Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.
KONKRET.az xəbər verir ki, Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar sırasında “hakimiyyətin zorla ələ keçirilməsi” daha çox diqqət çəkir. Təbii ki, dövlət çevrilişini 87 yaşlı Ramiz Mehdiyev təkbaşına həyata keçirə bilməzdi, bunun üçün böyük bir komanda olmalıdır. Buna görə də nəzərlər bir vaxtlar Ramiz Mehdiyevin əsas kadrları hesab edilən şəxslərə dikilib.
Bu baxımdan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün paylaşımı maraqla qarşılanıb. O, Rəbiyyət Aslanovanın Ramiz Mehdiyevin yardımı ilə deputat seçilməyi barədə yazıb.
O.Gündüzün sözlərinə görə, 2005-ci ildə parlament seçkiləri ərəfəsində məhz Rəbiyyət Aslanovanın seçilməsi üçün onun namizədliyi ləğv olunub və bunun üçün də Ramiz Mehdiyev ciddi təzyiqlər göstərib:
“Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər mənim deputat seçilməyimi təbrik edirdilər. Elə həmin arada xəbər çıxdı ki, rayonun icra başçısını Ramiz Mehdiyev Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi.
Rayonda ciddi gərginlik yarandı. Mənim adımın seçki bülletenində olmasının ciddi nəticələr verəcəyini düşünərək Dairə Seçki Komissiyası, təbii ki, yuxarıdan əmrlə, mənim namizədliyimin ləğvinə qərar verdi. Motiv də bu oldu ki, mənim kənddə olan hansısa bir nümayəndəm seçicini ələ alıbmış.
Ali Məhkəmədən çağırış gəldi və 5 dəqiqəlik məhkəmə ilə namizədliyim ləğv edildi”.
Adı illərdir Ramiz Mehdiyevin adamı kimi hallanan Rəbiyyət Aslanovanın bu məqamda Teleqraf-a açıqlamasında “olduqca həssas” davranması da “anlayışla” qarşılana bilər. belə ki, R.Aslanova Ramiz Mehdiyevin dövlətə xəyanət maddəsi ilə ittiham olunmasından məlumatlı olduğunu bildirir və sözügedən məsələyə “yalnız rəsmi qərar olduqdan sonra” şərh verə biləcəyini qeyd edir:
“Kifayət qədər yaşım var, indiyədək çox məlumat eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra münasibət bildirə bildirəm. Hazırda, bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə bağlı isə prosesin sonunu – rəsmi qərarı gözləmək lazımdır”.