Paşinyan: Seçkilərdən sonra Türkiyə və Azərbaycanla…backend

Paşinyan: Seçkilərdən sonra Türkiyə və Azərbaycanla...

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra çıxış edərək İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını bəyan edib.

KONKRET.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, jurnalistin seçkilərdə qələbədən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi barədə sualını cavablandıran Paşinyan bildirib ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır.

“Mesaj eynidir. Ermənistan xalqı sülhün, regional rifahın və regional əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, – deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional əsaslarla möhkəmləndirilməsidir.

Ermənistan-Türkiyə münasibətlərinə də toxunan Paşinyan qeyd edib ki, İrəvan normallaşma prosesinin davam etdirilməsinə və dövlət sərhədinin açılmasına ümid edir.

“Türkiyə ilə sərhəd açılmalıdır. Yəni Türkiyə sərhədi açmalı, eyni zamanda diplomatik münasibətlər qurulmalıdır”, – deyə o bildirib.

Paşinyan həmçinin Türkiyənin Axalkalaki-Qars dəmir yolu marşrutunu erməni yükləri üçün açmaq qərarını müsbət qiymətləndirib.

“Erməni məhsullarının həm ixracı, həm də idxalı üçün Axalkalaki-Qars dəmir yolu xəttinin açılması qərarına görə minnətdarıq”, – deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur, lakin yekun nəticəyə nail olmaq üçün bu proses davam etdirilməlidir.

Azərbaycanla münasibətlərə gəldikdə isə Paşinyan tərəflərin sülh sazişinin mətnini artıq razılaşdırdıqlarını xatırladıb.

“Azərbaycanla bağlı bilirsiniz ki, əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. İndi onu imzalamalıyıq”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*