Qadın soydaşlarımız “Kanada cəbhəsi”ndə – MÜSAHİBƏbackend

Qadın soydaşlarımız "Kanada cəbhəsi"ndə – MÜSAHİBƏ

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Qarabağ cəbhəsində müzəffər Azərbaycan Ordusunun qarşısından qaçan ermənilərin ölkəmizin cəbhə zonasından kənarda yerləşən Gəncə, Mingəçevir, Tərtər, Bərdə və digər şəhərlərini raket atəşinə tutmasını, Gəncə və Bərdədə ardıcıl olaraq 4 terror aktı törətməsini hiddətlə pisləyirlər. Azərbaycanlı icmaları gecə-gündüz bilmədən erməni dezinformasiyalarının qarşısının alınması, ictimai rəyin ölkəmizin xeyrinə dəyişməsi, dostlarımızın artması üçün əllərindən gələni edirlər. Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women’s Support Centre – AWSC) İdarə Heyətinin üzvləri  Nazilə Isgəndərova, Minirə Babayeva, Elmira Quliyeva, Yeganə Cəfərova və Könül Qurbanova da belə həmvətənlərimizdəndir.

KONKRET.az olaraq Toronto Universitetinin nəzdindəki Emmanuel Kollecinin professoru, psixoterapiya və ilahiyyat elmləri doktoru Nazilə İsgəndərova, məşğulluq üzrə məsləhətçi Könül Qurbanova, Azərbaycan dili müəllimi Yeganə Cəfərova, sosial işçi Elmira Məmmədova və iş adamı Minirə Babayeva ilə soydaşlarımızın bu tarixi mərhələdə gördükləri işlərdən, həm də qarşılaşdıqları problemlərdən danışdıq.

– Sentyabrın 27-də Ermənistanın bütün cəbhə boyu ölkəmizə hücumundan sonra Azərbaycanda siyasi baxışlarından asılı olmayaraq, hər kəs böyük birlik və həmrəylik göstərir. Belə həmrəylik kanadalı soydaşlarımızın arasında da hiss olunurmu?

K.Qurbanova: Əlbəttə, hiss olunur. Bilirəm ki, dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımızın hər biri heyrətamiz həmrəylik və birlik göstərir, bizim nə qədər əzəmətli və güclü xalq olduğumuzu nümayiş etdirir. Azərbaycan əsilli kanadalılar da çox fəaldırlar və erməni yalanlarına ağır zərbələr endirirlər. Bu, çox çətin işdir. Çünki erməni lobbisi və diasporu Kanadada çoxdan məskunlaşıb. Onlar yaxşı əlaqələr qura biliblər. Ona görə də bu millətin yalanları hələ ki, “ayaq tutub, yeriyə” bilir. Amma biz haqqı tələb etdiyimizdən yorulmadan və usanmadan sonadək gedəcəyik. Qarabağ həqiqətlərini sübut edib, Kanadada xalqımızın xeyrinə ictimai rəyin yaranmasına nail olacağıq.

Müharibə başlayandan Azərbaycanın haqlı mövqeyini yerli ictimaiyyətə çatdırmaq üçün soydaşlarımız hansı işləri görüblər?

 Y.Cəfərova: BİR. Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən savaşında ölkəmizin haqq səsini və ədalətli mövqeyini çatdırmaq məqsədilə Kanadanın hökumət və parlament üzvlərinə onlarca məktub ünvanlayırıq. Həmin məktublarda haqlı olduğumuzu faktlarla sübut edirik. Bu muddət ərzində icmamız gecə-gündüz Baş nazirə, Kanada Parlamentinə, Senata, ayrı-ayrı millət vəkillərinə, nüfuzlu kütləvi informasiya vasitələrinə elektron məktublar yazib və baş verənlər barədə ətraflı məlumat verib. Çox təəssüf ki, onların əksəriyyətinin bölgə siyasəti haqda doğru-düzgün məlumatı yoxdur.

İKİ. Sosial media şəbəkələri üzərindən haqq səsimizi ucaldır, ermənilərin feyk xəbərlərinin qarşısını hamılıqla alırıq. Tarixi faktlarla və səhih məlumatlarla cavab verməklə düşməni susdururuq.

ÜÇ. Bacardığımız qədər yerli TV proqramlarına və digər mətbuat orqanlarına  müsahibələr veririk, Qarabağ gerçəklərini kanadalıların nəzərinə çatdırırıq.

DÖRD. Azərbaycanın haqlı mövqeyi ilə bağlı petisiyalar imzalayaraq səs toplayırıq.

BEŞ. Kanada azərbaycanlıları oktyabrın 18-də böyük etiraz yürüş-mitinqi keçiriblər. Toronto şəhərinin mərkəzi küçələrində addımlayan 2500-3000 soydaşımız yerli sakinlərin diqqətini  Ermənistanın işğalçı, təcavüzkar və terrorçu dövlət olduğuna cəlb etdi. Şəhər Şurası önündəki meydana toplaşaraq şüarlar səsləndirdiyimiz aksiyada ölkəmizi dəstəkləyən bir çox millətlərin mümayəndələri də vardı. Orada Gəncə terroru qurbanlarını və şəhidlərimizi anmaq üçün guşə yaratdıq. Gecə saatlarında isə Azərbaycan bayraqlarına bürünmüş böyük avtomobil karvanı ilə Niaqaraya yollandıq. Niaqara şəlaləsi üzərində gecə saat 8:30-dan başlayaraq Azərbaycan dövlət bayrağının əksi 2 saat ərzində fasilələrlə nümayış etdirildi.

Hazırda isə Bərdə şəhərində iki gün ardıcıl olaraq mülki əhaliyə qarşı Ermənistanın xüsusi amansızlıqla törətdiyi terror aktlarına etiraz olaraq yürüş keçirməyə hazırlaşırıq.

Necə deyərlər, öldü var, döndü yoxdur! Azərbaycan xalqının kim olduğunu, Qarabağın kimə məxsus olduğunu ermənilərə göstərəcəyik!

Bu dönəmdə hansısa parlamentarilərlə və siyasətçilərlə görüşmək mümkün olub?

K.Qurbanova: Kanadanın bir çox əyalətində BMT-nin qətnamələrini dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan bir sıra parlament üzvləri və siyasətçilərlə görüşlər keçirilib. İcmamızın üzvləri Kanada–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndəsi Ceymi Şmeyllə (Jamie Schmale) görüşüblər. Bu görüşün nəticəsi olaraq Ceymi Şmeyl parlamentdəki bəyanatında bildirdi ki, münaqişənin həlli beynəlxalq qanunlara əsaslanaraq öz əksini tapmalıdır. Bu bəyanatı ölkəmizin xeyrinə atılmış bir addım kimi qəbul edə bilərik.

Ölkəmizi sevərək dəstəkləyən senator Səlma Ataullahcan da Senatda Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini icma üzvlərimizə bildirib.

Kanadada həmvətənlərimizin böyük nüfuza malik olan müsəlman, yəhudi, türk və Ukrayna icmalarının nümayəndələri ilə də mütəmadi görüşləri keçirilir. Soydaşlarımız bu icmalara məxsus medialara, TV kanallarına müsahibələr verməklə Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdirirlar.

– Gəncədəki mülki yaşayış binalarının Ermənistan ərazisindən raket zərbələrinə məruz qalması, dinc sakinlərin gecəyarı dağıdılmış binaların altında qalmaları, qətlə yetirilmələri Kanada ictimaiyyəti tərəfindən pislənilirmi?

Y.Cəfərova: Kanada cox humanist bir ölkədir. Burada terror aktlarına və günahsız mülki əhalinin qətlə yetirilməsinə çox pis baxilır. Təəssüf ki, namərd və üzdəniraq ermənilər bu məsələdə də yolverilməz və çirkin hərəkətlərə əl atırlar. Kanada TV-lərində bəzən Gəncə terrorundan kadrları nümayiş etdirib, hadisələrin Ermənistanda baş verməsi kimi qələmə verirlər. Bu da kanadalılarda yanlış rəy formalaşdırır. Monreal qəzetlərinin birində Gəncədə dağıdılmış evin şəklini dərc edərək erməni şəhəri haqqında yalan məlumat yaymışdı. Təbii ki, Kanadada yaşayan hər bir soydaşımız sərt şəkildə buna etirazını bildirdi. Məktublar yazaraq və zəng edərək nəşrin ve TV kanalının rəhbərliyinə öz etirazımızı çatdırdıq. Biz belə yalanların qarşısının alınmasına bütün gücümüzü səfərbər edirik, amma həmin böhtanlara inananlar da tapılır. Bu da çox məyusedici amildir.

– Deməli, erməni lobbisinin işğalçıların xeyrinə yaratdığı ictimai rəy yenə də Kanadada güclüdür…

E.Məmmədova: Erməni icmasi Kanadada güclüdür. Onlar 1880-ci illərin sonundan Kanadaya yerləşiblər. Ən önəmli vəzifələri tuta biliblər. Sıx halda yaşadıqları üçün millət vəkillərinə elektorat kimi təsir imkanları var. Üstəlik, Türkiyəyə olan qərəzli münasibət həmişə Kanadanın hökumət və parlament nümayəndələrinin qərarlarına sirayət edir.  Son 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən isğal edilməsinə, Qarabağda və Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmasına susan Kanada hökumətinin və parlamentinin bəzi təmsilçiləri yenə də ermənilərin xeyrinə çıxış edirlər.

– Kanadanın xarici işlər naziri Şampanın ermənipərəst mövqe tutması soydaşlarımızın ona çoxsaylı etiraz müraciətləri ünvanlamasına səbəb olmuşdu. Nazirin mövqeyində dəyişiklik varmı?

N.İsgəndərova: Kanadanin siyasi xadimləri və millət vəkilləri ilə yanaşı, xarici işlər nazirinin əsas müavinlərindən biri (xarici siyasət məsləhətçisi) Rob Olifantla və XİN-nin digər rəsmiləri ilə görüşlərdə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar və terror aktları ilə bağlı həmyerlilərimizin narahatlığı çatdırılmışdı. Onlar bildirdilər ki, Azərbaycanda baş verən hadisələr Kanada dövlətinin diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı xarici işlər naziri Şampan keçən həftə Avropaya səfər edib. Kanadalı nazir orada öz həmkarları, o cümlədən Türkiyə və Fransa xarici işlər nazirləri, NATO-dakı digər tərəfdaşları ilə danışıqlar aparıb. Yeri gəlmişkən deyim ki, ötən həftədən etibarən həmvətənlərimizin çoxsaylı müraciətlərinə və icmamızın rəsmi müraciətinə cavab olaraq yaxın günlərdə xarici işlər naziri Şampanla geniş tərkibli görüşün baş tutacağı gözlənilir.

Nazirin mövqeyində dəyişikliyə gəldikdə isə, o, yalnız ölkəsinin mövqeyini nümayiş etdirir. Ayrı-ayrı ermənipərəst millət vəkillərinin mövqelərini dövlət rəsmilərinə çatdıranda, “bu, onların şəxsi fikirləridir və Kanada dövlətinin rəsmi mövqeyi deyil” cavabını verirlər. Neytral mövqe sərgiləyən Kanada dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Kanada kimi bir dövlətin belə bir mövqe tutması, əslində, bizim xeyrimizədir.

– Tovuz hadisələrindən sonra Kanadada yaşayan azərbaycanlı icması ermənilərin təhdidləri ilə üzləşmişdilər. Hətta Toronto şəhərində ermənilər iki soydaşımıza silahlı hücum etmişdilər. Kanadanın hüquq-mühafizə orqanları həmin insidentin təqsirkarlarının cəzalandırılması üçün lazımı tədbir gördülərmi?

M.Babaeva: Kanadanın bir cox şəhərində və xüsusilə də Torontoda vətəndaşlarımız tez-tez erməni icmasının üzvlərinin nifrət zəminində hücumlarına və zorakı hərəkətlərinə məruz qalırlar. Azərbaycan icmasının üzvləri bəzən təcavüzlə üz-üzə gəlməmək üçün evdən cıxmırlar, cıxanda isə Azərbaycan dilində danismamağa çalışırlar. Əfsuslar olsun ki, Kanadanin hüquq-mühafizə organları ermənilərin törətdikləri vandalizm aktlarına çox laqeyd yanasırlar və cinayətkarları məsuliyyətə cəlb etmirlər.

Bir fakt göstərim. Bu il oktyabrın 11-də saat 14.00-da Azərbaycan vətəndaşı Fərid Qardaşxanov və dostu oz maşınında (maşının şüşəsində Azərbaycan bayrağı nişanı olub) Yonc və Finç kəsişməsində 20 erməni terrorçusu tərəfindən saxlanılıblar. Erməni barbarlar dəyənəklər və basqa kəsici alətlərlə Fəridin maşınına hücum ediblər. Maşının şüşələrini sındırıblar, avtomobili tanınmaz hala salıblar və vətəndaşlarımızı öldürəcəkləri ilə hədələyərək qaçıblar. Fərid 911-ə zəng edərək yardim istəsə də, polis məmuru 5-6 saat sonra hadisə yerinə gəlib. Fərid ətraflı izahat verdikdən sonra polis məmuru yalnız avtomobilin şəkillərini çəkıb və “araşdiracağıq” bəhanəsilə gedib. Bu vandalizm aktından 2 həftə keçməsinə baxmayaraq, hələ də heç bir xəbər yoxdur. Fərid deyir: “Məəttəl qalmışam. Fiziki ve psixoloji olaraq çox böyük zərək çəkdik, az gala bizi öldürəcəkdilər. Düşündüm ki, polis gəlib yardim edəcək, amma, təəssüf ki, polis məmuru çox soyuqqanlılıqla izahatı alıb getdi və məni hələ də heç bir polis idarəsinə çağırmayıblar. Sanki heç bir şey olmayıb və bu, normal haldir”.

Türkiyənin Ottavadakı səfiri Kərim Uras “TRT World” proqramında çıxış edərkən bu məsələləri ictimaiyyətin diqqətinə çatdırıb. O, bildirib ki, Monreal və Torontoda keçirilən tədbirlərdə erməni əsilli bəzi şəxslərin türklər və azərbaycanlılara istiqamətlənmiş təcavüzkar hərəkətləri, o cümlədən avtomobillərdən ibarət karvanlara yad maddələrlə hücumlar həyata keçirdiyi müşahidə edilib. Səfir deyib ki, hücum edən şəxslərin əməlləri, söz azadlığı hüququnu istifadə edən türk və azərbaycanlıların can və mal təhlükəsizliyinin təmin edilməsi üçün Kanada rəhbərliyinə müraciət olunub.

– Los-Anceles hadisəsindən sonra ermənilərin Kaliforniyada yaşayan azərbaycanlıların telefonlarına və elektron ünvanlarına hədə-qorxu göndərmələri barədə xəbərlər yayılır. Kanadada belə durum varmı?

N.İsgəndərova: Bu barədə məlumatımız yoxdur. AWSC iyul ayında Kanadada Azərbaycan mənşəli qadınlar arasında ermənilərin nifrət zəminində törətdikləri cinayətlərlə bağlı  sorğu keçirdi. Bu, həmin səpkidə azərbaycanlılar arasında aparılmış ilk sorğu idi. Məqsəd – icmamızdakı insanların təhlükəsizlik və nifrət zəminində cinayətlər mövzusu ilə bağlı düşündüklərini öyrənmək idi. Həssas durum olduğundan, sorğumuzda fərdi məlumatların verilməsi tələb olunmurdu.

Xatirə SADİQ,

KONKRET.az

 

  • XXX XXX
    Noyabr 1, 2020 - 11:12

    BİR. Azərbaycandan Qərbə köçənlərin böyük əksəriyyəti ilk növbədə həmin ölkələrin hüquqi dövlət olduqlarını qeyd edirlər.
    Əgər həmin imkanlardan bəhrələnmirsən, polisin 5-6 saatdan sonra gəlməsini boş buraxırsan, hadisədən yarım ay keçməsinə baxmayaraq, polisin etinasızlığına öz biganəliyinlə cavab verirsənsə, Kanadada nə işin var? Hə, Fərid?
    İKİ. Nazir Şampanın, digər rəsmilərin öz həmkarları ilə ənənəvi görüş və söhbətləri, türkiyəli diplomatın TRT-də çıxışı Kanada azərbaycanlılarının fəaliyyətinin tərkib hissəsi və ya nəticəsi sayıla bilməz.
    ÜÇ. Belə millətçisinizsə, soyadlarınızın rus şəkilçilərindən indiyədək niyə azad olmamısınız?
    Standart cavab ki, filankəs də belə saxlayıb – qəbul edilmir. Öz soyadınıza, hərəkətinizə siz cavabdehsiniz, ay Qurbanova, Cəfərova, İsgəndərova, Babayeva, Quliyeva, Məmmədova və Qardaşxanov…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*