Almaniya Kansleri Olaf Şolts Culian Assanjın ABŞ-yə ekstradisiyasına qarşıdır.
APA DW-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri peşə məktəbində tələbələrlə görüşdə sualı cavablandırarkən deyib.
“Düşünürəm ki, Britaniya məhkəmələri ona (Culian Assanja – red.) lazımi müdafiəni versə, yaxşı olardı, çünki onun ABŞ-ın dövlət sirlərinə xəyanət etdiyi faktını nəzərə alsaq, onu ABŞ-da təqib gözləyir”, – Şolts bildirib.
Kansler Şolts bunun baş vermə şansının artdığını güman etdiyini söyləyib, “çünki ABŞ nümayəndələri son dinləmədə Britaniya hakimlərini mümkün cəzanın Böyük Britaniyanın nöqteyi-nəzərindən əsaslandırılmış çərçivədə olacağına əmin edə bilməyiblər, – deyə Almaniya Kansleri əlavə edib.
Qeyd edək ki, ABŞ hökuməti Culian Assanjı casusluq ittihamı ilə ABŞ-da mühakimə etmək istəyir. Günahı sübuta yetirilərsə, onu 175 ilə qədər həbs gözləyir.
Vaşinqton Assanjı ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatlarına dair məxfi materialları Çelsi (daha əvvəl Bradley kimi tanınırdı – red.) Manninqlə birlikdə oğurlamaqda və dərc etməkdə və bununla da ABŞ-la əməkdaşlıq edənlərin həyatını təhlükəyə atmaqda ittiham edir.
