Türkiyə Şimali İraqda yerləşən PKK terror təşkilatının infrastrukturunu tamamilə ləğv etməyə hazırlaşır. Ankara bölgəni terror təhlükəsindən təmizləmək məqsədilə 11 əsas düşərgənin dağıdılmasını və həmin ərazilərdə yerləşən minlərlə silahlının ya zərərsizləşdirilməsini, ya da başqa istiqamətlərə köçürülməsini planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nüfuzlu Sabah qəzeti yayıb. Məlumata görə, plan çərçivəsində ilk olaraq Türkiyə sərhədinə ən yaxın ərazidə yerləşən Zap düşərgəsi tamamilə ləğv olunacaq. Həmin düşərgə PKK-nın əsas strateji nöqtələrindən biridir və burada əvvəllər Türkiyəyə silahlı keçid cəhdləri də qeydə alınıb.
Bundan əlavə, sərhəddən 20-40 km məsafədə yerləşən Sinat, Haftanin, Gara, Hakurk, Metina, Avaşin-Basyan düşərgələrinin də dağıdılması nəzərdə tutulur. Bu ərazilərdə terrorçular üçün tibbi obyektlər, elektrik istehsal edən kiçik bəndlər, silah anbarları və təlim poliqonları mövcuddur.
Plan çərçivəsində Kəndil, Mahmur və Sincar kimi təşkilatın əsas bazalarının da tədricən bağlanaraq yerli hakimiyyətə təhvil verilməsi planlaşdırılır. Xüsusilə Mahmur düşərgəsində təxminən 15 min PKK üzvünün yaşadığı qeyd olunur. Bu düşərgələrdə təşkilatın rəhbər heyəti də yerləşir.
Ankara bu tədbirlərlə PKK-nın Şimali İraqdakı varlığını tamamilə sonlandırmaq və bölgədə sabitliyi bərpa etmək niyyətindədir.
Natiq Səlim,
KONKRET.az