Məzunlar məcburi şəkildə hərbi xidmətə aparılırlar – Tacikistanda nə baş verir?backend

Məzunlar məcburi şəkildə hərbi xidmətə aparılırlar - Tacikistanda nə baş verir?

Tacikistan Dövlət Tibb Universitetinin bir qrup məzunu dövlət imtahanı zamanı birbaşa universitetdən məcburi şəkildə hərbi xidmətə göndərilib.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə mayın 30-da “Ozodi” (“Azadlıq” radiosunun tacik xidməti məlumat yayıb.

Bildirilir ki, “Ozodi” redaksiyasına bu universitetin tələbələrindən “basqın”ın mayın 29-da baş verdiyini əks etdirən bir neçə video və foto təsdiqi daxil olub.

Əbdürrəhman adlı əcnəbi tələbə deyir ki, “yerli uşaqlar imtahanlarını verib çıxmağa başlayarkən onları tutub maşınlara mindirib aparıblar.

Təhsil müəssisəsinin rəhbərliyi tələbələrin zorla aparıldığı barədə məlumatı təkzib edərək, “21 məzunun könüllü olaraq hərbi xidmətə getdiyini” bildirib.

Qeyd olunur ki, məzunların daha sonra məcburi hərbi xidmətə göndərilməsinə görə ali məktəblərdən vaxtından əvvəl xaric edilməsi ilə bağlı şikayətlər digər təhsil ocaqlarından da daxil olur.

Mayın 26-da analoji hadisə Boxtar Dövlət Universitetində də baş verib. Məzun tələbələri imtahandan sonra zorla hərbi komissarlığa aparılıblar.

Lakin hakimiyyət bu məlumatı qətiyyətlə təkzib edir, universitet məzunlarının “könüllü olaraq” hərbi xidmətə getdiyini deyir. Mənbələr sözlərini təsdiqləmək üçün video və fotoları dərc edirlər.

Qeyd edək ki, iki həftə əvvəl Xucənd Politexnik İnstitutunun 200-ə yaxın tələbəsinin könüllü olaraq hərbi xidmətə yola salınması ilə bağlı video yayılıb. Kulyab Universitetinin rəhbərliyi onu da bildirib ki, bu ali təhsil ocağının 73 məzunu imtahanlarını vaxtından əvvəl verərək könüllü olaraq silahlı qüvvələrdə xidmətə başlayıblar.

Tacikistanlı hüquqşünas Müzəffər Bobodjonov deyir ki, məzunların imtahan verməmiş və dissertasiya müdafiə etməmişdən əvvəl zorla göndərilməsi qanuna ziddir.

“Məzun yalnız dövlət imtahanını verdikdən və dissertasiya müdafiə etdikdən sonra xidmətə çağırılmalıdır. Qanunda deyilir ki, belə hallarda tələbələrin hərbi xidmətə çağırışdan möhlət hüququ var. Şikayətlər oldu, bizimlə əlaqə saxlayanlara izah etdik ki, çağırışdan möhlət hüququna hörmət edilməsini tələb etsinlər. Əgər sizin bu hüququnuz pozulubsa, hərbi prokurorluğa müraciət edə bilərsiniz”, – deyə vəkil izah edib.

Əvvəllər universitet professorlarından hakimiyyət orqanlarının onlardan hərbi xidmətə çağırış planını yerinə yetirmələrini tələb etməsi ilə bağlı şikayətlər olurdu.

Məlumat üçün bildirək ki, Tacikistanda yaz hərbi xidmətə çağırış apreldə başlayıb və mayın 31-də başa çatacaq.

Səlahiyyətlilər orduda könüllülərin sayının ildən-ilə artdığını bildirsə də, sakinlər yeni üsullardan istifadə edərək məcburi hərbi xidmətə çağırma hallarının getdikcə daha çox olduğunu deyirlər.

Bundan əvvəl Tacikistanın Müdafiə Nazirliyi dəfələrlə məcburi hərbi çağırış praktikasını dayandıracağına söz versə də bu xoşagəlməz hal davam edir.

Tacikistan İslam Mərkəzinin Üləmalar Şurası da tələbələri hərbi xidmətdən yayınmamağa çağırıb, imamlar hətta ev-ev gəzib əsgərlik yaşında olan insanları təşvişə salmağa məcbur olublar.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*