ABŞ-nin nüfuzlu “Politico” saytı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilində problemlər yaranacağı ehtimalı ilə bağlı məqalə dərc edib.
Məqalənin tərcüməsini KONKRET.az oxucularının diqqətinə çatdırırıq.
“Fransa hakimiyyəti ölkədəki siyasi vəziyyətin Yay Olimpiya Oyunlarına kölgə salacağından ehtiyatlanır. Olimpiadanı təşkil etməyə hazırlaşan ölkə hazırda siyasi böhran yaşayır. Bu mənzərə həm daxili, həm də xarici siyasətdə buraxılan kobud səhvlərin nəticəsində yaranıb. Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibəsində Fransanın tutduğu mövqe, ictimai nəqliyyatla bağlı mübahisələr, Sena çayının sahillərinə səpələnən evsiz adamlar, qəzəbli kitab satıcılarının hakimiyyətdən narazılığı və fermerlərin aksiyası Fransadakı hakimiyyət böhranın dərinləşməsinin göstəricisir. Bütün bunlar növbəti Olimpiya Oyunlarını Parisdə keçirilməsini çətinləşdirir və təşkilatçıların işinə əngəllər törədir”.
Beynəlxalq Strateji Münasibətlər İnstitutunun direktoru Lukas Aubin bildirib ki, 1896-cı ildən bəri bütün Olimpiya Oyunları siyasi xarakter daşıyır: “Olimpiadalar bütün dövrlərdə böyük diqqət cəlb edib. Bunu soyuq müharibənin bitməsindən sonra da görürük. Paris Olimpiadası siyasiləşdirilmiş ən böyük idman yarışı olacaq”.
Olimpiadanın təşkilat komitəsinin prezidenti Tony Estanguet siyasətin tədbirin dominant mövzusuna çevrilməsini istəmədiyini deyib: “Düzdür, bu gün beynəlxalq vəziyyət gərgindir. Ancaq hər şey bizdən asılıdır. Yarışlar haqqında daha çox danışmalı, mövzunu siyasiləşdirməl cəhdlərinin qarşısı alınmalıdır”.
Başağrısı – İsrail və Həmas
Güman edilirdi ki, rusiyalı idmançıların yarışa buraxılıb-buraxılmaması ilə bağlı qərar siyasi başağrısı olacaq. Amma HƏMAS-ın İsrailə hücumu və Yaxın Şərqdə müharibənin alovlanması BOK-u yeni qərar qəbul etməyə sövq etməlidir. Fransalı basketbolçu Emili Qomis İsrail əleyhinə şərhlər yazdıqdan sonra 2024-cü il Paris Olimpiadasının səfiri vəzifəsindən çəkilmək məcburiyyətində qalıb. Rusiya idmançıları ilə bağlı qəbul edilən qərar çox güman ki, İsrailə də tətbiq edilə bilər. BOK-un nümayəndəsi “Politico”-ya bildirib ki, komitə vəziyyətin İsrail və Fələstin idmançılarına təsirini izləyir. Olimpiya Oyunlarında heç bir ayrı-seçkiliyə yer verilməyəcək.
Ölkə daxilində dram
Təşkilatçıları narahat edən təkcə qlobal münaqişələr deyil. İyulun 26-da Olimpiya məşəlinin alovlandırılmasına hazırlıqla bağlı daxili siyasət də ağırlaşıb. Olimpiada ərəfəsində Fransada qeyri-qanuni miqrantların infrastruktur tikintisinə cəlb edilməsi narazılıq yaradıb. Paris meri Ann Hidalqonun ictimai nəqliyyat infrastrukturunun Olimpiadaya qədər hazır olmayacağını deməsi də ciddi problemlərin baş verəcəyinə işarədir.
Bu arada, polis həmkarlar ittifaqları yüksək maaşlara və yaxşı iş şəraitinə nail olunmazsa, hakimiyyəti tətillə hədələyir. Onların şərtləri yerinə yetirilməsə, şəhərdə xaos yaranacaq. “Reuters” xəbər verir ki, Daxili İşlər Nazirliyi Olimpiada ərəfəsində Fransa paytaxtının imicini yaxşılaşdırmaq üçün açıq-aşkar təmizləmə işləri aparır, evsiz insanları şəhərdən çıxarır. Bu isə qeyri-hökumət təşkilatlarının qəzəbinə səbəb olur. Oxşar narazılıqlar yerli hakimiyyət orqanlarının Olimpiya işçilərini yerləşdirmək üçün 2024-cü ilin yayında tələbə mənzillərini müsadirə etmək qərarına gələndə də yaranmışdı. Tələbələrə kompensasiya olaraq 100 avro və Oyunlara iki bilet veriləcək.
Hidalqonun sörfinq yarışının keçiriləcəyi Taitiyə səfəri etirazlara səbəb olub. Paris meri dövlət vəsaitindən sui-istifadədə ittiham edilib və siyasi rəqiblərinin hücumuna məruz qalıb. Amma bu kifayət deyil. 400 min insanın qatılacağı açılış mərasimi ciddi təhlükəsizlik tədbirləri tələb edir. Lukas Aubin bildirib ki, müəyyən qruplar Olipiadada terror törətməyə cəhd edə bilər: “Deməli, açılış mərasiminə ciddi diqqət ayırılmalıdır. Bu, çox gərgin bir an olacaq”.
Sosial irs itirilir
Biletlərin baha olması ilə bağlı mübahisələr yaranıb. Parisin şimalındakı ən yoxsul departamentlərdən biri və stadionun yerləşdiyi ərazinin sakinləri yoxsulluq və işsizlikdən əziyyət çəkir. Sakinlər Olimpiya Oyunlarına milyonlarla vəsaitin xərclənməsinə qarşı çıxıblar.
14 min idmançının yerləşəcəyi Olimpiya kəndi məhz Sen-Saint-Denidə idarənin fəaliyyətini canlandırmaq və Parisin aşağı təbəqəsini daha müasir mənzillərlə təmin etmək üçün tikilib. Bununla belə, yerli “Le Parisien” qəzeti yazır ki, mənzillər çox bahadır. Sena boyunca kitab satanlar da Olimpiya Oyunları zamanı onların fəaliyyətinə icazə verilməyəcəyindən qəzəblənərək etirazlara başlayıblar. Mətbuatın təzyiqinə baxmayaraq, təşkilatçılar bu yay Olimpiya Oyunlarını daha sanballı keçirmək ümidini itirməyiblər. Bunu zaman göstərəcək”.
Vəli Həsənov,
KONKRET.az
