Sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Hazırda pensiyaçılar üçün belə bir ödəniş mexanizmi mövcuddurmu?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vaxtilə pensiyaçılara əlavə vəsait ödənilməsi təcrübəsi mövcud olub, lakin sonradan bu mexanizm dəyişdirilib və hazırda tətbiq edilmir.

“Azərbaycanın müstəqillik tarixində işləməyən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1992-ci il sentyabrın 7-də müvafiq fərman qəbul edilib. Həmin qərara əsasən, 1992-ci il oktyabrın 1-dən etibarən işləməyən pensiyaçılara əlavə ödənişlər verilməyə başlanılıb. Bu ödənişin məbləği həmin dövr üçün 100 rubl ekvivalentində müəyyənləşdirilib.
Sonrakı illərdə pensiyaçılara əlavə vəsaitlərin ödənilməsi mexanizmi müxtəlif formalarda davam etdirilib. Müəyyən dövrlərdə ödənişlər rüblük əsasda həyata keçirilib, daha sonra isə onların verilmə tezliyi azaldılıb. Nəticədə, əvvəlki dövrlərdə pensiyaçılara müntəzəm şəkildə əlavə vəsaitlərin ödənilməsi praktikası tədricən aradan qaldırılıb”.
İqtisadçı qeyd edib ki, 2017-ci ildən pensiyaların təyin edilməsi və hesablanması sahəsində yeni mexanizmlərin tətbiqinə başlanılıb.
“Pensiyaların indeksləşdirilməsi yolu ilə artımların həyata keçirilməsi də bu prosesin mühüm istiqamətlərindən biri olub. İndeksləşdirmə nəticəsində pensiyaların məbləği müvafiq qaydada artırılır və ödənişlər vahid aylıq cədvəl üzrə həyata keçirilir”.
Razi Abbasbəyli vurğulayıb ki, hazırda Azərbaycanda pensiyaçılara hər üç aydan bir əlavə 30 manat ödənilməsini nəzərdə tutan mexanizm mövcud deyil. Bu səbəbdən sosial şəbəkələrdə yayılan iddialar hazırkı vəziyyəti əks etdirmir.
Onun sözlərinə görə, sözügedən məsələ yalnız yaşa görə pensiya alan şəxslərlə məhdudlaşmır. Hazırda işləyən və işləməyən pensiyaçılara, eləcə də əlilliyə və ailə başçısını itirməyə görə sosial təminat alan şəxslərə hər üç aydan bir ümumi qaydada əlavə vəsait ödənilməsi praktikası tətbiq edilmir.
Beləliklə, pensiyaçılara hər üç aydan bir 30 manat əlavə pul verilməsi ilə bağlı yayılan məlumatlar hazırda qüvvədə olan ödəniş mexanizminə uyğun gəlmir. Pensiyaların artırılması isə mövcud qanunvericiliyə uyğun olaraq indeksləşdirmə və digər nəzərdə tutulan mexanizmlər əsasında həyata keçirilir.
Aynurə İsmayıl
KONKRET.az

Xüsusi qayğıya ehtiyacı olan uşaqların pensiyası çox azdır, ona görə artırılmasını xahiş edirəm və bu insanların problemləri ağır olduğu üçün xərcidə çox olur. Xahişimi nəzərə alsanız çox sevinərdim və əvvəlcədən təşəkkür edirəm
220m qaldırsınlar heç olmasa 320m. Ay balam, xəstəyəm, dedilər bu yataxanadan kòcùrecəyik, kòçùrmədilər. 5-10 gùn òmrùmùz qalıb, dərman alırsan ərzaģa çatmır, gər şey bahadır.
Nəyə görə azaldılan təqaüd vəkilə 2500 azn verildikdən sonra bərpa olunur.Bu nə dərəcə də düzgündür.Məndə də azaldılıb,ancaq vəkilə verməyə pul yoxdur ki məhkəmədə qalib gəlim.
Məzmunsuz yazılarla reytinq qaldırmayın.