Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri Azərbaycanla son gərginlik zamanı hərbi yardım göstərməkdən imtina etdilər. Bununla da təşkilatın nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirmədilər. Əvvəllər Moskvanın postsovet məkanında “inteqrasiya” alətlərindən biri kimi istifadə etdiyi KTMT indi üzvlərinin öz maraqlarını güddüyü formal birliyə çevrilib. Üstəlik, bu maraqlar çox vaxt rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşmür və formal “müttəfiqlərin” fikirləri sadəcə olaraq sayılmır.
Bəs görəsən hansı səbəblərdən Kremlin bloku yavaş-yavaş batır?
KONKRET.az xəbər verir ki, “Realist.online” bununla bağlı məqalə hazırlayıb və yuxarıda qeyd edilən fikirlərlə yazıya başlanılıb.
Kremlin Orta Asiyadakı rəsmi müttəfiqləri – Qırğızıstan, Özbəkistan və Qazaxıstan öz vətəndaşlarının Ukraynadakı müharibədə iştirakına qarşı çıxıblar. Qırğızıstanın Rusiyadakı səfirliyi Putinin “qismən səfərbərlik” elan etdiyi gün ölkə vətəndaşlarının xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə həbs olunacağı barədə xəbərdarlıq edib. Rusiyada yaşayan və hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb olunacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkələrinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunub. Muzdlu olmağa razılıq verən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə riski ilə üzləşirlər.
Oxşar mövqe Özbəkistan və Qazaxıstanın hakimiyyət orqanları tərəfindən də sərgilənib. Belə ki, Özbəkistanın Moskvadakı səfirliyi həmvətənlərini xarici dövlətlərin ərazisində könüllü batalyonlar yaratmamağa və hərbi əməliyyatlarda iştirak etməməyə çağırıb. Buna görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu, 10 ilə qədər iş kəsiləcəyini açıqlayıb. Qazaxıstanda isə belə bir cinayətə görə 9 ilə qədər həbs vəd edilir. Qazaxıstan və Qırğızıstan KTMT-nin fəal üzvləri olsa da, Özbəkistan 2012-ci ildə təşkilatdan çıxıb. “Qazaxıstan və Qırğızıstanın Kremlin “səfərbərliyinə” reaksiyası bir daha KTMT-nin “koma vəziyyətində” olduğunu göstərir. Bu vəziyyətin ilk göstəricisi blokun üzvlərinin Ermənistanın hərbi yardım tələbinə cavab verməkdən imtina etməsi olub. İkincisini, bu yaxınlarda Səmərqənddə keçirilən ŞƏT-in sammitində Çin rəhbərliyi Qazaxıstanın suverenliyini və bütövlüyünü dəstəklədiyini açıqladı. Bu barədə Situasiya Modelləşdirmə Agentliyinin rəhbəri Vitali Bala fikir bildirib.
Məqalədə Ermənistan və Azərbaycan arasındakı gərginliyə də toxunulur. “Ermənistanla Azərbaycan arasında növbəti gərginlik sentyabrın 13-də hər iki tərəfin bir-birini təxribatda ittiham etməsi ilə başladı. 30 ildən artıqdır ki, bölgədə vəziyyət qızışdığını nəzərə alsaq, ilk atəşi məhz kimin açdığını öyrənmək asan deyil. 2020-ci ilin payızında Ermənistan beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suveren ərazisi sayılan Dağlıq Qarabağ uğrunda müharibəni faktiki olaraq uduzdu. Qondarma “Artsax Respublikası” isə “DNR” və “LNR”in birbaşa analoqudur. İki il əvvəl Kremldən lazımi dəstək almayan İrəvan güzəştə getməyə məcbur oldu. Azərbaycan Türkiyənin dəstəyi ilə Dağlıq Qarabağ ərazisinin böyük hissəsini işğaldan azad edib. Ermənistanın formal olaraq hərbi müttəfiqi olan Rusiya qorxaqcasına “vasitəçi” mövqeyini tutub” – məqalədə belə deyilir.
“Ermənistan və Azərbaycan arasındakı diplomatik çəkişmələr proqnozlaşdırılan atışma ilə başa çatdı, lakin bu dəfə İrəvana görə, Ermənistan ərazisindəki yaşayış məntəqələri hücuma məruz qalıb. Nikol Paşinyan Vladimir Putinə zəng vuraraq KTMT çərçivəsində rəsmi yardım istəyib. Təşkilat üzvlərinin rəsmi görüşündə İrəvan ümumi dəstək sözlərindən başqa heç nə almayıb. Qazaxıstan Xarici İşlər Nazirliyi hətta Ermənistanın tələblərinin təşkilatın nizamnaməsinə daxil olmadığını bəyan edərək, İrəvanı xarici təcavüzün qurbanı saymadığına qeyri-rəsmi eyham vurub. Demək, Azərbaycanla sərhədin demarkasiyasını vaxtında razılaşdırmaq lazım idi”.
Ermənistan KTMT-yə qarşı
Nəticədə Ermənistanı yalnız ABŞ fəal şəkildə dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfər edib və burada demokratiyanı, Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, həmçinin Azərbaycan və Türkiyənin hərəkətlərini pisləyib. Maraqlıdır ki, Nensi Pelosinin gəlişi günü İrəvanda KTMT-dən çıxmaq tələbi ilə nisbətən böyük miqyaslı mitinq keçirilib, Ermənistan paytaxtından Rusiya bayraqları və Putinin şəkli olan açıq reklamlar operativ şəkildə yığışdırılıb. ABŞ Dövlət Departamentinin bəyanatı isə daha təmkinli olub. Departamentin rəhbəri Entoni Blinken tərəfləri mümkün qədər tez dialoqa başlamağa çağırıb. Sentyabrın 19-da onun vasitəçiliyi ilə Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş keçirilib.
“Pelosi, ilk növbədə, öz partiyasının mövqeyini gücləndirir. Bundan əlavə, Vaşinqton sadəcə olaraq KTMT-nin zəifliyini və onun mənasızlığını vurğulamaq üçün Kremlin bu kobud səhvindən istifadə etməyə borclu idi. Baxmayaraq ki, hazırda Paşinyanla hakimiyyət uğrunda mübarizə aparan və onu hər cür tənqid edən “Qarabağ klanı”nın fəallığına görə” Ermənistanın KTMT-dən çıxması ehtimalı azdır – Dünya Siyasəti İnstitutunun rəhbəri Yevgeni Maqda Realist.online-a açıqlamasında belə deyib.
İndiki vəziyyətdə Ermənistan və Rusiya rəhbərliyindən başqa hamı qalib gəlir. ABŞ Moskvaya diplomatik və hərbi-siyasi uğursuzluğunu bir daha göstərmək fürsəti əldə edib. Azərbaycan və Türkiyə İrəvanın tək olduğunu görərək öz maraqlarını təbliğ etmək üçün güc tətbiqini sınaqdan keçirir. Doğrudur, Pelosinin səfərinin mühüm simvolik əhəmiyyəti var, lakin ABŞ-ın xarici siyasətini ölkə Konstitusiyasına görə, Ağ Ev və Dövlət Departamenti müəyyən edir. Türkiyə isə NATO üzvüdür və Vaşinqton üçün kritik əhəmiyyət kəsb edən məsələlərdə Alyansla birlikdə addım atır. Məhz bu səbəbdəndir ki, İrəvan son nəticədə sivil ölkələrdən “dərin narahatlıq”dan başqa heç nə eşitməyib. Kollektiv Qərb Azərbaycanın və ya Türkiyənin hərəkətlərini pisləyə bilər, amma heç kim onlarla ciddi münaqişəyə girməyəcək. Nəticədə hər tərəfdən dost olmayan dövlətlərin əhatəsində olan Ermənistan bezdiyi Rusiyanın yanında qalmağa məcbur olur.
“Ermənistanın bu və ya digər şəkildə güclü müttəfiqi olana qədər rəsmi İrəvan Rusiyaya nəzər salmağa məcbur qalacaq”, – ukraynalı xarici siyasət üzrə ekspert İqar Tışkeviç deyib.
Müvafiq olaraq, bütün KTMT dövlətləri Kremlin mövqeyini nəzərə almağa məcburdur. Qalan iştirakçılar – Qırğızıstan və Qazaxıstan isə deyəsən, Çinə doğru sürüklənir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
