Ukrayna ilə bağlı vəziyyət tam həllini tapdıqdan sonra Rusiyanın Qarabağ məsələsini yenidən gündəmə gətirəcəyi ilə bağlı iddialar səslənir. Bəs Ukraynada müharibə başa çatan kimi Qarabağda yenidən hərbi qarşıdurmanın yaranması realdırmı?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu ehtimalların reallaşması son dərəcə aşağıdır.

Onun sözlərinə görə, Qarabağ məsələsi artıq birdəfəlik həll edilib və Rusiyanın bu istiqamətdə yeni addım atacağı inandırıcı görünmür:
“Əsas məsələ Zəngəzur dəhlizidir. Rusiya da bu dəhlizin açılmasında maraqlı görünür. Moskvanın yenidən Ermənistan naminə Qarabağ məsələsinə müdaxilə edəcəyi mümkün deyil. Çünki Rusiya yaxşı bilir ki, Azərbaycan əvvəlki ölkə deyil. Bu gün ölkənin yanında Türkiyə və Pakistan kimi güclü müttəfiqlər dayanır və Kreml bunu çox yaxşı anlayır.”
Abbaslı hesab edir ki, xüsusilə də Paşinyanın hakimiyyətdə olduğu bir dövrdə Rusiyanın Ermənistanı açıq şəkildə dəstəkləyib münaqişəni yenidən alovlandırması real deyil.
Siyasi şərhçi əlavə edib ki, Ukrayna müharibəsi bitdikdən sonra Rusiyanın qısa müddətdə yeni hərbi əməliyyatlara başlaması da gözlənilmir:
“Rusiya böyük itkilər alıb. Müharibə başa çatdıqdan sonra Moskva ziyanları aradan qaldırmağa çalışacaq. Bu şəraitdə başqa ölkələrdə əməliyyatlara başlamaq Rusiyanın özünə daha çox zərər verər.”
Abbaslıya görə, Ukrayna müharibəsindən sonra regionda müəyyən dövr üçün sabitlik gözlənilir:
“Bir müddət region və dünya nəfəs alacaq. Uzunmüddətli perspektivdə nələrin baş verəcəyini isə indidən demək mümkün deyil. Amma Rusiyanın hərəkətə keçib Qarabağı Ermənistana qaytarmağa çalışması tamamilə reallıqdan kənardır.”
Aynurə İsmayıl
KONKRET.az
