backend

Moskvada ermənilər restorana getməyə niyə utanırlar?

Dünən Robert Koçaryanın məhkəməsi olub. Məhkəmədə söz verilən Koçaryan öz qəhrəmanlığından- Şuşanı, Kəlbəcəri almağından, indiki hakimiyyətin isə bu yerləri təhvil verməsindən danışıb.

Düşmənin ağına da lənət, qarasına da, amma Ermənistanın dövlət başçıları içərisində Azərbaycana Koçaryan qədər qəddar, vəhşi münasibət göstərəni olmayıb. Paşinyan hakimiyyətini tənqid edən Koçaryanın məhkəmədəki bu sözləri isə ermənilərin dünyanın hər yerində eyni vəziyyətdə olmasının real  mənzərəsini göstərir.

Koçaryan: “Dövlətçiliyi ləkələdilər. Sizin inqilabın əsas şüarı “qürurlu vətəndaş” idi. Ermənistan tarixində bu qədər alçaldılmış vətəndaş olmayıb. Moskvada ermənilər restorana getməyə utanırlar ki, birdən azərbaycanlılarla rastlaşarlar.  Və hər şey bu cinayət işi ilə başladı. Bunu anlamırıqsa, alçaldılmış vəziyyətdə qalacağıq”.

Açığı, 27 sentyabrdan əvvəl Koçaryanın mühakimə olunması, bir müddət həbsə salınması, bu qatilin cəzalanması azacıq da olsa təsəlli yaradırdısa, qələbəmizdən sonra  bir-birini ittiham və mühakimə edən düşmənin bir millət və dövlət olaraq alçalmış vəziyyətə düşdüklərini etiraf etməsi.., bizim üçün qürurvericidir.  Yalnız Moskvada deyil, ABŞ-da, Kanada da, Avropa ölkələrində, xüsusilə postsovet məkanında  ermənilər eyni məkanda bizimlə rastlaşmaqdan çəkindiklərini etiraf edirlər.

Bu 30 illik işğal zamanında, gör bizlər nələr çəkmişik. Dörd il əvvəl yazdığım “ İt qanının yaşı” yazımı xatırladım (https://www.moderator.az/news/164309.html) . Bal ayını başqa şəhərdə keçirməyə gedən gənclərimizə ermənilərin restoranda yaşatdıqları ağır psixoloji zərbə haqqında idi.   İndi çərləmək, qanı itin qanına dönmək növbəsi düşmənindir. Bu, əbədi olaraq belə olacaq, Koçaryanın sözləri ilə desək-” alçaldılmış vəziyyətdə qalacaqlar”.

Düşmən bu vəziyyətdən çıxmaq üçün çaşqın halda hər vasitəyə əl atır, çarə axtarır və çarəni həmişə olduğu kimi özlərində deyil, özgə qapılarında boyun büküb bizi hədəf göstərməkdə tapırlar. Onlar tarixən bu xislətin sahibidirlər. 30 il əvvəl də, 44 günlük müharibə dönəmində də, bu gün də düşmənin üz tutmadığı qapı qalmayıb. Və guya qapılardan biri də bu gün andiçmə mərasimi keçirilən , yeni çeçilmiş ABŞ prezidenti Baydendir. Erməni diasporası da, Nikol Paşinyan da zənn edirlər ki, Bayden rəsmi fəaliyyətə başlayan kimi Qarabağın statusunu həll edəcək. Rusiya ilə Qərb arasında çabalayan Paşinyan xəyalında özünü Ağ evin Oval kabinetində qəbul olunduğunu  görür.

Düşmən məğlub olsa da, vurnuxur, vəziyyətdən çıxmaq istəyir. Deməli, qələbə sevincimiz eyforiyaya çevrilməməli, ehtiyatlı olmalıyıq.  Geniş xalq kütləsi bu sevinci yaşasın, bayram etsin, bu belə olmalıdır, amma hər kəsin öz missiyası var, o cümələdən siyasilərin  də. İşin də adı hələ də Qarabağda bayrağı, silahlı qüvvələri, səlahiyyəti olan qondarma , cinayətkar separatçı rejimin fəaliyyətinə son verib, öz bayrağımızı, öz süverenliyimizi  torpaqlarımızda tam bərpa etməkdir. Düşmənin 3 min kv.kilometr ərazimizdə azacıq da olsa nəyəsə  nail olması onun dirçəlişi deməkdir, bu isə yeni problemlər deməkdir.

Nəzərə almaq lazımdır ki, məğlub olanda da ( 1994), qalib olanda da (2020) atəşkəs imzalanıb, kapitulyasiya yox, ona görə də problem həll olunmamış qalıb. Hətta , yeni problem yaranıb. Əgər əvvəlki atəşkəsdən sonra düşmənlə təkbətək qalmışdıqsa, indi qarşıda Rusiya sülhməramlıları da var və məsələnin qəliz tərəfi də onların mərkəzdə dayanıb hər iki tərəfə, yumşaq desək, nəzarət  etməsidir. Son atəşkəsdə qalib olduğumuz üçün azad edə bilmədiyimiz torpaqlar üzərində suverenliyimizi bərpa etmək imkanlarımız daha çoxdur, amma bu imkanın zaman məsafəsi uzandıqca ( bu gün baş verənlər göstərir ki, uzanma ehtimalı çoxdur) bölgədə perspektiv qlobal siyasi proseslərin təsirinin bizim maraqlarla üst-üstə düşəcəyi indidən böyük suallar yaradır. Düşmənin indiki zəif vəziyyətindən maksimum istifadə etmək və problemin bir daha qalxmaması üçün vaxtında tədbirlər görmək və qətiyyətli olmaq lazımdır.

Azərbaycan rəsmiləri bu gün nəzarət edə bilmədiyimiz ərazilərimizdə baş verən və cəmiyyəti narahat edən məsələlər barədə vaxtında məlumat verməlidirlər. Qarabağda istər sülhməramlıların, istərsə də separatçı rejimin əməllərinə rəsmilərimizin dilindən münasibət bildirilməyəndə cəmiyyətdə böyük narahatlıq və narazılıq yaranır.  Narahatlıq yaradan  məsələlərə  cəmiyyətdə nüfuzu olmayan,  əksinə  şəxsiyyəti ikrah doğuran qeyri-rəsmi  şəxslərin  çıxıb televiziyalardan  “hər şey yaxşı olacaq” söyləməsi əks effekt verir. Və belələrindən biri dünən televiziya ekranından  “mənim informasiyam var, yaxın günlərdə filan-filan işlər olacaq”  deyəndə.., sual yaranır:  rəsmilərə aid olan məlumatı ola bilməzmi ki, elə dövlət rəsmisi özü cəmiyyətə bildirsin? Axı, maraqlarımıza cavab verən rəsmi mövqe düşmənə də təsir edir və onun indiki çıxılmaz durumunu daha da ağırlaşdırır,  torpaqlarımızda perspektiv planlar qurmaqdan çəkindirir.

Qarabağdakı Ermənistan silahlı qüvvələrinin torpağımızdan çıxarılmasından tutmuş, Laçın dəhlizindəki dövlət sərhədinə nəzarət, Yuxarı Qarabağa köçkünlərimizin qaytarılması, Ağdam-Şuşa və Tərtər-Kəlbəcər yolunun açılması və sairə  problemlərə dövlət  münasibət bildirməlidir,  hansısa ştatlı yarınanlar yox.

Düşmən dünyanın dörd bir tərəfində restorana gedib bizimlə rastlaşmaqdan çəkinir, sıxılır. Deməli, bu psixoloji durumu dəyərləndirib naməlum gələcəkdə deyil, yaxın zamanda  tezliklə Xankəndinə, Xocalıya köçmək lazımdır. Nəticəsini görəcəyik.

İlham İsmayıl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*