2024-cü il iyunun 1-dən Daşkənd, Nukus və Özbəkistanın digər vilayət mərkəzlərində məişət tullantılarına görə borcları olan sakinlərin elektrik enerjisi kəsiləcək.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq standartlar ölkə prezidenti Şavkat Mirziyoyevin “Məişət tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi və onların ekoloji vəziyyətə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.
“Sadə dillə desək, zibil üçün pul verməyənlər qaranlıqda oturacaqlar”, – deyə Energetika Nazirliyinin mətbuat katibi Xasan Toşxujayev izah edib.
Bərk məişət tullantılarının daşınması xidmətlərinə görə borcu olan şəxslərdən elektrik enerjisinə görə ödənişlərin qəbulundan imtina praktikası mərhələli şəkildə tətbiq olunacaq:
1. 2024-cü il iyunun 1-dən yenilik yalnız respublikanın paytaxtı, Qaraqalpaqıstan və rayon mərkəzlərinin altı aylıq borcu olan sakinlərinə şamil ediləcək;
2. Noyabrın 1-dən məhdudiyyətlər bütün ölkəyə şamil olunacaq. Üç aydır zibil yığımına pul ödəməyən vətəndaşlar işıqsız qalacaq;
3. 1 yanvar 2025-ci il tarixindən ən azı bir ay bərk məişət tullantılarının atılmasına görə borcu olan hər kəsdən elektrik enerjisinə görə ödənişlərin qəbulu dayandırılacaq.
Zibil yığımı üzrə borcu yığılan vətəndaşlara bu barədə SMS vasitəsilə xəbərdarlıq ediləcək.
Bundan əlavə, aprelin 1-dən:
– bərk məişət tullantılarının yığılması və daşınması üzrə xidmətlərə görə ödənişlər müstəsna olaraq Respublika Sanitariya-Gigiyena İşlərinin Təşkili Mərkəzinin billinq sistemi, elektron ödənişlər və ya kommersiya banklarının ödəniş qəbulu məntəqələri vasitəsilə qəbul ediləcək;
– Daşınmaz əmlak və avtonəqliyyat vasitələri ilə əməliyyatlar notarial qaydada təsdiq edilərkən borcların mövcudluğu Vahid Elektron Sistem vasitəsilə onlayn rejimdə yoxlanılacaq. Borc aşkar edilərsə, müvafiq ödəniş edilənə qədər sənədləşmə işləri dayandırılacaq;
– sanitar təmizlik müəssisələrinə Vahid Elektron Sistem vasitəsilə xidmət göstərilir. Ona bağlı olmayan şirkətlərin tullantıların atılması ilə məşğul olmaq hüququ yoxdur.
Həmçinin, müəyyən edilib ki, 2024-cü il iyunun 1-dən əhali tərəfindən müstəqil şəkildə çeşidlənən zibillər istisna olmaqla, bərk məişət tullantılarının tərkibində olan təkrar xammalın yalnız birjada satışına icazə verilir.
Fərmanda belə bir qayda var ki, yollarda yol hərəkəti qaydalarının pozulması hallarını qeydə almaq üçün kameralar quraşdıran sahibkarlar ekoloji pozuntuları videoya çəkərək Dövlət Müfəttişliyinə məlumat verə bilərlər. Bunun üçün iş adamı təyin olunan cərimənin 20%-i məbləğində mükafat alacaq.
Hər il “Eng toza mahal” (“Ən təmiz məhəllə”) adlı müsabiqə keçiriləcək. Şərtlərə əsasən, ekspertlər tullantıların yığılması üçün meydançanın tikintisi, zibil qablarının quraşdırılması və ağacların əkilməsi üçün ümumilikdə 500 milyon som (40,6 min ABŞ dolları) məbləğində vəsait ayrılacaq, həmçinin elektrik enerjisi ilə təmin olunacaq 14 qalibi müəyyən edəcəklər.
Yada salaq ki, ötən ilin dekabrında Daşkənd hakimiyyəti tullantıların çıxarılması tariflərini 1,5 dəfədən çox artırmaq qərarına gəlib. İndi hər sakin üçün bu məbləğ ayda 7500 sum (0,61 dollar) təşkil edir.
Natiq Səlim,
KONKRET.az
