Azərbaycan Ermənistandakı hərbi cinayətkarların ekstradisiyasını tələb edə bilər.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Fakt” nəşri məlumat yayıb.
“Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan demişdi ki, yaxın gələcəkdə Azərbaycan Qarabağ müharibəsinin əsas iştirakçılarının təhvil verilməsini tələb edə bilər. General qeyd etmişdi ki, Ermənistan hakimiyyətinin bununla razılaşmasını istisna etmir.
Və budur, 13 oktyabr tarixində Bakıda keçirilən məhkəmə iclasında Ermənistan Silahlı Qüvvələrinin məxfi sənədləri açıqlanıb. Daha doğrusu, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbərlərinin gizli əmrləri.
Xüsusilə də aşağıdakı məxfi əmrlər ictimailəşdirilib:
-
04.05.2016 tarixli, № 0119 – Yuri Xaçaturov (keçmiş Baş Qərargah rəisi),
-
24.12.2016 tarixli, № 016 – Movses Akopyan (keçmiş Baş Qərargah rəisi),
-
24.09.2019 tarixli, № 0261 – Artak Davtyan (keçmiş Baş Qərargah rəisi),
-
25.09.2020 tarixli, № 0671 – Kamo Vardanyan (keçmiş Müdafiə Ordusu komandanı).
Mövcud məlumatlara görə, Azərbaycan bu şəxslərə və başqa insanlara qarşı cinayət işi açmağa və onları beynəlxalq axtarışa verməyə hazırlaşır.
Hadisələrin bu cür inkişafına Ermənistan hakimiyyətinin necə reaksiya verəcəyi hələlik bəlli deyil”.
Azərbaycanın tələb edə biləcəyi hərbi cinayətkarlar arasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan, həmçinin sabiq müdafiə naziri Seyran Ohanyanın olacağı da istisna edilmir.
Xatırladaq ki, adları çəkilən cinayətkarlar 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. Onlar işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəllifləridir. Bu səbəbdən onlara qarşı Azərbaycanda cinayət işi açılıb.