Pensiya yaşı 70-ə qaldırılır – Almaniyadabackend

Pensiya yaşı 70-ə qaldırılır - Almaniyada

Almaniya hökuməti yaşlanan əhali və pensiya sisteminə artan maliyyə yükü fonunda genişmiqyaslı islahatlara hazırlaşır.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Kansler Fridrix Merts Bundestaqda çıxışı zamanı pensiya sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ilin sonunadək Federal Parlamentdə qəbul edilməsinin hədəfləndiyini bildirib.

Onun sözlərinə görə, islahat paketi plan üzrə irəliləyərsə, payız aylarında parlament müzakirələrinə çıxarılacaq və ilin sonuna qədər təsdiqlənə bilər.

Hökumətin yaratdığı ekspert komissiyası Almaniyada pensiya sisteminin uzunmüddətli dayanıqlığını təmin etmək üçün bir sıra təkliflər hazırlayıb. Təkliflər arasında İsveç modelinə bənzər dövlət dəstəkli pensiya fondunun yaradılması və pensiya yaşının orta ömür uzunluğuna uyğun olaraq mərhələli şəkildə artırılması da yer alır.

Komissiyanın hesabatına əsasən, 2032-ci ildən etibarən pensiya yaşının hər on ildən bir təxminən altı ay artırılması nəzərdə tutulur. Bu mexanizmin nəticəsində pensiya yaşının 2092-ci ildən tez olmayaraq 70 yaşa çatacağı proqnozlaşdırılır.

Kansler bildirib ki, İkinci Dünya müharibəsindən sonra doğulan “baby boomer” nəslinin kütləvi şəkildə pensiyaya çıxması sistemə ciddi maliyyə təzyiqi yaradıb: “Biz artıq gecikmişik. Bu addımlar illər əvvəl atılmalı idi”.

İslahat paketinə həmçinin məcburi pensiya yığım sisteminin gücləndirilməsi və kapital bazarına əsaslanan yeni investisiya mexanizmlərinin tətbiqi də daxildir.

Qeyd edək ki, Almaniya dünyanın ilk dövlət dəstəkli pensiya sistemini 1889-cu ildə kansler Otto fon Bismark dövründə yaradıb. O vaxt pensiya yaşı 70 olaraq müəyyən edilmişdi.

Rəsmi statistikaya görə, hazırda Almaniya əhalisinin təxminən 23 faizi, yəni 19 milyona yaxın insan 65 yaşdan yuxarıdır. Bu göstərici 1991-ci ildə 15 faiz idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*