Konstitusiya Məhkəməsinin son qərarı borc münasibətləri ilə bağlı məhkəmə təcrübəsində mühüm dəyişiklik yaradıb. Qərara əsasən, müəyyən hallarda yazılı müqavilənin olmaması artıq borc münasibətinin mövcudluğunu avtomatik olaraq istisna etmir. Bu dəyişiklik xüsusilə vətəndaşlar arasında verilən borcların sübuta yetirilməsi məsələsini yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, 16 iyun 2026-cı ildə Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qərar qəbul edib:
“Düşünürəm ki, 3000 manatdan yuxarı borclar üzrə yazılı müqavilənin mütləq şərt sayılması ədalətsiz yanaşma idi. Bir sıra məhkəmələr belə halları etibarsız hesab etməklə borc verən vətəndaşları hüquqi müdafiədən məhrum edir, borc alanlar isə faktiki olaraq üstün vəziyyətə düşürdülər. Artıq bu ədalətsizliyə son qoyulub.
Konstitusiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli qərarı açıq şəkildə müəyyən etdi ki, yazılı forma tələbinə əməl edilməməsi borc münasibətlərini etibarsız etmir. Bu, etibarlılıq deyil, sübutetmə şərtidir. Yəni yazılı müqavilə olmasa belə, WhatsApp yazışmaları, SMS-lər, bank köçürmələri, telefon danışıqları, borc alan şəxsin etirafı və digər yazılı-elektron sübutlar dəlil kimi qəbul edilməlidir.
Bu qərarın üç mühüm nəticəsi var. Birincisi, məhkəmələr artıq yalnız yazılı müqavilə olmadığına görə iddianı avtomatik rədd edə bilməz. İkincisi, borc verən şəxs WhatsApp yazışmaları, bank çıxarışları və digər köçürmə sənədləri ilə iddiasını əsaslandıra bilər. Üçüncüsü, bu qərar hazırda məhkəmə icraatında olan işlərə də şamil edilir.
Yəni belə bir işiniz varsa, bu qərar sizin işinizə də aid edilə bilər. Düşünürəm ki, bu qərar hüquq tarixində mühüm addımdır. Əgər yazılı müqavilə olmadan verilmiş borcla bağlı probleminiz varsa, artıq müraciət etmək üçün əlinizdə daha güclü hüquqi əsas var”, – deyə vəkil qeyd edib.
