Öz aramızdır: Mədəniyyət naziri CAZIN CIZDAĞINI çıxardı – Rauf Hacıyevi kiminlə səhv saldı?backend

Öz aramızdır: Mədəniyyət naziri CAZIN CIZDAĞINI çıxardı - Rauf Hacıyevi kiminlə səhv saldı?

Əvvəlcə onu deyək ki, Azərbaycanın caz əfsanəsi deyəndə ilk ağla gələn Vaqif Mustafazadədir. Sonra isə mədəniyyət naziri Anar Kərimovun sosial şəbəkə postunu təqdim edək:

“Azərbaycan caz sənətinin əfsanəsi Rauf Hacıyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən festival keçiriləcək”.

KONKRET.az xəbər verir ki, statusun davamında nazir hamını dekabrın 6-da Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm konsertə dəvət edib. Bizim dərdimiz bu deyil. Narahatlıq doğuran bir ölkənin mədəniyyət nazirinin görkəmli bəstəkarı caz sənətinin əfsanəsi adlandırmasıdır.

Halbuki Rauf Hacıyevin həyat və yaradıcılığını oxuyanda caz sözünə rast gəlmək olmur. Dahi Üzeyir Hacıbəyov Raufun fortepiano pyeslərini bəyənib və ilyarım onunla məşğul olub. Nəticədə Rauf bu vaxtacan sevilən mahnılar bəstələyib. 15 film musiqisi, 7 operetta, balet və s. yaradıcılıq nümunələri ilə sevilib. Filarmoniyada direktor, mədəniyyət naziri, Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifələrində çalışıb.

Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 13 aprel 2022-ci il tarixli sərəncamında da caz sözünə rast gəlinmir.

Bəlkə də bəstəkarın az da olsa caz əsərləri olub. Yoxsa Anar Kərimov onu caz əfsanəsi adlandırmazdı. Zarafat bir yana, yuxarıda qeyd olunan şedevri – statusu pozan nazir Rauf Hacıyevi Rafiq Babayevlə səhv salmış ola bilər.

Burada Qabilin “Səhv düşəndə yerimiz” şeiri yada düşür.

Sözgəlişi onu da xatırladaq ki, Anar Kərimov 1998-ci ildə BDU-nun şərqşünaslıq fakültəsini bitirib, 2003-cü ildə Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

2000-ci ildə Azərbaycan XİN-in İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində, 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb. Ardınca onun UNESCO fəaliyyəti başlayıb və 2020-ci il 20 iyul tarixli sərəncamlara əsasən Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib və nazir vəzifələrinin müvəqqəti icrasına başlayıb. 2021-ci il 5 yanvar tarixli sərəncamla Mədəniyyət naziri vəzifəsinə təyin edilib.

Sonda qeyd edək ki, tənqid olunan statusda diplomatik səhv olmasa da, mədəniyyətin bir qolu olan musiqi ilə bağlı informasiya yanlışlığı var.

 

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*