Hörmüz boğazındakı gərginlik neft qiymətlərinə necə təsir edəcək? – MÜHÜM MƏQAMLARbackend

Hörmüz boğazındakı gərginlik neft qiymətlərinə necə təsir edəcək? - MÜHÜM MƏQAMLAR

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik dünya enerji bazarlarında yenidən narahatlıq yaradıb. Dünyada ixrac edilən neftin təxminən dörddə birinin məhz bu strateji boğaz vasitəsilə daşınması fonunda baş verən hadisələrin qiymətlərə mümkün təsiri geniş müzakirə olunur.

Bəs mövcud vəziyyət neftin uzunmüddətli bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli hesab edir ki, Hörmüz boğazı ətrafındakı gərginlik neft bazarında yalnız qısamüddətli qiymət dəyişiklikləri yaradacaq:

Razi Abbasbəyli

“Düşünmürəm ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik neft qiymətlərinin uzunmüddətli bahalaşmasına səbəb olsun. Düzdür, Hörmüzün cənub sahillərində həyata keçirilən bombardmanlar nəticəsində, xüsusilə İranın neft infrastrukturuna ciddi ziyan dəyib. Lakin bu, boğazdan həyata keçirilən neft daşımalarına əhəmiyyətli təsir göstərmir.”

İqtisadçının sözlərinə görə, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşısa da, hazırkı şəraitdə logistika zəncirində ciddi fasilə müşahidə olunmur:

“Dünya neft ixracının təxminən dörddə biri bu boğaz vasitəsilə həyata keçirilir. Bu səbəbdən bazarda psixoloji amillərin təsiri ilə qısamüddətli qiymət dalğalanmaları baş verir. Lakin bu dalğalanmalar uzunmüddətli tendensiyaya çevrilmir.
ABŞ dünyanın ən böyük neft istehsalçılarından biridir. Qiymətlərin qısamüddətli yüksəlməsi bu ölkənin iri neft şirkətlərinə milyardlarla dollar gəlir qazandırır. Gərginlik azaldıqdan sonra qiymətlər yenidən enir və ABŞ bu mərhələdə neft ehtiyatlarını artırır.”

Ekspert hesab edir ki, son illərdə müşahidə olunan proseslər müəyyən ssenari üzrə təkrarlanır:

“Əvvəl lokal hərbi müdaxilələr baş verir, bunun ardınca neft bahalaşır. Daha sonra sülhlə bağlı mesajlar verilir, bazarda gərginlik azalır və qiymətlər enməyə başlayır. Sonradan yenidən hərbi müdaxilə fonunda qiymətlər artır. Bu proses qısamüddətli dalğalanmalar yaratmaq və bundan iqtisadi gəlir əldə etmək məqsədi daşıyır.”

İqtisadçı bildirib ki, bu cür dalğalanmalar dünya iqtisadiyyatına da mənfi təsir göstərir:

“Bu vəziyyət artıq Avropada da narahatlıq doğurur. ABŞ ilə Avropa arasında, xüsusilə Böyük Britaniya ilə münasibətlərdə müəyyən fikir ayrılıqları müşahidə olunur. Bunun nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir.”

Sonda Razi Abbasbəyli vurğulayıb ki, mövcud geosiyasi risklərə baxmayaraq, neft bazarında uzunmüddətli və kəskin qiymət artımı gözlənilmir:

“Hazırkı şəraitdə neftin qiymətinin uzun müddət yüksək səviyyədə qalacağını düşünmürəm. Əsasən qısamüddətli dalğalanmalar olacaq, lakin davamlı və kəskin bahalaşma gözlənilmir.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*