
Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri Kamçi Kolbayevin ölkənin keçmiş baş naziri Sapar İsakova hədiyyə etdiyi zirehli avtomobilin müsadirə edilməsi barədə məlumat yayıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə komitənin mətbuat mərkəzi məlumat yayıb.
Xüsusi xidmətdən bildirilib ki, Kolbayevin və ona bağlı şəxslərin qanunsuz yolla əldə etdiyi əmlakın müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qırğızıstan Respublikasının vətəndaşı Ramonov M.T. saxlanılıb. Söhbət məşhur idmançı Murat Ramonovdan – 12 qat Qırğızıstan çempionu, yunan-Roma güləşi üzrə Asiya çempionatının qalibi, 2016-cı il Rio Olimpiadasının iştirakçısından gedir.
Müəyyən edilib ki, Ramonov Kolbayevin cinayət yolu ilə əldə etdiyi sərvətləri öz adına rəsmiləşdirib və sonra ayrı-ayrı siyasətçilərə verib. Onların arasında 2017-ci ilin avqustundan 2018-ci ilin aprelinə qədər Qırğızıstanın baş naziri vəzifəsində çalışmış Sapar İsakov da olub. 2018-ci ilin mayında İsakov korrupsiyada ittiham olunub, 2019-cu ilin dekabrında 15 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2020-ci ilin oktyabrında azadlığa çıxıb.
“2020-ci ilin oktyabrında Ramonov azadlığa çıxanda Qırğız Respublikasının keçmiş baş naziri İsakova 2015-ci il istehsalı olan zirehli Mercedes-Benz S600-ü hədiyyə edib. Bundan başqa, 2020-ci il oktyabrın 5-də İsakov müəyyən siyasətçilərlə birlikdə bu avtomobildən mərkəzi Ala-Too meydanında kütləvi iğtişaşlar təşkil etmək məqsədilə istifadə edib”, – deyə komitədən bildirilib.
Zirehli maşının dəyəri 600 min dollar qiymətləndirilir.
Qeyd edək ki, 49 yaşlı Kamçibek Kolbaev (“Kolya-Qırğız”) Qırğızıstanın ən məşhur kriminal başçılarından biri, ilk qırğız qanun oğrusu hesab olunurdu. ABŞ kəşfiyyat orqanları onu dünyanın ən böyük narkobaronları siyahısına daxil edib. O, keçmiş SSRİ ölkələrindən olan ilk 10 kriminal başçılardan biri kimi tanınıb. Kolbayevin saxlanılmasına və ya onun mütəşəkkil cinayətkar qrupu haqqında əhəmiyyətli məlumatlar verən şəxslərə 5 milyon dollar mükafat elan edilib. Kolbayev oktyabrın 4-də Bişkekdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Milli Təhlükəsizlik Dövlət Komitəsi onun qanunsuz yolla əldə etdiyi bütün aktivlərinin dəyərini təxminən 1 milyard dollar qiymətləndirib.
KONKRET.az
