Azərbaycanın dünyəvi dövlət modeli, dini konfessiyalar arasında formalaşdırdığı balans və müstəqil siyasəti ölkənin milli kimliyinin əsas xüsusiyyətlərindəndir. Bununla belə, bəzi xarici dairələrin dini həssaslıqlardan istifadə edərək Azərbaycanın daxili siyasətinə və ictimai həyatına təsir göstərmək cəhdləri müzakirə mövzusu olaraq qalır.
Bəs bu cür yanaşmaların arxasında hansı maraqlar dayanır və onlar Azərbaycanın milli təhlükəsizliyi üçün hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycan dünyəvi dövlət kimi bütün dinlərə və dini konfessiyalara tolerant münasibəti ilə seçilir.

“Ölkənin beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri də multikulturalizmə üstünlük verməsi, insanların dini inanclarına hörmətlə yanaşması və onların ibadətlərini sərbəst şəkildə yerinə yetirmələrinə şərait yaratmasıdır.
Son dövrlər bəzi xarici dairələrin, o cümlədən İrandan və Türkiyədəki müəyyən dini cərəyanlardan qaynaqlanan təsir cəhdləri Azərbaycanın dünyəvi dövlət prinsipləri baxımından qəbuledilməzdir”.
O.Qasımovun fikrincə, Türkiyə cəmiyyətində müxtəlif dini təriqətlərin, ideoloji qrupların və fərqli baxışlara malik çevrələrin mövcudluğu fonunda onların bir qisminin Azərbaycandakı dünyəvi dövlət quruluşuna qarşı çıxış etməsi narahatlıq doğurur. O, xüsusilə hicabla bağlı məsələlərə qərəzli münasibət göstərilməsini və Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli yanaşmaları yolverilməz hesab edir.
Şərhçi vurğulayıb ki, bu cür fəaliyyətlərin arxasında müəyyən maraqların dayandığını istisna etmək olmaz. Onun sözlərinə görə, bəzi qruplar Azərbaycanda xilafət və şəriət dövləti qurulması, ölkənin xilafətə qoşulması kimi iddialarla çıxış edir, hətta Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirirlər.
“Bunlar qəbuledilməz məsələlərdir”, – deyə O.Qasımov bildirib.
Siyasi şərhçi əlavə edib ki, Türkiyədə Osmanlıçılıq ideologiyasını mənimsəyən bəzi qruplar da bu prosesdə diqqət çəkir. Onun fikrincə, dini fanatizmə meyilli çevrələrin fəaliyyəti Türkiyənin dünyəvi dövlətçilik ənənələri baxımından da mübahisəli yanaşmalar doğurur. O, bu qrupların bir qisminin keçmişdə Türkiyənin milli azadlıq mübarizəsinə qarşı çıxmış qüvvələrin ideoloji davamçıları olduğunu düşünür.
O.Qasımov vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirən şərhçi qeyd edib ki, bu münasibətlər qarşılıqlı hörmət və suverenliyə ehtiram prinsiplərinə söykənməlidir.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün nə qədər dəyərli müttəfiqdirsə, Azərbaycan da Türkiyə üçün eyni dərəcədə əhəmiyyətli dövlətdir. Şərhçi Türkiyənin siyasi dairələrindən gələn açıqlamalarda da bu qarşılıqlı dəyərin vurğulandığını xatırladıb.
Sonda O.Qasımov bildirib ki, Azərbaycanda dini və ideoloji cərəyanların xaricdən təsir imkanlarını genişləndirməsi müəyyən risklər yarada bilər. Bununla belə, onun qənaətinə görə, Azərbaycan cəmiyyəti milli-mənəvi dəyərlərə və ölkənin dövlətçilik prinsiplərinə zidd hesab etdiyi bu cür təsirləri qəbul etmir.
Siyasi şərhçi hesab edir ki, dövlətin, cəmiyyətin və xalqın həmrəyliyi sayəsində Azərbaycanın müstəqil siyasətinə və dünyəvi dövlət quruluşuna yönələn bu cür təsirlərin qarşısını almaq mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
