backend

The National Interest: Dağlıq Qarabağ münaqişəsi: demokratiya problemləri səbəb deyil

Bəzi ekspertlər və xarici jurnalistlər Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsindən sonra Ermənistan-Azərbaycan münaqişəsində əsas amil kimi, “demokratiya çatışmazlığı”ndan danışmağa başlayıblar. Əslində, bu iddialar mediada onsuz da geniş yer almaqda olan ermənipərəst yanaşmaya uyğundur. Bu fikir əlbəttə ki, həqiqəti əks etdirmir.

Birincisi, münaqişənin tarixi göstərir ki, demokratiya məsələsinin müharibəyə heç bir aiddiyatı yoxdur. Bu münaqişənin nədən başladığını anlamaq üçün ilk növbədə XIX əsrə – Rusiya imperiyası dövrünə nəzər salmaq lazımdır (bu imperiyanın sərhədlərinin genişlənməsi Qafqaz regionunda demoqrafik balansın dəyişməsi ilə nəticələnib). Problemin kökləri Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır. Başqa sözlə, onun müstəqil Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur. Başqa sözlə, münaqişənin meydana gəlməsinə görə indiki liderlər məsuliyyət daşımır. Odur ki, bəzi ekspertlərin “demokratiya çatışmazlığı” ilə bağlı iddiaları cəfəngiyyatdır.

Tarixi faktları kənara qoysaq belə, görəcəyik ki, bu problemin mahiyyəti heç vaxt demokartiya (yaxid bəzilərinin iddia etdiyi kimi, dini amillə) ilə bağlı olmayıb. Problem ermənilərin “miatsum” konsepsiyasına əsaslanan ərazi iddialarından qaynaqlanır. Onların konsepsiyasına əsasən, Azərbaycanın Dağlıq Qarabağ regionu da Ermənistana birləşdirilməlidir.

Lakin erməni millətçiliyinin qızışmasınadək bu iki xalq sülh şəraitində birgə yaşayıb. Erməni ekstremistləri ilk dəfə 1987-ci ilin payızında (1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən qabaq) azərbaycanlıları Ermənistanın Qapan rayonundan didərgin salıblar.

Bir sözlə, münaqişəni demokratik problemlərin nəticəsi kimi xarakterizə etmək ona hesablanıb ki, guya Azərbaycanda daha demokratik dövlət yaradılsaydı, Qərb ölkələri Bakının mövqeyinə daha mülayim yanaşarmış. Halbuki Azərbaycana qarşı “Azadlığa dəstək” aktı hələ 1992-ci ildə qəbul edilib. Həmin vaxt prezident Qərbpərəst Əbulfəz Elçibəy idi. Demək, bu fikrin də əsası yoxdur. Fakt odur ki, Azərbaycanın bütün liderləri yürütdükləri siyasətdən asılı olmayaraq, Qərbin mənfur siyasətinin qurbanı olublar.

Münaqişə ilə bağlı digər vacib amil Azərbaycanın daxili siyasətidir. Ölkədə bütün siyasi qüvvələr, o cümlədən müxalifət hərbi əməliyyatları dəstəkləyir. Onlar inanırlar ki, Azərbaycanın ərazi bütövlüyü məhz bu yolla bərpa edilə bilər. Bakıda hələ iyulun 14-də keçirilmiş mitinq isə göstərib ki, bu, yalnız siyasi strukturların yox, həm də ölkə ictimaiyyətinin tələbidir. Beləliklə, Bakının rəsmi mövqeyini bütün xalq qəbul edir.

Ermənistana gəlincə, burada uzun illər ərzində avtoritar rejimin olmasına və ölkənin korrupsiyadan əziyyət çəkməsinə rəğmən, beynəlxalq şərait hər zaman onların xeyrinə işləyib. Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri (822, 853, 874 və 884) yerinə yetirmir, bununla da beynəlxalq hüququ kobudcasına pozur. Amma əvəzində beynəlxalq ictimaiyyətin ciddi qınağı ilə üzləşmir. Bütün bunlar bir daha göstərir ki, beynəlxalq ictimaiyyəti demokratiyanın olub-olmaması həqiqətən də narahat etmir.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyanın “demokratiya” anlayışına ayrıca toxunmaq lazımdır. Ermənilər azərbaycanlılara qarşı həm Ermənistanda, həm də Azərbaycanın işğal altındakı ərazilərində etnik təmizləmə aparıb. Paşinyanın “regional demokratiya” ilə bağlı yanaşması isə yalnız Ermənistan vətəndaşlarına aiddir. Demək, Ermənistan rəhbərinin təsəvvürləri əslində, demokratiyadan çox “ağların üstünlüyü” ideologiyasına bənzəyir.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan qaynaqlandığına dair arqumentdən belə nəticə çıxarmaq olar ki, əgər bu sahədə problemlər olmasaydı, münaqişə həll olunardı. Belədirsə, Qərb demokratiyalarındakı etnik-ərazi münaqişələri necə oldun? Məsələn, Kanadada Kvebek, Böyük Britaniyada Şotlandiya, İspaniyada Katoloniya, Belçikada Flandriya… Demək, Qərb ölkələrində inkişaf etmiş demokratiya belə, bu cür münaqişələrin yaranmasının qarşısını ala, yaxud onları çözə bilmir.

Bundan başqa, Qərb demokratiyalarının müəyyən məqamlarda (hətta başqa ölkələrin ərazilərində belə) gücdən istifadə etdiyini də görürük. Üstəlik, onlar bəzi hallarda bunu BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan da edirlər. Halbuki, bu, beynəlxalq hüquqa ziddir.

Azərbaycan isə təxminən 30 ildir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllini gözləyib. Bakının hazırkı addımlarına gəlincə, o, BMT Nizamnaməsinin 51-ci maddəsinə, yəni özünümüdafiə hüququna əsaslanır.

Bir sözlə, nə zaman ki söhbət Ermənistan-Azərbaycan münaqişəsi və onun səbəblərindən gedir, Qərb mediasının qərəzli olduğu üzə çıxır.

Sonda sərhədlərin dəyişdirilməsinin Avropada iki qlobal müharibəyə səbəb olduğunu da xatırlamaq yerinə düşər.

Beləliklə, davamlı sülhə nail olmaq üçün əsas düstur Azərbaycanın da təklif etdiyi kimi, ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsidir.

Müəllif: Fərid Şəfiyev

Mənbə: The National Interest, ABŞ

İngilis dilindən tərcümə – WorldMedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*