İsveçrədə keçirilən ümumxalq referendumunun nəticələrinə görə, vətəndaşların 58,2 faizi pensiyaçılara əlavə ödənişlərin – “on üçüncü pensiya”nın lehinə olub.
KONKRET.az xəbər verir ki, səsvermənin rəsmi nəticələrini “France-Presse” Agentliyi dərc edib.
Qeyd edək ki, yerli həmkarlar ittifaqları və solçu partiyalar İsveçrədə on üçüncü maaşa bənzər qanun layihəsi üçün lobbiçilik edib. Nəticədə referendum keçirilib və ölkə üzrə seçicilərin 58 faizi səsvermədə iştirak edib.
KİV qeyd edir ki, İsveçrədə dəyişikliklər 26 kantondan 16-da dəstəklənib. İsveçrədə ilk dəfədir ki, həmkarlar ittifaqları birbaşa demokratiya yolu ilə dövlət xərclərinin artırılmasını nəzərdə tutan təklifin həyata keçirilməsinə nail olub.
İsveçrəlilər indi hər il 13-cü pensiyalarını alacaqlar. Hökumət pensiya ödənişlərinin artırılmasının büdcə üçün çox baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, referendumda seçicilərin demək olar ki, 60%-i buna “hə” deyib.
BBC yazır ki, İsveçrədə tam aylıq dövlət pensiyası 2550 avro təşkil edir, lakin çoxları bu məbləğin yaşamaq üçün kifayət etmədiyini deyir. İsveçrədə, xüsusən də Sürix və Cenevrə kimi şəhərlərdə yaşayış xərcləri dünyada ən yüksək hədd sayılır. Xüsusilə, hər kəs üçün məcburi olan tibbi sığorta haqları sürətlə artır və yaşlı insanlar bəzən onları ödəməkdə çətinlik çəkirlər. İşdə fasilə vermiş qadınlar və tam iş təcrübəsi olmayan immiqrantlar qismən dövlət pensiyası ilə dolanmaqda çətinlik çəkirlər. Nəticədə getdikcə daha çox isveçrəli 70 yaşına çatdıqdan sonra işləmək məcburiyyətində qalır.
Pensiyaların artırılması təklifi həmkarlar ittifaqlarından gəlib, lakin buna hökumət, parlament və biznes qurumları etiraz edib.
Bundan əlavə, son referendumda isveçrəlilər pensiya yaşının 65-dən 66-ya qaldırılmasını böyük səslə rədd ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Heç hənanın yeridir?