Ermənistan-Rusiya münasibətlərindəki gərginlik gündən-günə artır.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın sistemli şəkildə MDB və KTMT çərçivəsində keçirilən görüşlərdən imtina etməsi də sübut edir.
Ermənistanın siyasi cameəsində hesab edirlər ki, İrəvanın Moskvadan uzaqlaşmaq taktikası Qərbə xoş gəlmək üçündür. Buna baxmayaraq, Qərblə yaxın münasibət qurmağı hədəfləyən Ermənistanın regionda siyasi təcrid vəziyyətinə düşə bilmə təhlükəsi var. Çünki praktiki olaraq bütün regional güc mərkəzləri qeyri-regional aktorların müdaxiləsinə qarşıdır. Amma bütün bunlara baxmayaraq, Aİ və ABŞ Ermənistana soxulmaqda israrlıdır. Bununla onlar Cənubi Qafqazda geosiyasi vəziyyətə nəzarət etməyi planlaşdırırlar. Ermənistan isə yeni tərəfdaşlarının yağlı vədinə uyub regionda yeni dönəm formalaşdırmaqla məşğuldur. Noyabrın 8-də Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilib və
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin görüşdə iştirakdan imtina edib. Bu, Ermənistan hakimiyyətinin KTMT və MDB ölkələrinin iclaslarında iştirakdan imtina siyasətinin davamı idi. Ermənistanın xüsusi səfiri Edmon Marukyan da ermənilərin görüşü boykot etməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ermənistanın KTMT-yə qarşı iddiaları var: “Biz bunu açıq bəyan etmişik. Amma Ermənistanın MDB çərçivəsində görüşləri boykot edəcəyini düşünmürəm, çünki bu, hərbi-siyasi blok deyil. Armen Qriqoryanın Moskvaya getməməsinin səbəbi isə onun gərgin iş qrafikiylə bağlıdır”.
Eyni zamanda, Marukyan Nikol Paşinyan və Ararat Mirzoyanın oktyabrda Bişkekə getməməsini də gərgin iş qrafikiylə izah edib.
Erməni siyasi ekspertlər isə hesab edirlər ki, Ermənistan Rusiyanın aparıcı rol oynadığı təşkilatlara münasibətdə demarş siyasəti aparır.

Politoloq Suren Surenyants Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsi üçün real gündəm görmür: “İrəvanın KTMT-dən, MDB-dən və Aİİ-dən çıxmaqla bağlı real və təsdiqlənmiş gündəliyi olmasa da, Qərbi razı salmaq istəyi var. Amma Qərbdən İrəvanı öz sıralarına qəbul etməyə hazır olduğuna dair hələ də aydın siqnallar yoxdur. Yəni bir tərəfdən Paşinyan Ermənistan-Rusiya münasibətlərinə bacardığı qədər xələl gətirir, digər tərəfdən isə bu addımlar institusional xarakter daşımadığından Qərbi qane etmir. Ermənistan bu gün KTMT və ya MDB-nin iclaslarını boykot edi”, – deyə Surenyants bildirib.

Politoloq Artur Xaçikyanın fikrincə, Ermənistan Rusiya münasibətlərinin pisləşməsi Rusiya ilə Azərbaycan, eləcə də Rusiya və Türkiyə arasında münasibətləri gücləndirir. Bu da narahatlıq doğurur və Ermənistan proseslərə təsirsiz qalır: “Ermənistan hakimiyyəti 100 mindən çox erməninin Qarabağı tərk etməsinə baxmayaraq, Qərbin niyə heç bir aktiv tədbir görmədiyini soruşmur”.
Digər tərəfdən, ekspertlər Qərblə yaxın münasibət qurmaq niyyətində olan Ermənistanın regionda siyasi cəhətdən təcrid oluna biləcəyindən ehtiyat edirlər. Çünki praktiki olaraq bütün regional güc mərkəzləri qeyri-regional aktorların müdaxiləsinə qarşıdırlar.
Surenyants bildirib ki, regionun işlərinə müdaxiləyə qarşı bölgədə İran var: “MDB üzvü olan ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə bu mövqe bir daha səsləndirilib. Türkiyə də regional problemlərin region ölkələrinin iştirakı ilə həllinin tərəfdarıdır. İndi Azərbaycan da bunu bəyan edir. Bu, 100 il əvvəl üzləşdiyimiz vəziyyətə gətirib çıxara bilər. 100 il əvvəl də Ermənistanın o vaxtkı rəhbərliyi Qərbdə xilaskar axtarışına çıxmışdı. Regionun real oyunçuları-Rusiya və Türkiyə isə məsələləri bizsiz həll edirdilər”.
Vəli Həsənov,
KONKRET.az
