Bakalavrların NƏZƏRİNƏ: Magistratura təhsilinin müddəti endirilə bilər…backend

Bakalavrların NƏZƏRİNƏ: Magistratura təhsilinin müddəti endirilə bilər...

Son illər ali təhsil sistemində daha çevik və əmək bazarının tələblərinə uyğun modelin formalaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Bu müzakirələr çərçivəsində magistratura proqramlarının müddətinin 2 ildən 1 ilə endirilməsi məsələsi də diqqət mərkəzinə gəlib. Bir sıra ölkələrdə daha qısa müddətli magistr proqramlarının tətbiq olunması fonunda Azərbaycanda da belə bir dəyişikliyin mümkünlüyü maraq doğurur.

Bəs magistratura təhsilinin müddətinin 1 ilə endirilməsi nə dərəcədə realdır və bu addım təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?

Bu barədə KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə bir dəyişiklik ilk növbədə magistratura proqramlarının yenidən qurulmasını tələb edir.

Subbakalavrlara distant təhsil alma imkanları yaranacaq" - Məzahir Məmmədli

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə magistratura təhsilinin müddəti fərqlidir:

“Məsələn, bəzi ölkələrdə proqramlar 1 il, bəzilərində isə 1,5 il davam edir. Bu, əsasən tədris proqramının məzmunundan və kredit yükündən asılıdır. Azərbaycanda isə magistratura təhsili 2 il davam edir. Bu müddətdə həm nəzəri biliklərin mənimsənilməsi, həm də dissertasiya işinin hazırlanması nəzərdə tutulur”.

Məzahir Məmmədli vurğulayıb ki, magistratura müddətinin azaldılması üçün tədris yükünün yenidən hesablanması vacibdir:

“Əgər belə bir addım atılacaqsa, magistratura proqramlarının strukturu təkmilləşdirilməli, kredit yükü isə dəqiq hesablanaraq müəyyənləşdirilməlidir. Eyni zamanda əmək bazarının tələbləri də nəzərə alınmalıdır.
Əgər məqsəd əmək bazarının ehtiyaclarına uyğun magistratura modelinin qurulmasıdırsa, bunun konsepsiyası əvvəlcədən hazırlanmalı və bütün mexanizmlər dəqiq hesablanmalıdır”.

Ekspert hesab edir ki, yaxın bir neçə il ərzində magistratura proqramlarının 1 ilə endirilməsi gözlənilmir.

“Belə bir dəyişiklikdən əvvəl müvafiq maddi-texniki baza yaradılmalı, təhsil müəssisələrinin imkanları genişləndirilməli və yalnız bundan sonra islahat istiqamətində addımlar atılmalıdır.
Bu, qısa müddətdə həyata keçirilə biləcək proses deyil və müəyyən zaman tələb edir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*