XƏBƏRDARLIQ: Bu burun damcıları ciddi fəsadlar yarada bilərbackend

XƏBƏRDARLIQ: Bu burun damcıları ciddi fəsadlar yarada bilər

Havaların soyuması ilə ölkədə soyuqdəymə və qrip hallarının artması müşahidə olunur. Bu vəziyyət bir çox insanın burun tutulmasını aradan qaldırmaq üçün tez-tez burun damcılarına müraciət etməsinə səbəb olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanların nəzarətsiz istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hazırda respirator infeksiyalar sürətlə yayılır və buna bağlı olaraq burun damcılarına tələbat da artıb.

Tibb təhsilinin müddəti ilə bağlı VACİB AÇIQLAMA: Azaldılacaq? | KONKRET

Həkimin sözlərinə görə, bu damcılar burundakı damarları sıxaraq axıntını azaldır və nəfəs almanı rahatlaşdırır. Lakin onların yanlış və çox istifadəsi arzuolunmaz fəsadlar yaradır:

“Ən çox rast gəlinən əks təsirlər burunda quruluq və yanma hissidir. Çox istifadədə isə asılılıq yaranır. Dərmanın təsiri keçdikdən sonra burun daha da çox tutulur ki, bu vəziyyətlə tez-tez qarşılaşırıq”, – deyə Lətifova bildirib.

O, qeyd edib ki, uzunmüddətli və nəzarətsiz istifadə burunun selikli qişasında zədələnmə və iltihabi proses – xroniki rinit yarada bilər.

Həkim həmçinin daha ciddi fəsadlara diqqət çəkib:

  • baş ağrıları
  • ürək döyüntüsünün sürətlənməsi
  • qan təzyiqinin yüksəlməsi
  • yuxusuzluq və əsəbilik
  • uşaqlarda huşun itməsi və hətta tənəffüs dayanması

Mütəxəssis xəbərdarlıq edir ki, vəziyyət ağırlaşmaması üçün burun damcılarından gün ərzində maksimum bir-iki dəfə istifadə olunmalıdır.

“İnsanlar bu dərmanlardan sui-istifadə etməsinlər. Həddindən artıq istifadənin yaratdığı fəsadlarla tez-tez qarşılaşırıq”, – deyə həkim əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*