Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsinin ləğv edilməsi vətəndaşlar arasında müəyyən narahatlıq yaradıb. Bir çox sürücülər yaxın zamanda buna görə cərimə oluna biləcəklərini düşünür və yeni qaydanı faydasız hesab edirlər. Baş Dövlət Yol Polisi isə bildirir ki, dəyişiklik yalnız yeni hazırlanacaq nömrələrə aiddir və mövcud nömrələrin dəyişdirilməsi tələb olunmur.
Yeni standartlara keçid sürücülər üçün əlavə problem yarada bilırmi? Ümumiyyətlə, bu qaydanın hansı əhəmiyyəti var? Zərurət nə idi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, dövlət qeydiyyat nişanları ilə bağlı dəyişiklik yalnız yeni çipsiz və defissiz nömrələrin verilməsini əhatə edir:
“Bundan əlavə, iki hərf və altı rəqəmdən ibarət yeni nömrələrin veriləcəyi də açıqlanıb. Məsələn, əvvəli və sonu 777 olmaqla, orta hissəsi istənilən hərflərlə formalaşan nömrə kombinasiyaları mümkün olacaq. Lakin defisin ləğvi məsələsinə görə müəyyən çaşqınlıq yaranıb. Sürücüləri xüsusilə köhnə nömrələrin taleyi maraqlandırır. Məntiqlə yanaşdıqda, həmin dövrdə standart defisli nömrə verilibsə, bu qaydanın pozulmaması gözlənilir. Digər tərəfdən, bu gün verilən nömrələr defissizdirsə, əvvəlki dövrdə kimsə defisi ağardıbsa, bunun üçün cərimələnmənin nə dərəcədə əsaslı olduğu sual doğurur. Hazırda bu, müəyyən ziddiyyət yaradan məsələdir və görünür, bir müddət problem olaraq qalacaq.

Elməddin Muradlı
Yol polisinin yaranmış situasiyanı nəzərə alması daha məqsədəuyğun olardı. Məsləhətdir ki, defisi dəyişmək və ya ağartmaq istəyən sürücülər bunu kustar üsullarla etməsinlər. Rəsmi qaydada nömrəni dəyişdirmək həm daha rahat, həm də daha təhlükəsizdir. Çünki defisin ağardılması müəyyən hallarda çətinlik və anlaşılmazlıq yarada bilər. Yeni qərarın başqa üstünlüyü və ya əlavə faydası yoxdur”.
Ekspert qeyd edib ki, hazırda avtomobillər çoxaldığına görə nömrə çatışmazlığı mövcuddur:
“Görünür, buna görə üçrəqəmli seriyalara keçid edilir. Yeni avadanlıqlar gətirilib və onlar çipsiz, defissiz nömrələrin çapını təmin edə bilir. Üstəlik, artıq çipə də ehtiyac qalmayıb, çünki xüsusi texniki vasitələr nömrələri istənilən formada, hətta uzaq məsafədən belə rahat şəkildə oxuya bilir”.
