Qüdrət Həsənquliyevin “Şimali Azərbaycan” mövzusuna Zahid Orucdan REAKSİYAbackend

Qüdrət Həsənquliyevin "Şimali Azərbaycan" mövzusuna Zahid Orucdan REAKSİYA

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “ölkəmizin adı dəyişdirilməli və Şimali Azərbaycan olmalıdır” fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.  Bir çoxları bunu məqbul hesab etsələr də, fərqli və əks fikirlər səsləndirənlərə də rast gəlinib.

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, parlamentdə gündəmə gələn məsələnin konteksini dəyərləndirmək lazımdır: “Vətən müharibəsində qələbəmizdən sonra İranın fəal şəkildə hərbi, siyasi, media və hibrid savaş elementlərinə rast gəlinir. Oradakı qüvvələr Azərbaycan əleyhinə basqılar həyata keçirir. Bu basqılar son dövrlər daha da şiddətlənib. Vəziyyət o yerə çatıb ki, ölkə rəhbəri mövcud məsələyə açıq mətnlə reaksiya verib. Belə ki, İranın təlimlərinə qarşı Azərbaycan öz hərbi addımları ilə reaksiya sərgiləyib. Bununla yanaşı Azərbaycan ikinci-üçüncü dövlətlərin forpostu kimi İrana hücuma keçməyə, ərazi iddialarını rəsmi-hüquqi səviyyədə ifadə etməyə cəhd göstərmir. Amma biz Azərbaycanın dövlət maraqlarını qorumaqda prinsipiallıq nümayiş etdirməyə borcluyuq. Odur ki, Qüdrət Həsənquliyevin Konstitusion dəyişikliklər fonunda ölkənin adının dəyişdirilərək “Şimali Azərbaycan” adlandırılması ilə bağlı çağırışları dəyərləndirməyə layiq olan təkliflər sırasındadır. Çünki 1918-ci ildə bu coğrafi ad siyasi subyekt kimi rəsmiləşərkən İranın o dövrdəki hakimiyyət qüvvələri tərəfindən müəyyən etirazlar olunub. Belə ki, onlar “Cənubi Azərbaycan adını ayrıca bir dövlətə necə verirsiniz?” fikirlərini səsləndiriblər. Amma bəllidir ki, 1804-1805-ci illər Rusiya müharibəsi və “Kürəkçay” müqaviləsi, eləcə də 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri fonunda Azərbaycanın bölünməsi baş verib. Bütün bunların fonunda ölkə başçısının “biz öz sekulyarlığımızı qoruyacağıq” yanaşması öz-özlüyündə siyasi kursdur və doktrinadır. Bir Mərkəz təmsilçisi kimi bunu “bir din, bir millət, bir dil” formulu kimi xarakterizə edirəm. Beləliklə bütün bu təkliflərin hər biri dəyərləndirilməyə layiqdir və şübhəsiz ki, konstitusion dəyişikliklər zərurəti meydana çıxarsa, o zaman mövcud məsələlərə hüquqi-siyasi qiymət veriləcək”.

Zahid Oruc əlavə edib ki, “Şimali Azərbaycan” adının rəsmiləşməsi ideyasını Azərbaycanın müharibədə qələbədən sonrakı siyasi ambisiyalarının genişlənməsi, İranla savaş üçün cəbhənin açılması, uzun onillər ərzində dini-teokratik hakimiyyətdən uzaqda dayanan və öz milli hüquqlarını tələb edən azərbaycanlıların haqq səsinin ucaldılması kimi  xarakterizə edənlər olacaq: “Bizim vahid bir xalq olmağımız inkar edilə bilməz. İranın hazırkı hakimiyyətinin əməllərindən ziyan çəkənlərin hansı milli mənsubiyyətin daşıyıcısı olduğunu təhlil etmək üçün çalışmamalıyıq. Çünki fakt ortadadır ki, farslar, ruslar, kürdlər, türkmənlər eyni dərəcədə ayaqdadırlar. Azərbaycan da məsələyə hüquqi konteksdə yanaşıb və dini amili vurğulayaraq bəyan edib ki, qətiyyən ölkəmizi “yaşıl inqilab”la əhatələmək istəyən və yalnız bir rəngdən ibarət dövlət qurmağa çalışan dairələrin səylərinə yol verilməyəcək. Ona görə də, bizim bu addımımızın hüquqi-siyasi təvsirinin şərhinin necəliyinə baxmayaraq tarixi faktı gerçəkləşdirmək lazım olduğunu anlamalıyıq. Kimsə əks mövqedə ola bilər və biz həmin şəxslərin fikirlərinə hörmətlə yanaşmalıyıq. Bu əsla Şimali Azərbaycan məfhumunun ilk olaraq parlamentdə səslənişi deyil. Buna qədər Bütöv Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi, eləcə də digər siyasi və elmi cəmiyyət nümayəndələri tərəfindən bu cür fikirlər səsləndirilib. Bunu da tarixi əsası mövcuddur. Bir daha bəyan etmək istəyirəm ki, parlament üzvləri irəli sürdükləri təkliflərdə sərbəstdirlər. Biz buna hörmətlə yanaşmalıyıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*