Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı Azərbaycan səfirliyinin və digər obyektlərin hədəfə alınması iddiası ilə bağlı açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ukraynadakı Azərbaycan obyektlərinə qarşı hücum iddiası həqiqətə uyğun deyil.
O, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.
“Rusiya tərəfi Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyi ilə bağlı baş verən hadisədən təəssüfünü bildirib və bu məsələ ilə bağlı Bakının xahişini nəzərdən keçirir. Mövcud məlumatların araşdırılması nəticəsində Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə dəyən ziyanın çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin nasazlığı və “Patriot” raketinin zərbəsi nəticəsində baş verdiyi müəyyən edilib”.
Söhbət zamanı Rusiya tərəfi həmçinin Kiyev rejiminin beynəlxalq humanitar hüququ pozaraq yaşayış məntəqələrində hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi qurğular yerləşdirməyə davam etdiyinə və bununla da mülki əhalini təhlükəyə atdığına diqqət çəkib.
Müşviq Tofiqoğlu
KONKRET.az
