Ermənistanda 7 iyun tarixində keçirilən parlament seçkilərinin nəticələri ətrafında gərginlik davam edir. Rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçki nəticələrinin etibarsız sayılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, rəsmi nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası 49,81% səslə qalib elan olunub.
Karapetyanın bloku 23,29% səslə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın “Ermənistan Alyansı” 9,94% səs toplayıb, “Çiçəklənən Ermənistan” isə 3,996% nəticə ilə parlamentə düşmək üçün minimum baryeri keçə bilməyib.
Seçici fəallığı 58,97% təşkil edib.
Müraciət seçkilərlə bağlı Moskvanın sərt bəyanatlarından dərhal sonra gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova seçki prosesi ilə bağlı narazılıq ifadə edərək kampaniya və səsvermənin “sərt təzyiqlər və repressiyalar” şəraitində keçdiyini iddia edib.
Zaxarova həmçinin bildirib ki, təzyiqlər xüsusilə Rusiya ilə ittifaqa və Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT-yə inteqrasiyanı dəstəkləyən siyasi qüvvələrə qarşı yönəlib.
Moskvanın mövqeyi və Karapetyan blokunun müraciəti Ermənistanda seçkilərin legitimliyi ətrafında siyasi mübahisələri daha da gücləndirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
