Sahibkarlığın inkişafı və liberal iqtisadi model – Azərbaycanda əlverişli biznes mühitibackend

Sahibkarlığın inkişafı və liberal iqtisadi model - Azərbaycanda əlverişli biznes mühiti

Azərbaycanda sahibkarlığa dəstək və biznes mühitinin yaxşılaşdırılması üçün mühüm işlər görülüb. Bu sahədə aparılan islahatlar ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı eyni zamanda özəl sektorun inkişafına zəmin yaradıb. Aparılan islahatlar nəticəsində qeyri-neft sektoru az bir zamanda geniş inkişaf edib. Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, xüsusən də “bir pəncərə” sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına geniş imkanlar açıb.

Liberal iqtisadiyyat xüsusi mülkiyyət payının çox olması, büdcənin formalaşmasının çox hissəsini özəl sektorun payına düşməsi dövlət tərəfindən tənzimlənmənin, iqtisadiyyata müdaxilənin minimuma endirilməsini nəzərdə tutan iqtisadi modeldir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisad elmləri doktoru, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib ki, azad sahibkarlıq olmayan məkanda liberal iqtisadiyyatdan danışmaq mümkün deyil:

“Bütün dünyada olduğu kimi Azərbaycanda da özəl sektorun onurğa sütünunu kiçik və orta biznes təşkil edir. Rəsmi statistikaya görə 2024-cü ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun 67,8%-i qeyri-neft sektorunun payına düşüb. Bu göstərici ümumi iqtisadiyyatın 2/3-dən çoxdur. Neft erası bitməyə doğru getdiyindən yaxın gələcəkrə iqtisadiyyatda real sektorun payının daha da artacağı gözləniləndi.

İstənilən ölkədə sahibkarlığın inkişafına təkan verə biləcək əsas şərtlərdən biri, sahibkarın maliyyə əlçatanlığının təmin edilməsidirsə, digər mühüm şərt, sahibkarın  hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu iki şərtin tam təmin edildiyi yerdə azad sahibkarlığın inkişafı yüksələn xətlə baş tutur. Son onilliklər ərzində biz dünyanın yeni inkişaf yoluna qədəm qoymuş bəzi ölkələrində, xüsusilə cənub şərqi Asiyada bu iki şərtə tam əməl edilən ölkələrdə hansı iqtisadi sıçrayışların baş verdiyinin şahidiyik.

Azərbaycan hökuməti son 20 ildə ölkədə azad sahibkarlığın inkişafını təmin edəcək çox işlər görüb. Lakin bütün bunları yetərli hesab etmək mümkün deyil. Bu gün Azərbaycanda biznesin maliyyə əlçatanlığı sahəsində ciddi problemlər yaşanır. Dövlətin bu sektora ayırdığı bir neçə milyard güzəştli kreditlər qeyri-neft sektorunda ümumilikdə istehsal olunan 90 milyard manata qədər ümumi daxili məhsulun fonunda çox kiçik bir göstəricidir. İqtisadiyyatın kredit tutumu deyilən bir anlayış var. İnkişaf etmiş ölkələrdə bu göstərici bəzən həmin ölkələrin ümumi daxili məhsulundan çox olur. Bizdə bu rəqəm 15-18%-i ötmür. Real sektorda isə bu göstərici 3-5%-dən çox deyil. Bunlar ciddi düşündürücü göstəricilərdi.

Bütün dünyada biznes əsasən bank kreditləri hesabına qurulub yaradılır. Azərbaycanda nəhayət bu yolu seçməlidir. Bankların sahibkara təklif etdiyi 25-30% kreditlə hər hansı bir biznes qurub yaratmaq və ya mövcud biznesi inkişaf etdirmək mümkün deyil. Hətta bu kreditlər 12-15%-lə verilsələr belə, bu yenə də biznes üçün çox bahalıdır. Orta rentabelliyi 8-10% olan bir biznes ona 12-15%-lə təklif olunan krediti necə götürə bilər? Odur ki, Azərbaycan hökuməti ölkədə azad sahibkarlığın maliyyə əlçatanlığının təmin edilməsi barədə ciddi düşünməlidir. Digər bir məsələ isə sahibkarın hüquqlarının məhkəmə müstəvisində obyektiv qorunmasının təmin edilməsidir. Biz birdəfəlik anlamalıyıq ki, hüquqlarının qorunmasına əmin olmayan investorlar heç bir ölkəyə yatrım etmirlər”.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi mövzusuna uyğun olaraq dərc edilir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*