Nağdlaşdırma vergisinə yenidən baxılacaq  – Ölkə tarixində İLKbackend

Nağdlaşdırma vergisinə yenidən baxılacaq - Ölkə tarixində İLK

Əkrəm Həsənov, tanınmıış vəkil

“Konstitusiya Məhkəməsinin mövqeyi: istədiyimə nail oldum!”

Fərdi sahibkarlardan və hüquqi şəxslərdən tutulan 1%-lik nağdlaşdırma vergisi barədə dəfərlərlə yazmışam. Onun əsassız, absurd və qanunsuz olmasını ətraflı izah etmişəm (https://www.facebook.com/akram.hasanov.5/posts/10218563192327623 – bu statusdadı istinadlara daxil olaraq bütün silsilə yazılarımla tanış olmaq olar).

Fərdi sahibkar kimi məndən tutulmuş həmin vergi ilə bağlı 2017-ci ildə vergi orqanına qarşı iddia da qaldırmışam. Həmin iddiama 2 dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (indiki Bakı İnzibati Məhkəməsi), 5 (!) dəfə Bakı Apellyasiya Məhkəməsində, 5 (!) dəfə də Ali Məhkəmədə baxılıb. Birinci instansiya məhkəməsi hətta iddiamı ikinci dəfədən təmin də etmişdi. Lakin yekunda həmin qərar ləğv edildi və ötən il Konstitusiya Məhkəməsinə şikayət etdim.

5 fevral 2021-ci il tarixdə Konstitusiya Məhkəməsinin Palatası şikayətimlə bağlı qərardad qəbul edib. Şikayətimdə sözügedən verginin 6 əsasla (qeyri-müəyyəndir, ödəmə mənbəyində tutulması yolverilməzdir, ədalətsizdir, diskriminasiya xarakteri daşıyır, ikiqat vergitutmadır,  iqtisadi cəhətdən əsassızdır) qanunsuz olduğunu iddia etsəm də, qərardadda nədənsə yalnız birincisinə (bu verginin müəyyən edilməmiş hesab edilməsi arqumenti) münasibət bildirilib.

Bu arqument üzrə də Konstitusiya Məhkəməsi şikayətimin icraata qəbul edilməsindən imtina edib. Məntiq qısaca belədir: vergilərin müəyyən edilməsi Milli Məclisin “səlahiyyətinə aid edilmişdir”. Milli Məclis də həmin vergini Vergi Məcəlləsində müəyyən edib, işə baxan məhkəmələr də Məcəlləni tətbiq etmişlər.

Əslində, bu məntiqlə Konstitusiya Məhkəməsi onda gərək heç bir qanunun Konstitusiyaya uyğunluğunu yoxlamasın. Axı həmin qanunları Milli Məclis qəbul edib, məhkəmələr də tətbiq edir də! Yəni bu yanaşma bütövlükdə Konstitusiya Məhkəməsinin mahiyyətinə ziddir. Onun əsas işi elə qanunların qanuniliyini yoxlamaq və onlara şərh verməkdir.

Amma maraqlısı odur ki, qərardadın 2-ci bəndi ilə qərara alınıb ki, qaldırdığım “məsələlərin həlli baxılması üçün” Milli Məclisə göndərilsin. Bu isə o deməkdir ki, faktiki olaraq Konstitusiya Məhkəməsi sözügedən verginin qanuni əsaslarında hansısa problemləri görür. Düzdür, digər tərəfdən, görürsə, işi icraata qəbul edib baxmalı idi. Bu baxımdan parlamentə müraciətin mənası nədir?

Yeri gəlmişkən, bu yaxınlarda Konstitusiya Məhkəməsi təxmini eyni yanaşmanı sərgiləyərək digər vergi iş üzrə də faktiki olaraq “işə baxmıram” səpkili qərar vermiş və sadəcə parlamentə tövsiyə etmişdir ki, “mümkün qədər qısa müddət ərzində” məsələni tənzimləsin. Həmin qərara da münasibətimi bildirmişdim (https://www.facebook.com/akram.hasanov.5/posts/10222467536293782). Qısaca mövqeyim belədir ki, Konstitusiya Məhkəməsi qanunların şərhindən boyun qaçırmamalıdır. Çünki qanunlarda həmişə boşluq və ziddiyyətlər olur. Konstitusiya Məhkəməsinin də işi elə ondan ibarətdir ki, şərh verməklə onları aradan qaldırsın. Bunu etmirsə, özü də vergi kimi mühüm məsələdə, Konstitusiya Məhkəməsi kimə lazımdır?

P.S. Bununla belə, Konstitusiya Məhkəməsinə minnətdaram. Heç olmasa, qərardad qəbul edib, Milli Məclisə tövsiyə xarakterli müraciət edib. Ən azı formal da olsa, gözləmək olar ki, parlament bu məsələyə yenidən baxacaq. Yəni bu verginin ən azı şübhəli olması gündəmdədir və vaxtılə onu Məcəlləyə daxil edənlər üzərlərində mənəvi qınağı hiss edəcəklər.

Bu məsələ üzrə 2017-ci ildə yazdığım ilk statusumu (https://www.facebook.com/akram.hasanov.5/posts/10211354297909768) belə bitirmişdim:

“Təbii, bu məsələyə Konstitusiya Məhkəməsi baxmalıdır. Yaxşı olardı ki, İnzibati-İqtisadi Məhkəmə birbaşa Konstitusiya Məhkəməsinə şərh üçün müraciət etsin. Bunu etməsə, iddianın praktiki cəhətdən təmin edilməsi perspektivi yüksək deyil, çünki adi məhkəmənin qanunda olan vergini qanunsuz hesab etməsi ehtimalı azdır. Bu halda bütün instansiyaları keçəndən sonra Konstitusiya Məhkəməsinə özüm müraciət edəcəyəm. Əslində, burada əsas heç qələbə də deyil.

Bir daha xatırladıram ki, ölkə tariximizdə bu, ilk belə haldır. Hüquqi dövlətə malik olan bütün cəmiyyətlər bu yolu keçib: vergilər uğrunda mübarizə yolunu. Vergi, vətəndaş cəmiyyəti və dövlət arasındakı bir nömrəli körpüdür (ictimai müqavilənin özəyi). Vətəndaşlar hökumətə ilk növbədə bu körpü vasitəsilə təsir etməlidir. Qərbdə demokratiya və hüquqi dövlət bu gün Şərqə sırınan küçə hərəkatları, lümpenlərin inqilabı yolu ilə deyil, əsasən məhz vergi qanunvericiliyi uğrunda şüurlu orta təbəqənin sivil mübarizəsi vasitəsilə qurulub. Biz də bu mübarizəni aparmalıyıq. Qoy bu iş ilk qaranquş olsun!”

Odur ki, mən istədiyimə nail oldum! 4 il ərzində tətbiq edilən və dövlət büdcəsinə on milyonlarla gəlir gətirmiş verginin qanunsuz hesab edilməsini və həmin vəsaitlərin vergi ödəyicilərinə qaytarılacağını gözləyəcək qədər sadəlövh deyiləm əlbəttə!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*