Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib.
Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyən və son 30 il ərzində Mərkəzi Seçki Komissiyasının Xalq Məclisinə və Qaqauziya Başqanı vəzifəsinə keçirilən seçkiləri təşkil etməsini nəzərdə tutan qanun müddəasını Konstitusiyaya zidd hesab edib.
Ekspertlərin fikrincə, bu addım qaqauzları radikallaşdıracaq və Moldova ilə onsuz da gərgin olan münasibətləri daha da pisləşdirəcək. Bundan başqa, qərarın Rusiyanın Moldovaya müdaxilə imkanlarını genişləndirə biləcəyi də güman edilir.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu qərar Moldovanın Qaqauziya üzərində təsir imkanlarını artırmağa hesablanıb:
“Beləliklə, Komratın rəsmi Kişinyovdan asılılığı artacaq. Perspektivdə Qaqauziya bölgəsinin bilavasitə, hətta birbaşa Moldovadan idarə olunmasına cəhdlər mümkündür. Hər halda, bu, Kişinyov üçün arzuolunandır. Qaqauziya isə təbii ki, prosesə müqavimət göstərəcək. Qaqauz xalqının ayağa qalxması və Moldovaya etiraz etməsi mümkündür.
Bu, həm də digər azsaylı türk xalqları arasında narazılığa səbəb ola bilər. Düşünürəm ki, prosesin növbəti mərhələyə çatmasının qarşısı alınmalıdır. Bunun üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hərəkətə keçməsinə ehtiyac var. Əks halda, qaqauzlarla bağlı proses dərinləşə və eyni ssenari qamukların, noqayların, yakutların və digərlərinin də başına gətirilə bilər”.
