Makron Putinə intiqam şansı verdi: Fransa Minsk Qrupunu “tabuta” qoydu, Türkiyə və Rusiya isə “dəfn” edirbackend

Makron Putinə intiqam şansı verdi: Fransa Minsk Qrupunu “tabuta” qoydu, Türkiyə və Rusiya isə “dəfn” edir

Rəsmi Parisin buraxdığı geopolitik səhvlər Kreml sahibinin əlini gücləndirib və Rusiyaya Fransadan “sanksiya qısası” üçün geniş imkanlar açıb…

Türkiyə-Rusiya geopolitik ortaqlığının Cənubi Qafqazda həlledici xarakter daşıyacağı qətiyyən şübhə doğurmur…

Fransanın regional proseslərə müdaxilə imkanlarının məhdudlaşdırılması, rəsmi Parisin bəyanat və açıqlama mərkəzi roluna sıxışdırılması anlamına gəlir…

Fransanın son davranışları, xüsusilə də, Senatın məlum qətnaməsi maraqlı situasiya yaratdı. Belə ki, rəsmi Paris Cənubi Qafqazda “düşərgə” qurmaq istəyirdi. Və Ermənistanın 10 noyabrda imzaladığı kapitulyasiya sənədi ona əngəl törətdi.

Belə ki, Paris həmin sənədin imzalanmasından sonra Fransanın Cənubi Qafqazda ssenariləşdirməyə çalışdığı “düşərgə” qurmaq şansının “əlindən sürüşüb çıxdığını” anladı. Vəziyyəti düzəltmək üçün tez-tələsik əks həmlə qərarı verdi.

Halbuki tələsik qəbul edilmiş qərarlar və mümkün nəticələri yaxşı düşünülmədən atılmış addımlar həmişə ciddi səhvlərə yol açır. Fransanın da başına bu gəldi. Senatda ermənipərəst qətnamənin müzakirəsi zamanı sanki bir anda ayılmağa başladılar.

Dərhal Fransa Xarici İşlər Nazirliyi bu sənədin rəsmi Parisin mövqeyini əks etdirmədiyini bəyanladı. Fransanın qondarma və separatçı qurumu tanımadığını, belə bir niyyətinin olmadığını xüsusi olaraq, vurğuladı.

Ancaq “ox yaydan çıxmışdı” və Fransa adından olduqca ciddi, həm də düzəldilməsi çətin görünən geopolitik səhv buraxılmışdı. İndi bu səhv bütün geopolitik istiqaməklər üzrə Fransanın əleyhinə işləməyə başlayıb.

Birincisi, Fransanın ticari-iqtisadi əməkdaşlığı cəmisi 100 milyon dolları belə, aşmayan Ermənistan ucbatından Azərbaycanla münasibətlərində ciddi suallar yarandı. Halbuki Fransanın Azərbaycanla ticari-iqtisadi əməkdaşlığının ümumi həcmi iki milyard dollardan artıqdır.

İkincisi, rəsmi Bakının reaksiyasi olduqca aşağılayıcı oldu. Prezidentin köməkçisi Hikmət Hacıyev Senatda qəbul edilən sənədi sadəcə, “əhəmiyyətsiz kağız parçası” adlandırdı. Yəni, rəsmi Bakı Fransa Senatının qətnaməsini “əsdi, bir kənara tulladı”. Bununla da Fransanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu.

Üçüncüsü, həmin sənəd Türkiyə və Rusiyanın geopolitik mövqelərini möhkəmləndirdi. Hətta hazırda Kremldə Rusiyanın Cənubi Qafqaz siyasətini yönləndirənlərin bundan məmnun olduqları qətiyyən şübhə doğurmur. Və Kremlin Fransa Senatının qətnaməsini Rusiyanın geopolitik maraqları çərçivəsində istifadə edəcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, həm Türkiyə, həm də Rusiya üçün geopolitik oyunların yenidən qurulması baxımından, ATƏT-in Minsk Qrupu həmsədrləri formatı müəyyən əngəlləyici faktor rolunu oynaya bilərdi. Bundan sonra həmin əngəlin öz əhəmiyyətini itirdiyini düşünmək olar.

Belə ki, Fransa özünün ermənipərəst və Azərbaycana qarşı qərəzli dövlət olduğunu rəsmən təsdiqləmiş oldu. Deməli, belə bir qərəzli ölkə Azərbaycana aidiyyatı olan hər hansı problemin həllində vasitəçilik missiyasını yerinə yetirməsi yolverilməzdir. Və BMT-nin Azərbaycanın dövlət sərhədlərini təsbit edən sənədlərini kobud şəkildə pozan Fransanın Minsk Qrupundakı təmsilçiliyinin şübhə altına düşməsiylə, həmsədrlik formatı da öz əhəmiyyətini itirmiş oldu.

Əslində, son vaxtlara qədər Minsk Qrupu onsuz da “çürüməkdə olan cənazə” hesab olunurdu. Fransa Senatının qətnaməsi ilə rəsmi Paris Minsk Qrupunu artıq “tabuta qoydu”. Və tezliklə birdəfəlik “dəfn mərasimi”nin keçirilməsi artıq qaçılmazdır. “Dəfn mərasimi”nin təşkili isə Rusiya-Türkiyə regional ortaqlığının üzərinə düşəcək.

Əminliklə demək olar ki, Rusiya bundan maksimum səviyyədə istifadə edəcək. Belə ki, Fransa prezident Emmanuel Makron son illərdə dəfələrlə Kreml sahibi Vladimir Putinin yolu üzərində “qara pişik” rolunu oynayıb.

Hər halda, Avropa Birliyinin Rusiyaya qarşı sanksiya tətbiq etməsində Fransa xüsusi canfəşanlıq etmişdi. Eyni zamanda, “Novalni qalmaqalı” və Belarusda seçkisonrası yaranmış böhranlı situasiya ələ bağlı Rusiyanı hədəf alan Avropa Birliyi ölkələrinin liderləri sırasında Fransa prezidenti E.Makron xüsusi fəallığı və sərt bəyanatları ilə ön plandaydı. Bu sıraya rəsmi Parisin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərini də əlavə etmək olar.

Şübhəsiz ki, həmişə öz təmkinli mövqeyi ilə seçilən və beynəlxalq rəqiblərin səhvlərini səbrlə gözləməyi bacaran prezident V.Putin bütün bunları unutmayıb. İndi rəsmi Parisin buraxdığı geopolitik səhvlər Kreml sahibinin əlini gücləndirib və ona siyasi intiqam şansı verib.

Böyük ehtimalla Kreml intiqamı Azərbaycan-Ermənistan qarşıdurmasında vasitəçilik missiyasının formatını dəyişdirməklə almağa çalışacaq. Belə ki, “Cənubi Qafqazın korbağırsağı”nın kəsilməsi əməliyyatında yeni format çərçivəsində fəaliyyətə üstünlük veriləcək. Yəni “2+2” formatının rəsmiləşdirilməsi qarşısında artıq elə bir ciddi əngəl qalmamış kimi görünür.

Bu baxımdan, yaxın gələcəkdə Azərbaycan-Ermənistan qarşıdurmasının nizamlanması prosesində Türkiyə-Rusiya geopolitik ortaqlığının həlledici xarakter daşıyacağı qətiyyən şübhə doğurmur. Bu isə Fransanın həmin prosesə müdaxiləsini istisna etməklə yanaşı, həm də rəsmi Parisin bəyanat və açıqlama mərkəzi roluna sıxışdırılması anlamına gəlir.

Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, artıq Cənubi Qafqazda əsas siyasi iradə sahibləri rolunda sadəcə, Azərbaycan, Türkiyə və Rusiya çıxış etmək şansı qazanacaqlar. Bu üç dövlətdən başqa regiona aidiyyatı olmayan digər ölkələrin, o cümlədən də, Fransanın Cənubi Qafqaza münasibətdə söz sahibi olmaq imkanları əhəmiyyətini itirmiş olacaq.

Fikrimizcə, bu, Cənubi Qafqaz üçün yeni geopolitik situasiyadır. Ən önəmlisi də odur ki, Türkiyə artıq Cənubi Qafqazda tam yerləşmək üzrədir. Bu regionun gələcək taleyi ilə bağlı qərarlar rəsmi Ankaranın siyasi iradəsinin iştirakı ilə veriləcək. Və hazırda buna qarşı əngəl törədə biləcək hər hansı beynəlxalq iradə mərkəzinin ola biləcəyi qətiyyən inandırıcı görünmür.

Bu baxımdan, yaxın gələcək üçün Cənubi Qafqazın inkişaf perspektivlərinin yeni situasiyaya uyğun istiqamətlər ala biləcəyi şübhə doğurmur. Bu perspektivlərin Azərbaycanın dövlət maraqları çərçivəsində inkişaf edəcəyi də artıq bəzi əlamətlər sayəsində müşahidə edilməyə başlayıb.

Elçin Xalidbəyli,
Siyasi ekspert

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*