Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələrinə Çinlə birlikdə suyun mühafizəsi və bu sektorda yeni texnologiyaların tətbiqi üzrə proqram hazırlamağı təklif edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Sianda Çin-Mərkəzi Asiya sammitində bildirib.
“Orta Asiya şirin su çatışmazlığı riski ilə ən çox üzləşən regionlardan biridir. BMT-nin məlumatına görə, 2050-ci ilə qədər içməli su çatışmazlığı 5 milyarddan çox insana təsir edə bilər. Mütəxəssislərin fikrincə, regionumuzda temperatur sürətlə artır”, – o deyib.
Tokayev qeyd edib ki, iqlim dəyişikliyi prosesi region üçün əsas su mənbəyi olan buzlaqların azalmasına gətirib çıxarır. Bu, Mərkəzi Asiyanın ərzaq, enerji və ekoloji təhlükəsizliyi üçün ciddi risklər yaradır və təcili birgə tədbirlər tələb edir.
“Hamımız üçün mövcud su ehtiyatlarından istifadəyə koordinasiyalı və rasional yanaşmalar böyük əhəmiyyət kəsb edir. Bunun fonunda suya qənaət və suvarma üçün effektiv rəqəmsal həllərin ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Çin bu sahədə təsirli addımlar atdı. Çinlə birlikdə su təsərrüfatı sektorunda yeni texnologiyaların tətbiqi proqramı hazırlamağı təklif edirəm”, – deyə Qazaxıstan Prezidenti bildirib.
İqbal Rzayev,
KONKRET.az