Bişkekdə səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın fəxri qarovulunu qırğız dilində – “Salam, asker!” sözləri ilə salamlayıb. Bu addımın arxasında səmimiyyətin, yoxsa siyasi mesajın dayanıb-dayanmadığı barədə fərqli fikirlər səsləndirilir.
Mövzunu KONKRET.az-a politoloq Məhəmməd Əsədullazadə şərh edib.

Onun sözlərinə görə, Putinin qırğız dilində salam verməsi protokola tam uyğundur:
“Rusiya prezidenti səfər etdiyi dövlətin rəsmi qarovulunu həmin ölkənin dilində salamlayır. Bu, diplomatik protokolun tələbidir. Putin də buna uyğun davranıb”, – politoloq bildirib.
Əsədullazadənin sözlərinə görə, Bişkekdə keçirilən KTMT sammiti fonunda Putinin regiona səfəri Moskvanın Mərkəzi Asiyada geri çəkilmək niyyətində olmadığını göstərir:
“Rusiya Mərkəzi Asiya siyasətindən geri addım atmayacaq. KTMT sammitində bu mövzular müzakirə olunacaq və Putin buradan əsasən Qərbə ciddi mesajlar verəcək. Çünki Mərkəzi Asiya uğrunda Qərb-Rusiya rəqabəti güclənir”, – o, qeyd edib.
Politoloq hesab edir ki, Moskvanın regiondakı əsas problemi tərəfdaşlarla bərabərhüquqlu münasibət qura bilməməsidir:
“Rusiya tərəfdaşlara vassal kimi yanaşır. Bu səbəbdən Mərkəzi Asiya siyasəti fiaskoya uğrayıb. Yeni geosiyasi proseslər fonunda Rusiyanın regionda mövcudluğunu davam etdirməsi getdikcə çətinləşəcək”, – Məhəmməd Əsədullazadə vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
