“Səddam Hüseyni çox sıxmayın ki, borcumu ala bilim” – Yeltsinlə Klintonun 1994-cü ildəki görüşünün stenoqramı YAYILDIbackend

“Səddam Hüseyni çox sıxmayın ki, borcumu ala bilim” – Yeltsinlə Klintonun 1994-cü ildəki görüşünün stenoqramı YAYILDI

ABŞ Dövlət Departamenti Rusiya və ABŞ-nin ovaxtkı prezidentləri Boris Yeltsinlə Bill Klinton arasında 1994-cü ildəki görüşün stenoqramını təqdim edib.

Məlum olub ki, Yeltsin 30 il əvvəl Klintondan Rusiyanın NATO-ya üzv qəbul edilməsini xahiş edib. Stenoqramda ABŞ-Rusiya tərəfdaşlığı və Rusiyanın NATO ilə münasibətləri “Yeltsinin sevimli mövzusu” adlandırılır. Yeltsin Klintona deyib ki, Rusiya NATO-da ABŞ-nin mövqeyini dəstəkləyir. O, hətta qlobal təhlükəsizliyin təmin edilməsinə və təkmilləşdirilməsinə kömək edəcək ABŞ-Rusiya-Avropa üçlüyü təklif edir.

Klinton isə məsələyə həssaslıqla yanaşır, Rusiyanın NATO-ya üzvlük ideyasının üzərindən sükutla keçir. Yeltsin, həmçinin, Rusiyanı dəstəkləyən həmkarına “dərin minnətdarlığını bildirir”. Buna cavab olaraq Klinton Rusiyanın bu mövqedə qalacağı təqdirdə yaranacaq unikal imkandan danışır.

Şam yeməyi zamanı Bill Klinton saksafonda ifa edib. Üstəlik, şam yeməyinə qədər ABŞ  prezidenti Yeltsinin siyasətini tənqid edən Rusiya müxalifəti ilə də görüşüb. Yeltsin həmkarına yeni parlamentlə məhsuldar işləyəcəyini deyib. Elə orada baş nazir Yeqor Qaydarın istefaya gedəcəyini və Dumaya sədrik edəcəyini bəyan edib.

Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunan Yeltsin Klintona deyib ki, Rusiyanın İrana silah satması ilə bağlı ABŞ kəşfiyyatının məlumatları doğru deyil. Rusiya prezidenti Klintondan xahiş edib ki, İraqa qarşı sanksiyaları bir qədər yumşaltsın ki, Səddam Hüseyn Moskvaya olan borclarını qaytara bilsin. Klinton isə Yeltsinin bu xahişini yerinə yetirə bilməyəcəyini belə izah edib: “İraqa neft satmağa icazə verilsə, dünya bazarında yanacağın qiyməti kəskin aşağı düşəcək və bu da  Rusiyanın maraqlarına ziddir”.

Rusiyalı general Sergey Lipovoy bildirib ki, Yeltsin nə qədər səy göstərsə də, Rusiya NATO-ya buraxıılmadı: “O zaman Yeltsin Sovet İttifaqının dağılmasından sonra formalaşan yeni siyasətin tərəfdarı idi. O, Avropayla  dostluq etməyə çalışırdı. O, həm Avropa, həm də Amerika üçün şirnikləndirici təkliflər irəli sürürdü.  Guya Rusiya bütün Avropa institutlarına, o cümlədən NATO-ya inteqrasiya etməlidir. Bu isə avropalıları və amerikalıları əməlli-başlı təəccübləndirirdi. Onlar anlayırdılar ki, Rusiya Şimali Atlantika Alyansına qoşulsaydı, NATO bütün mənasını itirəcək və dağılacaqdı”.

Generalın fikrincə, ABŞ bu təklifin həyata keçməməsi və Vaşinqtonun Avropanı idarə etmək imkanlarını özündə saxlaması üçün hər şeyi edib: “Ona görə də Rusiyanın NATO-ya qoşulmasına imkan vermədilər. Sonra tarix göstərdi ki, bu, düzgün qərardır. Çünki Amerikanın yarım əsrdir uğurla oynadığı, pul qazandığı və dünyanı idarə etməyə çalışdığı dünyada qarşıdurma bitəcəkdi”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*