Noyabrın 9-da helikopterin vurulması bizi nələrdən məhrum etdi? – Xatırlatmabackend

Noyabrın 9-da helikopterin vurulması bizi nələrdən məhrum etdi? - Xatırlatma

Bir ağsaqqaldan soruşurlar ki, “Məsləhət vermək çətindir, yoxsa kömək eləmək?” Ağsaqqal fikirləşmədən cavab verir ki, “Əlbəttə ki, kömək eləmək. Çünki birinə bir məsləhət verərsən,  o adam da sən deyəni edər və bir peşmançılıq olar. Günahkar səni görər. Amma kömək elədir ki, o işdə peşmançılıq olmaz, ancaq savab qazanarsan”.

Amma neyləyək ki, bugünkü cəmiyyətimizdə hamı məsləhətçi olub. Biri ekspert sifətində, biri deputat kimi, biri də partiya başqanı kimi. Hamı tökülüb hökumətə məsləhət verir. Özü də o hökümətə ki, 30 illik problemi 44 gündə həll edib. Amma bu məsləhətçilərin heç biri hökumətimizə və xalqımıza kömək eləmək üçün əlini daşın altına qoymur.

Hökumətimizə məsləhət verənlərdən biri də Ümid Partiyasının sədri İqbal Ağazədə “Bizimyol.info”-ya müsahibə verib. Və ilk sualının cavabındaca hakimiyyətə xeyli irad tutub. Deyir ki, “44 günlük çox uğurlu müharibədən sonra diplomatik masada xeyli zəif düşmüşük. Danışıqlar vektoru düzgün qoyulmayıb. Azərbaycan Ermənistanla 10 noyabr sazişindən sonra masaya ilk növbədə bu sənədi çıxarmalıydı – Ermənistanla Azərbaycanın bir-birilərinin  dövlət sərhədlərini qarşılıqlı tanıma sənədi. Bu sənədin ortaya qoyulmasının bizim üçün çox böyük avantajları ola bilərdi. Bu sənəd masa üzərinə qoyulsa, Azərbaycan dünyaya fərqli pəncərədən açılardı”.

Bu fikirləri hansısa Attoba və yaxub Fatmanisə desəydi, düzü normal yanaşardım. Deyərdim, statistik orta təhsilli adamın yanaşmasıdır. Amma bu fikirlər kos-koca partiya başqanı İqbal Ağazədənin qənaətidir. Bu yerdə əsəbləşməyib neyləyəsən. İmkanım olsa, tutaram bu adamın yaxasından deyərəm ki, “A bəy, 10 noyabr sülh anlaşmasında sərhədlər tanınmadısa, bəs onda Kəlbəcər və Laçın rayonlarında ermənilər niyə çıxdı? Sərhədlər tanınmadısa, bəs onda necə oldu ki, Gorus-Qafan avtomobil yolunun 21 kilometrlik hissəsi, Qafan hava limanının eniş zolağı, Sünik kəndi, Qafandakı 12 ev və ən nəhayət Zod qızıl yatağı Azərbaycanın tabeçiliyinə necə keçdi?” Hələ onu demirəm ki, 10 noyabr anlaşmasını Azərbaycan Ermənistanla yox, Rusiya Federasiyası ilə imzalayıb. Azərbaycan 10 noyabr anlaşmasından sonra Ermənistanı tərəf kimi tanımır. Bakı tərəf kimi yalnız Moskvanı tanıyır. Bu diplomatik uğur deyil, bəs nədir?! Amma neyləyək ki, sayın başqan bunları ya görmür, ya da görmək istəmir.

İqbal bəy bir az da irəli gedərək deyir ki, “BMT tərəfindən tanınmış ərazilərimizə girilmədi, girmədik, yalnız azərbaycanlıların yaşadığı rayonlarımızı geri aldıq. Məsələnin qəbul etdirilməsinin prinsiplərini müəyyənləşdirməliydik və dünya dövlətlərinə sübut etməliydik ki, biz Cənubi Qafqazda kommunikasiyaların, diplomatik missiyaların fəaliyyətə başlamasının tərəfdarıyıq, lakin bir şərtlə, siz bizim ərazi bütövlüyümüzü tanımalısınız, Ermənistan  tanımaldır. Ermənistan tanımayacağı təqdirdə Azərbaycan özünə yeni diplomatik cəbhə xətti aça bilərdi. Barış üçün Ermənistan  hazır deyil”.

Ümid Partiyası sədrinin bu qədər bəsit düşüncəsi məni sadəcə təəccübləndirir.

Əvvəla, ermənilər dünyada hansı ölkənin ərazi bütövlüyünü tanıyır ki? Onların nəinki Azərbaycana və Türkiyəyə, eləcə də bütöv Avropaya, Rusiyaya və hətta ABŞ-a qarşı ərazi iddiası var. Ermənilər dənizdən dənizə, Los-Ancelesdən Beyruta qədər bütün əraziləri erməni torpaqları hesab edirlər. Bütün bunlardan sonra İqbal Ağazadə ermənilərə nəyisə sübut etməyə ümid edirsə, onda bu adam ya ermənilər tanımır, ya da ki erməni iddialarından onun zərrəcə xəbəri yoxdur.

İkincisi, İqbal Ağazadə 10 noyabr anlaşmasına Azərbaycanın hansı şərtlərlə getdiyini sadəcə bilmir. Ona görə də xatırladım və İqbal bəy dediklərimi yaddaşına yazsın. 8 noyabrda Şuşa şəhəri və ətraf ərazilər Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan son və qəti hücuma hazırlaşırdı ki, yaxın bir neçə gündə Xankəndini və digər ərazilər erməni murdarlarından təmizləsin. Amma necə oldusa, sapı özümüzdən olan baltalar tərəfindən noyabrın 9-da saat 18:30 radələrində Naxçıvan ərazisindən Ermənistan sərhədi yaxınlığında uçan Rusiya Müdafiə Nazirliyinin hərbi helikopteri vuruldu. Bundan cəmi bir neçə saat  sonra, təxminən saat 22 radələrində Xəzər dənizindən Azərbaycana bir neçə raket atıldı. Və həmin raketlərin biri də Abşeron rayonu ərazisinə düşdü. Əhalini panikaya salmamaq üçün rəsmi qurumlar partlayışı qaz sızması adı ilə əhaliyə çatdırdılar. Amma bilən bilirdi ki, Rusiya Azərbaycanı durdurmaq üçün hərəkətə keçib. İstər helikopterin vurulması, istərsə də Abşeron ərazisinə atılan raketlər  Rusiyanın qeyri-rəsmi Azərbaycana qarşı müharibəyə başlamasının göstəricisi idi. Və bu olaydan cəmi bir neçə saat sonra gecə saat 1 radələrində Azərbaycanla Rusiya sülh anlaşmasına imza atdı.

Və görəsən, İqbal bəy heç düşünürmü ki, “Ayə, biz niyə ermənilərlə yox, ruslarla anlaşma imzaladıq?” Açıq və net şəkildə söyləyirəm. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev noyabrın 10-na keçən gecə Rusiya ilə başlaya biləcək müharibəni  ilk qığılcımındaca qarşısını aldı. Yenə deyirəm, sayın başqan heç düşünürmü ki, niyə anlaşma noyabrın 10-da  normal iş vaxtında deyil, gecə 1-2 radələrində imzalandı.

Axı bunu bilmək üçün heç də siyasətçi olmaq lazım deyil. Baş verən proseslərə ayıq başla və məntiqlə yanaşmaq lazımdır. Çox təəssüf ki, bu sayıqlığı İqbal Ağazadədə görmədim.

Müsahibəsində İqbal Ağazadə deyir ki, “İndiki gedişat bizi 1988-ci ildəki vəziyyətə çatdırıb. Eyni proses daha şiddətlə başlayıb  və Rusiya yenidən eyni şəkildə modul xəstəxanalar tikməklə, evləri bərpa etməklə, humanitar yardımlarla tarixi təkrarlayır. Qarabağ münaqişəsi başlayanda da SSRİ eyni addımları atdı. Bu  növbəti müharibənin qaçılmaz olması təəssüratını yaradır”.

İqbal bəyin bu fikrinin ilk cümləsi ilə razılaşmaq olar ki, Qarabağdakı indiki gedişat doğrudan da 1988-ci ildəki vəziyyəti xatırladır. Azərbaycan ərazi bütövlüyünü təmin edib, bəlli sərhədlər çərçivəsində həyati məsələlərlə məşğul olur. Amma Qarabağda etnik zəmində münaqişə qalır. Amma bu münaqişənin İqbal bəyin dediyi kimi yenidən müharibəyə çevrilmək təhlükəsi yoxdur.

Birincisi, ona görə ki, 33 il bundan əvvəlkindən fərqli olaraq Azərbaycanda siyasi hakimiyyət etibarlı və qətiyyətli əllərdədir.

İkincisi, Ermənistan indi 1988-ci ildəki qədər iqtisadi və hərbi cəhətdən güclü deyil.

Üçüncüsü, Rusiya da o vaxtkı Rusiya deyil. O, can üstədir. Və xəstə yatağına düşən Rusiyaya Azərbaycan daha çox lazımdır. Ən azı nəfəslik üçün.

Dördüncüsü, artıq Türkiyə, dolayısı ilə NATO Azərbaycandadır. Əgər Rusiya Azərbaycanla müharibəyə başlasa, ən azı Türkiyə ilə üz-üzə gələcək. Türkiyə ilə müharibə isə NATO ilə müharibə deməkdir. Bu isə artıq üçüncü dünya müharibəsinin başlanması olardı. Bunu mən bilirəmsə, deməli Kremldə oturanlar daha yaxşı qanır.

Ona görə də bilib-bilmədən danışmaq heç kimə başucalığı gətirmir. Bəli, hakimiyyətə iddialı olan hansısa partiya sədrinin bu dərəcədə səbatsız fikirləri ən yaxşı halda təəssüf doğurur. Pis halda isə düşünürsən ki, vay bizim halımıza. Gör kimlər bizlərə rəhbərlik etmək istəyir…

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*