“Ermənistanın mina xəritələrini verməməkdə bir neçə məqsədi var” – Deputatbackend

“Ermənistanın mina xəritələrini verməməkdə bir neçə məqsədi var” - Deputat

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli müsahibət verib.

KONKRET.az həmin müsahibəni təqdim edir:

– Azər müəllim, məlum olduğu kimi, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev iyunun 4-də, Kəlbəcər rayon ərazisində mina partlaması nəticəsində həlak oldular. Müharibə başa çatıb, amma məğlub ölkənin Azərbaycan torpaqlarında gizlətdiyi “tələlər” can almaqda davam edir. Ermənistan minalanmış ərazilərimizin xəritəsini vermək, beynəlxalq birlik isə bu terrorçu dövlətə təzyiq etmək istəmir. Necə düşünürsünüz, mülki vətəndaşlarımızın ölümünün qarşısının alınması, Ermənistana qarşı beynəxlaq təzyiqlərin real müstəviyə keçməsi üçün hansı addımlar atılmalıdır?

– Öncə qeyd edim ki, düşmən ölkənin torpaqlarımızı işğal altında saxaladığı 30 ilə yaxın bir zaman kəsiyində, təkcə yaşayış məntəqələrimiz dağıdılmayıb, tarixi və mədəni irsimizi məhv edilməyib, terror dövləti olan Ermənistan Azərbaycan ərazilərini tank və piyada əleyhinə olan minaların poliqonuna çevrilib. Məhz bu səbəbdən, torpaqlarımızın minalardan təmizlənməsi kifayət qədər vaxt aparacaq. Ermənistan və bu ölkədəki hərbi cinayətkarların məqsədi azərbaycanlıların öz yurd yerlərinə qayıdışını əngəlləmək, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə mane olmaqdan ibarətdir. Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev öz xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar. Onların ailələrinə və bütövlükdə xalqımıza dərin hüznlə başsağlığı verirəm. Hər bir Azərbaycan vətəndaşının ölümü bizim üçün ağır itkidir. Öz xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin qətlə yetirilməsi isə söz və mətbuat azadlığının əhəmiyyətini anlayan bütün sivil bəşəriyyət üçün böyük faciədir.

Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməkdə isə bir neçə məqsədi var. Birincisi, bu, düşmənin xəritələri “alver” predmetinə çevirmək niyyəti ilə bağlıdır. Başqa bir səbəb isə odur ki, məğlub ölkə daha çox Azərbaycan vətəndaşının ölməsini və bütün bunların ölkəmizin daxili iştimai rəyinə neqativ təsir göstərməsini istəyir. Düşmənin başqa bir məqsədinin də işğaldan azad edilmiş Azərbaycan ərazilərində təxribat-diversiya əməlləri törətmək və bunu minalarla əlaqələndirmək niyyəti ilə bağlı ola bilər. Şübhəsiz ki, bütün ehtimallar müfaviq qurumlarımız tərəfindən nəzərdən keçirilir. Şübhə etmirəm ki, Kəlbəcərdə baş verən son hadisəyə istintaq aydınlıq gətirəcək və bu gün baş verənlərdən narahatlıq keçirənlərin bütün suallarına cavab tapacaq.

Ermənistana minalanmış ərazilərlə bağlı təzyiqlərə gəldikdə isə, bununla bağlı çağırışlar var. Elə dünən ona yaxın İtaliya deputatı və senatorlarının, Avropa Parlamentinin İtaliyadan olan deputatının Ermənistandan mina xəritələrinin təhvil verilməsinini tələb edən çağırışlarının şahidi olduq. Bu haqda həm İtaliya, həm də bizim mətbuat xəbərlər yaydı. Amma bu cür  çağırışlar Ermənistan üçün yetərli deyil. Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə biz bunun şahidi olduq.

– Azər müəllim, ötən həftə bir sıra mühüm hadisələrlə yanaşı, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə telefon zəngləri və verdikləri çox önəmli mesajlarla bağlı yadda qaldı. Necə düşünürsünüz, dünyanın iki mühüm güc mərkəzlərinin liderlərinin ölkəmizlə bağlı səsləndirdikləri fikirlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün hansı imkanlar yaradır?

– Həm Avropa İttifaqı, həm də Çin Azərbaycanla münasibətlərə böyük önəm verir. Bunu əsaslandıran başlıca amil isə, şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və ölkəmizi geosiyasi maraqların uzlaşdığı məkana çevirmək məharətidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizi dünyanın müxtəlif güc mərkəzlərinin qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlıq etmələrinə imkan yaradır, rəqabətin işbirliyinə keçməsini təmin edir. Bu baxımdan, işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən layihələrin də əməkdaşlıq üçün yeni imkanlar yaradacağını düşünürəm. Qarabağ Azərbaycanın ayrılmaz bir parçası kimi iqtisadi əməkdaşlığın genişlənməsinə yeni imkanlar açacaq ki, bu prosesdə həm Avropa İttifaqı, həm də Çin önəmli rol oynaya  bilər./Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*