əməkdaşlığı qoşulması qarşısında əngəllər yarada bilər. Nəzərə alsaq ki, Ermənistan ordusunun zabit heyətində hələ də “Qarabağ klanı”nın təsir imkanları var, əməkdaşlığı, sülhü pozmaq cəhdlərini də görə bilərik. Bu, artıq Ermənistan hökumətinin problemidir. Paşinyan revanşist səsləri yatıra bilməsə və Ermənistan sülh reallığını qəbul etməsə, Azərbaycanın dəmir yumruğu daim yerindədir və lazım olacağı təqdirdə güc variantı yenidən işə düşə bilər. Əslində Azərbaycanın “dəmir yumruğu”nun Paşinyanın müharibə istəməyən erməni cəmiyyətində mövqelərini gücləndirən amillərdən biri hesab edə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*