ABŞ lideri Donald Tramp oktyabr ayında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukraynaya “Tomahavk” raketlərinin verilməsindən imtina edib.
KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp əvvəllər ABŞ-ın raket ehtiyatlarının azalmasından narahat olduğunu bildirsə də, Putinlə söhbət onun qərarını tam şəkildə dəyişib. Jurnal qeyd edir ki, telefon danışığı 16 oktyabrda — Ukrayna prezidenti Zelenskinin Ağ Evə səfərindən cəmi bir gün əvvəl baş tutub.
16 oktyabr danışığı zamanı Putin Trampa raketlərin göndərilməsinin müharibəni gərginləşdirəcəyini və ABŞ–Rusiya münasibətlərinə zərər vuracağını bildirib.
7 noyabrda Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina açıqlayıb ki, Ukrayna və ABŞ “Tomahavk” raketlərinin, eləcə də digər uzaqmənzilli silahların alınması ilə bağlı “müsbət” danışıqlar aparır.
3 noyabrda isə prezident Tramp hələlik Ukraynaya bu qanadlı raketlərinin verilməsini planlaşdırmadığını bəyan edib.
Bundan əvvəl prezident Zelenski dəfələrlə bildirirdi ki, Ukrayna uzun mənzilli “Tomahavk” raketlərini almaqda maraqlıdır və bu raketlər ölkənin müdafiəsində mühüm rol oynaya bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
