Qarabağ mövzusu danışıqlar prosesində tamamilə yoxdur.
KONKRET.az xəbər verir ki, bunu sentyabrın 28-də mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib. O bildirib ki, danışıqlarda Qarabağ barədə bir kəlmə də danışılmır.
“Təəssüf ki, əvvəlki görüşümüz zamanı məhz bu zalda səsləndirdiyim bütün narahatçılıqlarım reallığa çevrilir. Hakimiyyət bu istiqamətdə vəziyyəti dəyişmək üçün heç bir addım atmır.
Fikrimcə, Qarabağ mövzusu danışıqlar prosesində tamamilə yoxdur. Söhbət Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından gedir.
Ermənistan-Azərbaycan münaqişəsi Qarabağ ətrafında idi. Qarabağ probleminin həlli ilə bağlı müəyyənlik və ümumi anlaşma olmadan bu münasibətlərin necə tənzimlənə biləcəyini bilmirəm. Ona görə də, əgər burada irəliləyiş varsa, o zaman Qarabağ məsələsində razılığa gəlinib”, – deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, “Arsax respublikası”, “öz müqəddəratını təyinetmə” və “suverenlik” ifadələrinin Ermənistan rəsmilərinin lüğətindən tamamilə silinməsi burada ciddi problemin olduğunu göstərir.
“Azərbaycan deyir ki, “Qarabağ məsələsi həll olunub, bu məsələdə sizinlə danışacaq heç nə yoxdur”. Bildiyimə görə, Ermənistan bu yanaşmaya qarşı mübarizə aparmır. Əslində, hər şey belə davam edərsə, o zaman sonrakı danışıqlar prosesi bu formatda olacaq: Bakı, Xankəndi və qismən də Moskva. Belə bir formatın nəticələri nələrdir? Mən bunu ekspertlərimizə, jurnalistlərimizə qiymətləndirməyi təklif edəcəm.
Qarabağda “hakimiyyət” müəyyən qədər bu vəziyyətə uyğunlaşıb. Təbii ki, bəyanatlarında öz müqəddəratını təyinetmə, suverenlik, respublikadan danışırlar, amma digər söhbətlərdə mövzu bir az fərqlidir.
Özünə bəraət qazanmağın yolu isə belədir: indi biz nə edək, Ermənistan əlini üzüb, insanları burada saxlamaq üçün hansısa çıxış yolu tapmaq lazımdır, bunu Azərbaycanla əməkdaşlıq etmədən etmək olmaz. Son zamanlar Qarabağ “hakimiyyəti” bunu böyük canfəşanlıqla edir. Bu müddət ərzində Bakıdan asılılıq ancaq artıb”, – deyə eks-prezident bildirib.
Koçaryanın fikrincə, yeni yol ilə yanaşı qaz xəttinin çəkilməməsi, elektrik dirəklərinin yerindən tərpənməməsi, köhnə yolda rabitə kabelinin qalması o qədər asılılıq yaradır ki, Azərbaycan istədiyi vaxt qarabağlıları “dalana dirəyə bilər”. Qarabağ “hakimiyyəti” üçün isə bu, Azərbaycanla nəyə görə əməkdaşlıq etməyin zəruriliyinin daha bir izahı olacaq.
Ən böyük təhlükə Qarabağın “dövlət qurumları”nın sıradan çıxarılmasıdır. Düşünürəm ki, onlar da buna getməyə çalışacaqlar, lakin texniki olaraq bunun üçün hansı yolu seçəcəklərini indidən söyləmək çətindir.
Fikrimcə, növbəti addım qeyd olunan istiqamətdə olacaq və məhz buna qarşı ilk növbədə Qarabağ xalqı, Qarabağın “hakimiyyət orqanları” Ermənistanın dəstəyi ilə mübarizə aparmalıdır.
Bütün sorğulara görə, xalqımızın 95 faizi Qarabağı Azərbaycanın tərkibində görmür, amma indiyə qədər ona qarşı mübarizə də aparmır. İnsanlar ya cavablarında qeyri-səmimidilər, ya da hələ də hakimiyyətin vədlərinə inanırlar”, – deyə Koçaryan fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
