Qarabağsız hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər yatırdı – Şanlı Zəfər YOLUbackend

Qarabağsız hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər yatırdı - Şanlı Zəfər YOLU

Qubadlı işğal olunanda 16 yaşım vardı. 1993-cü ilin avqustun 31-də Sumqayıtdakı evimizdə dərin kədər və hüzn hökm sürürdü. Anam qardaşına sarılıb ağlayır, dayım isə illərdir qurub-yaratdığı evindən didərgin düşdüyünə görə ağı deyirdi. İçimizdə çox sınmışdıq həmin gün. Sarsılmışdıq. Bir daha geri qayıtmaq ümidimiz olsa da, illər keçdikcə o torpaqlar daha da uzaqlaşırdı dünyamızdan.

Həmin illərdə tez-tez girirdi yuxularıma. Qayğısız uşaqlıq illərimin, işıqlı, babalı-nənəli həyatımın şahidi olan kəndimizi – Dondarlını yaşım ötdükcə ilğım xəyallarımda canlandırırdım. Hər dəfə də daha çox nağıla bənzəyirdi Qubadlılı illərim.

Zaman keçdikcə heç vaxt ayaq basmadığım Şuşa üçün də darıxırdım, mədəniyyətimizin beşiyi sayılan bu qədim yerlər mənim üçün əlçatmaz görünürdü. Xankəndini isə Şuşa kimi arxiv kadrlardan izləyirdik. Etiraf edək ki, bir-birindən gözəl şəhər və kəndlərimizin, cənnətməkan Qarabağımızın yenidən bizim olacağına az inanırdıq. Doğrudur, arzularımızda, sağlıqlarımızda “O gün olsun ki, bu məclisi Qubadlıda keçirək”, “Növbəti yeni ilimizi Şuşada qarşılayaq” deyirdik, amma bu istəklərimizin üstündən bir qərinə keçirdi.

Qarabağsız ömrümüzdə içdiyimiz hər qətrə suda qüssə, yediyimiz hər tikə çörəkdə kədər, qəm yatırdı. Nənə və babalarımız, dərddən, dəhşətli iztirablardan solmuş qarabağlı, zəngəzurlu hər kəs öz dədə-baba torpaqlarını görmədən gözlərini bu dünyaya qapayırdı. Geridə qalanlar isə vətən həsrəti ilə qovrulub-yanırdı…

Biz o yerlər üçün çox darıxırdıq, çünki sevirdik. O torpaqlar uğrunda savaşmaq istəyirdik, görmək üçün, qaytarmaq üçün, bütövlüyümüz naminə qurban getmək və yaşatmaq üçün. Həmişə düşünmüşəm ki, ömrümüzün 30 ilini biz boşluqda yaşamışıq, bir üzümüz gülüb, bir üzümüz ağlayıb. Hər gün ölüb-dirilirdik, tərəddüdlər olsa da, amma içimizdə ümid şamı yanırdı. Şam da yanıb tam ərimişdi, artıq ərimiş ümidlərin üzərində közərirdi. Amma tam bədbəxt deyildik. Bir dövlət olaraq, bir xalq olaraq nə edəcəyimizi hər gün düşünürdük. Çünki sabah nə edəcəyini bilməyən xalq məhvə məhkum idi. Ümidimizi üzmürdük. Böyük siyasi xadim Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərini hər birimiz qürurla təkrar edəcəyimiz zamanı gözləyirdik. İnanırdıq, sidq ürəklə inanırdıq ki, vaxt gələcək, müdrik xalqımız və sərkərdəmiz öz sözünü deyəcək…

2020-ci il gəldi. Sentyabrın 27-si hər şey dəyişdi. Ordumuz Ali Baş Komandanın əmri ilə Şanlı Zəfərə aparan yola çıxdı. Cəmi 44 gün savaşdıq.  Hər gün eşitdiyimiz qələbə xəbərlərindən ruhlandıq. Bir qərinə susuz qalan torpaqlarımız Şəhidlərimizin qanı ilə suvarıldı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, bütün işğal altında olan yurd yerlərimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində geri alındı.

…Qubadlı alınanda çox sevinirdim. Amma etiraf edim ki, doğmalarımı, həmkəndlilərimi təbrik etsəm də, qulağım səsdə idi. Hamı kimi mən də Şuşanın azad olunması xəbərini gözləyirdim. Qəlbimin ən dərin guşəsində gizlənmiş bu arzum da göyərməyə başlamışdı. Nəhayət, noyabrın 8-də Müzəffər Ali Baş Komandamız xalqa səsləndi: “Şuşa sən azadsan, sən bizimsən! – dedi. – Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”, – bəyan etdi.

Bu sadəcə bir xəbər deyildi. Bu, bir xalq olaraq iztirablarımızın sonu idi. Bu, qürur və fəxarət hissi yaşadan səs-səda, soraq idi. Bizi göylərə qaldıran, minnətdarlıq hissində boğan şanlı tarix, misli görünməyən hadisə idi. Ki, bu əhval-ruhiyyə ilə Ali Baş Komandana məktub ünvanladım:

“Müzəffər Ali Baş Komandan!

Bu sətirləri Sizə böyük qürur hissi ilə yazıram. Şuşa şəhərinin erməni işğalçılardan azad edilməsi xəbəri bütün dünya azərbaycanlılarını, o cümlədən, məni çox sevindirdi. Siz Azərbaycanın şanlı tarixini yazdınız. Bizim qürurumuz olan Şuşanı Allahın izni ilə azad etdiniz və gələcək Azərbaycanın əsasını qoydunuz. Qara Yusif, Uzun Həsən, Şah İsmayıl Xətai, Şah Təhmasib, Heydər Əliyev və neçə-neçə tarixi şəxsiyyətlərimiz arasında Sizin öz xüsusi adınız olacaq. Bu ad artıq tariximizə qızıl hərflərlə yazıldı. Bütün xalqımız Sizə dualar oxuyur. Rəhbərliyiniz altında Müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı, millətimizin qələbə qüruru özünə qayıtdı. Dövlətçiliyimizin formalaşmasında misilsiz konturlar cızıldı. Azərbaycanın şanlı hərb tarixi yazıldı. Bəlkə də hədsiz sevincimizdən bu günün tarixi əhəmiyyətini tam anlaya bilmirik. Amma içimdə belə bir əminlik var ki, Şuşanın azad olunması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu.

Uca Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. Vətənimiz və dövlətimiz naminə Allah Sizi qorusun! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan! Eşq olsun Azərbaycan Ordusuna! Allah şəhidlərimizə rəhmət eləsin!”.

Zəmanəmizin böyük sərkərdəsi İlham Əliyev bir daha sübut etdi ki, taleyimiz bizə ağalıq etmədi. O taleyimiz ki, məğlub xalq kimi yaşayırdıq. Dünyamız qaralmışdı, qürurumuz sınmışdı. Məhz dövlət başçısının siyasi iradəsi və xalqımızın həmrəyliyi ilə taleyimizə sinə gərdik. Acı məğlubiyyətdən Şanlı Zəfərə doğru şərəfli bir yol keçdik…

Ancaq mübarizəmiz başa çatmamışdı. Ağdam, Kəlbəcər, Laçının gözü yolda idi. Döyüş meydanında qələbələr qazanan Ali Baş Komandan düşməni kapitulyasiya sənədinə qol çəkdirməklə həmin rayonları da döyüşsüz azad etdi.

Yenə də durmadıq, dayanmadıq, mübarizədən dönmədik… Gözümüzü Xocalıya dikdik, sinəsi dağlı torpağımızı düşmən tapdağından qurtarmağı, ərazi bütövlüyümüzü bərpa etməyi sonuna qədər düşündük. “XANKƏNDİ Azərbaycandır!”- demək üçün səbirsizləndik. Hər şeyin nə zaman necə ediləcəyini çox yaxşı bilən müdrik liderimizə arxalandıq…

Allaha sonsuz həmd-sənalar olsun ki, Azərbaycan xalqı öz tarixinin şanlı səhifəsində Xankəndinin azad olduğu günü də yazdı. Erməni separatçılarından, murdar xislətli işğalçılardan Xanın kəndi tam azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Xankəndi üzərindən də qaldırdı.

Artıq qürur hissilə deyə bilərik ki, biz suveren Azərbaycanın vətəndaşlarıyıq!

Bu gün – 8 noyabr təkcə Zəfər tarixi deyil, həm də bir qürur salnaməsidir, Böyük Azərbaycan ideyasının əsası qoyulan bir gündür. Bu tarix xalqımızın döyüş ruhunu simvolizə edən bir an kimi əzizdir bizə. Neçə-neçə papaq altında yatan oğullarımızı tanıdığımız gündür. Mübariz İbrahimovu, Raquf Orucovu, Cəbrayıl Dövlətzadəni, şəhid generalımız Polad Həşimovu və neçə-neçə qəhrəman oğullarımızı yetişdirən böyük ürəkli, əyilməz ata-anaların günüdür. Öz oğullarını, ərlərini, qardaşlarını Vətənin bütövlüyü uğrunda qurban verən ana və bacılarımızın günüdür.

Mən onların qarşısında baş əyirəm! Müzəffər Ali Baş Komandan qarşısında əsgər salamı verirəm! “Dünya durduqca yaşa, Azərbaycan!”, – deyirəm. 30 ildən çoxdur öz ocağına, kəndinə, torpağına qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərə bu əziz gündə bir daha gözaydınlığı verirəm!

Zəfər tarixini dədə-baba yurdlarımızda çal-çağırla bayram etmək nəsibimiz olsun! Böyük Qayıdış sürətlə gedir. O gün də uzaqda deyil!

Fadil Paşayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*