Ölümünü hiss edən şəhid Məhərrəm İbrahimov: “Elə bir hadisə olacaq ki, dünya ondan danışacaq” – REPORTAJbackend

Ölümünü hiss edən şəhid Məhərrəm İbrahimov: "Elə bir hadisə olacaq ki, dünya ondan danışacaq" - REPORTAJ

“Mənə görə narahat olmayın. Elə bir hadisə olacaq ki, nəinki Azərbaycan, bütün dünya ondan danışacaq”, – deyib çıxdı son dəfə may ayında evdən. Bilmirəm, belə deyəndə daxilən nəyi nəzərdə tuturmuş, bunu heç kəs də bilə bilməzdi… Amma indi bildiyimiz bircə şey var: Məhərrəm İbrahimov şərəflə çıxdığı yoldan şəhadətlə döndü.

Müharibənin ilk günlərindən, sentyabrın 28-dən vidalaşmışdı evdəkilərlə. AzərTAC-ın xüsusi müxbiri kimi müharibəyə yollanmışdı. Həyat yoldaşı Bahar İbrahimova tezdən saat 06:00-da yola saldı onu döyüş bölgələrinə. “Ağlaya-ağlaya onun qarşısını almaq istədim. Dedim ki, getmə, istəmirəm müharibəyə gedəsən, qorxuram. Gedərsən, qayıtmarsan… İki övladın var, onları düşün”, – deyib qarşısını kəsmək də istəmişdi Bahar. Amma Məhərrəmi fikrindən döndərə bilməmişdi. Çünki həm sənətini çox sevir, həm də Vətən qarşısında vəzifə borcunu vicdanla dərk edirdi.

Getdi və tam 44 gün Azərbaycanın haqlı savaşında həqiqətlərin dünyaya çatdırılmasında cəsarətli fəaliyyəti ilə öz dəst-xəttini yaratdı. Düşmən tərəfindən bombalanan, darmadağın edilən əraziləri qarış-qarış, ev-ev gəzdi, erməni vandalizminin buraxdığı dəhşətli mənzərələri, izləri mediaya ən operativ şəkildə çatdırdı. Böyük Zəfərin qazanılmasında, informasiya savaşında düşmənin diz çökdürülməsində o da imzasını atdı.

10 noyabr… Müharibə bitdi və Məhərrəm İbrahimov da evinə, ailəsinə sağ-salamat döndü. Həyat yoldaşı Bahar xanım deyir ki, müharibə vaxtı onun hər an ölüm xəbərini eşidəcəkləri həyəcanı ilə yaşadılar və evə dönüşü ailədə əsl toy-bayram əhval-ruhiyyəsi yaratdı. “Torpaqlarımızın işğaldan azad olunmasına, qələbəmizə çox sevinirdi hamı kimi. Ən çox da bu qələbədə payı olduğu üçün yerə-göyə sığmırdı. Fikri-zikri elə oralarda qalmışdı. Və elə üç gün keçməmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış dövlət sosial və mülki obyektlərin siyahıya alınması işi ilə əlaqədar oralara ezam olunması xəbərini gətirdi. Və yenə getdi…”.

Ağdam, Xocavənd, Şuşa, Füzulu, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcəri oba-oba, qarış-qarış gəzir, “Erməni vəhşiliyinin dünyaya çatdırılması kimi məsuliyyətli işi daha da məsuliyyətlə yerinə yetirməyə çalışırıq”, –  deyirdi. Düşdüyü çətinliklərə rəğmən heç nədən usanmır, erməni barbarlığının yaratdığı fəsadları detallaşdırmaqdan yorulmurdu.

Qardaşı Əsgər İbrahimovun dediyi kimi, Məhərrəm keçmişlə gələcək arasında bir körpü yaradırdı və o körpünün tikintisinin başa çatdırılmasına sanki bir metr qalmış bu yolda erməni terrorunun qurbanı oldu: “Çox zəhmətkeş, cəsur və sirr saxlayan insan idi. O baxımdan Məhərrəmin həmin ərazilərdə xidmət göstərməyi ailəmiz və nəslimiz üçün böyük bir şərəfdir. Ona görə biz heç nəyə kədərlənmirik. Kədərlənməyə, qüssələnməyə heç bir əsas yoxdur. Çünki Məhərrəm xidməti borcunu yerinə yetirərkən erməni terroru nəticəsində şəhidlik kimi ən uca zirvəyə yüksəldi. O zirvə isə hər kəsə nəsib olmur. İndi hər kəs onun adıyla fəxr edir, öyünür, şəhid ailəm var, şəhid qardaşıyam, şəhid dostum, şəhid qohumum, şəhid qonşum var deyirlər. Doğrudur, sonu ölümdür, amma Allah-Təala bu məqamları ona görə yaradıb ki, insanlar təsəllənsinlər, ürəklənsinlər, o məqamlara yüksəlmək üçün fəaliyyət göstərsinlər. Və mənim bircə arzum var ki, Məhərrəm heç vaxt unudulmasın. Sözsüz ki, şəhidlər unudulmur, əbədiyaşar olurlar. Yəni bir insan ömrü 70-80 il olursa, şəhidlik ömrü əbədidir. Bundan gözəl nə ola bilər ki? Sadəcə biz istəyərdik ki, son şəhidlərimizə də Çingiz Mustafayev, Alı Mustafayev və Salatın Əsgərova kimi Milli qəhrəman statusu vermək mümkündürsə, buna dövlətimiz tərəfindən müsbət mənada baxılsın. Çünki bu jurnalistlərin də fəaliyyəti digər həmkarlarının işindən heç də geri qalmayıb”.

Bəli, iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid olan Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun erməni vəhşiliklərinin dünyaya çatdırılmasında, tarixiləşdirilməsindəki xidmətləri misilsizdir. Yeddi aydı bu işin məsuliyyətini ləyaqətlə öz üzərilərində daşıyan jurnalist həmkarlarımızın Vətən qarşısındakı xidmətləri heç vaxt unudulmağacaq. Yeddi yaşında ikən doğma ata-baba yurdundan – Ermənistanın Gorus rayonundan qaçqın düşən Məhərrəmin və 4 yaşında ikən Qubadlının Dondarlı kəndindən didərgin salınan Siracın fədakarlıqları, Vətən sevgisi gələcək nəsillərə tarixi nümunə olacaqdır.

Məhərrəmin bacısı Sevda Əsgərova da bildirir ki, qardaşı keçdiyi yolla, hazırladığı reportajlarla bir tarix yazdı, erməni vandalizmini dünyaya tanıtdıran bir tarix: “Ona görə də mən bir bacı olaraq qardaşımla fəxr edirəm. Fəxr edirəm ki, Məhərrəm şəhidlik zirvəsinə yüksəldi. Düzdü, bu, Allahın ona yazdığı yazı idi, yəni bilə-bilə şəhid olmadı. Amma o yolu gedəndə bilirdi ki, orada hər an bu hadisə ilə üzləşə bilər. Çünki müharibə elə bir ünsürdür ki, ora gedən hər bir insan ölümə gedir. Bunu Məhərrəm də bilirdi və biz ona həmişə deyirdik ki, bəlkə yorulmusan, işi başqasına təhvil verəsən. Amma o deyirdi ki, bu işi mən axıra çatdırana qədər ordayam. Azərbaycanın işğaldan azad olunan axırıncı qarış torpağını da çəkib, gətirib hörmətli Prezidentimizə təqdim edəcəyəm, ondan sonra evimə qayıdacağam. Məhərrəmin bu vəziyyətdə qayıtmağı da bacı kimi məni ağrıdır, amma bir insan kimi, vətəndaş kimi fəxr edirəm. Nədən? Çünki o yol, o məqam hər adama nəsib olmur”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən, başın sağ olsun!

Sevinc Paşayeva,

İqbal Rzayev

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*