ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla imzalanan yeni razılaşmanı tənqid edən İsrail rəsmilərinə – İtamar Ben-Qvir və Bezalel Smotriçə sərt cavab verib. O, İsrailin milli təhlükəsizlik yanaşmasını dəyişməli olduğunu vurğulayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Vens İsrailin sağçı qanad təmsilçilərinin ABŞ-İran anlaşmasına qarşı çıxmasını şərh edərkən onları konkret təkliflər verməyə çağırıb: “Sizin konkret təklifiniz nədir? Siz 9 milyonluq bir ölkəsiz. Üzləşdiyiniz hər bir milli təhlükəsizlik problemini həll etmək üçün sadəcə insanları öldürə bilməzsiniz”.
ABŞ rəsmisi İsrailin təhlükəsizliyində Amerikanın rolunu xatırladaraq, Vaşinqtonun müttəfiqlik borcunu artıqlaması ilə yerinə yetirdiyini bildirib: “Hər şeydən əvvəl, amerikalılar öz raket sistemləri və raket proqramları ilə çoxsaylı israillilərin həyatını xilas ediblər”.
Vens İranla başlayan yeni diplomatik prosesə nikbin yanaşdığını ifadə edib: “İranlılar altı ay əvvəl xəyal belə edə bilməyəcəyimiz təkliflər irəli sürürlər. Gəlin, bu danışıqların necə keçəcəyinə baxaq. İranın əməllərinin sözləri ilə üst-üstə düşüb-düşmədiyini müşahidə edək və uzun müddətdir İsrail hökuməti üçün inanılmaz tərəfdaş olan Birləşmiş Ştatların bu səylərini qiymətləndirək”.
Bu bəyanat Vaşinqtonun regional müttəfiqlərindən, xüsusilə İsraildən Tehranla bağlı yürüdülən yeni “güc əsaslı diplomatiya” kursuna daha çox dəstək və təmkin gözlədiyini nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az
