Tarixin ən amansız müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) uzun müddət bütün beynəlxalq münasibətlər sisteminin mərkəzi rolunu oynayıb. Belə ki, təşkilat dünyada nüfuz sahibi olub və öz funksiyalarının öhdəsindən uğurla gəlib.
KONKRET.az xəbər verir ki, bu yazıda məqsəd BMT-nin əməliyyatlarının nə dərəcədə uğurlu olub-olmadığı haqda təfərrüatlara varmaq deyil. Əsas məsələ BMT-nin mövcudluğunun təcrübəsini öyrənmək və bu haqda müəyyən analizlər aparmaqdır. Öncəliklə qeyd etmək lazımdır ki, təşkilatın sələfi Millətlər Liqası müəyyən səbəblərdən tamamilə uğursuz oldu. BMT isə daha uzunömürlü olmağı bacarıb. Buna səbəb isə BMT Təhlükəsizlik Şurası və oradakı veto hüququnun olmasıdır.
Fransız İnqilabının – Azadlıq, Bərabərlik və Qardaşlıq şüarının tərəfdarları bu şüarın praktikada həyata keçirilməsinin çətin olduğunu desələr də, BMT-nin uğuru tamamilə fövqəlgüclərin konsensusu üzərində qurulub. Yəni yuxarıda sadalanan şüarların heç biri bu təşkilatın ana xəttində yer almayıb. BMT Moskva və Vaşinqtonun tərəfində olanda uğur qazanıb. Lakin supergüc paytaxtlarından hər hansı biri ilə toqquşanda hər dəfə uğursuz olub.
BMT-dən danışmağımız heç də təsadüfi deyil. Belə ki, 66 il öncə mübaliğəsiz dünyanın problemlərini həll etməyə qadir olan BMT-nin doğum gününə çevrilən müharibə başlayıb. 1956-cı ildə Böyük Britaniya, Fransa və İsrailin koalisiyası tərəfindən Misirə qarşı üçqat təcavüzə start verilib. Bu, tarixdə daha çox Süveyş böhranı kimi yadda qalıb.
Misir əleyhinə koalisiya qələbəsini qeyd edir
Süveyş kanalının Misir tərəfindən milliləşdirilməsi və İsrailin dəniz gəmiçiliyinə mane olması üçtərəfli işğal üçün əsasa çevrilib.
Diplomatik nəticələr
Birləşmiş Ştatlar bütövlükdə problemin hərbi yolla həllini şərti olaraq bəyənməsinə baxmayaraq, müttəfiqlərinin hərəkətlərindən narazı qalıb. Moskvanın qıcıqlanması isə “narazılıq”dan çox-çox üstün olub. Xruşşov hətta təcavüzkarlar üçün ağır nəticələr barədə xəbərdarlıq da edib. Bu isə SSRİ-nin ərəb dünyasındakı nüfuzunun bir qədər də artması ilə nəticələnib. Bununla belə, əsas hadisə SSRİ, BMT və ABŞ-ın Sevr müqaviləsi ölkələrinə diplomatik təzyiqlərini birləşdirməsi oldu. Əslində ilk dəfə idi ki, BMT həqiqətən özünü göstərə və dünyada nüfuz qazana bilirdi. Amma bu, fövqəldövlətlərin konsensusunun nəticəsi idi desək, yəqin ki yanılmarıq. Bu və ya digər şəkildə Misirdəki müharibə BMT üçün bir növ ad günü xarakteri daşıyır.
Qeyd etmək lazımdır ki, 1991-ci il beynəlxalq siyasətə əhəmiyyətli düzəlişlər etdi. Belə ki, BMT-ni formalaşdıran güc qütblərindən birinin dağılması təşkilatın səmərəli fəaliyyət göstərdiyi fövqəldövlət konsensusunu unutdurdu. Elə həmin vaxtdan da BMT artıq mövcud olmayan bir dünyanın qalıqlarına çevrildi. O, öz rolunu oynamağa davam etsə də, bir platforma kimi qalan fövqəldövlətin hərəkətlərinə formal qanunilik verməklə əslində özünə xəyanət edirdi.
Ona görə də, 2014-cü ildə Donbassda müharibənin başlaması Birləşmiş Millətlər Təşkilatı üçün dəfn mərasimi sayıla bilər. Və ya bunu təşkilatın pensiyaya çıxması kimi də xarakterizə etmək mümkündür. 2022-ci il hadisələri isə təşkilatın iflic olduğunu tamamilə təsdiqlədi. Necə deyərlər müharibə həm BMT-ni doğurdu, həm də təşkilatı diz çökdürdü. İndi bütün ümidlər təqaüdə çıxan Birləşmiş Millətlər Təşkilatını əvəz edəcək bir varisin ciddi münaqişə olmadan tapılacağınadır.
Nəticə?
Təşkilatlar əbədi deyil. Bəzən onlar da təqaüdə çıxırlar. Ancaq səlahiyyətlilər təqaüdə çıxanı əvəz etmək üçün başqa işçi tapa bilməyəndə nəticə pis olur.
Müşviq Tofiqoğlu,
KONKRET.az
