Üç ermənipərəst, şərçi həmsədr: “Azərbaycan onların “xidməti”ni birtərəfli qaydada rədd etməlidir” – ŞƏRHbackend

Üç ermənipərəst, şərçi həmsədr: "Azərbaycan onların “xidməti”ni birtərəfli qaydada rədd etməlidir" - ŞƏRH

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 27-də əsir götürülmüş altı erməni hərbçi barədə ATƏT-in Minsk Qrupunun 28 may tarixli bəyanatlarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şərhində bildirilir ki, əsir götürülmüş altı erməni hərbçi yolları minalayıb:  “Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “Hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır”.

Azərbaycan sərhəd məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdardır, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyir: “Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini də Azərbaycan dəstəkləyib. Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər.

Öz növbəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər” şərhdə deyilir.

Həmsədrlər artıq neçənci dəfədir ki, bəyanatlarında yenə də Azərbaycanı ittiham etmək yolunu seçiblər. Hadisələrlə bağlı birtərəfli qaydada ancaq ermənilərdən məlumat alan həmsədrlər Bakını ya ittiham, ya da hansısa mövzusu bəlli olmayan danışıqlara çağırırlar. Bununla da bir daha bu məsələdə qərəzli və birtərəfli mövqe tutduqlarını təsdiqləyirlər.

Biz bu üç şarlatandan necə canımızı qurtaraq? Bizi danışıqlar masasına çağıran və qərəzli mövqelərindən əl çəkməyənlərlə necə davranaq? Əvvəlki illərdə yenə az da olsa tərəfsizliklərini qoruya bilərdilər, indi isə aşkar Ermənistan tərəfdən çıxış edirlər…

KONKRET.az-ın məlumatına görə, YAP-çı deputat Aydın Mirzəzadə musavat.com-a bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son dövrlərdə verdikləri bəyanatlar başadüşülən deyil:

“Onlar Vətən müharibəsi nəticəsində yeni reallığın yarandığının, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinin, artıq növbəti mərhələnin Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası olduğunun fərqinə varmırlar. Bir-birinin ardınca ancaq Ermənistanın yarımçıq fikirlərini dəstəkləyən bəyanatlar verirlər. 10 noyabr sazişindən sonra Ermənistan hərbçilərinin qeyri-qanuni şəkildə Azərbaycan ərazilərinə daxil olmaları, təxribatlar törətmələri hallarına  göz yumurlar. Fərqinə varmırlar ki, sonuncu saxlanılan altı nəfər erməni hərbçisi gecə zamanı Azərbaycan ərazisində hansı mühəndis texniki fəaliyyəti göstərirmiş. Nəyə görə bu gün Ermənistan sərhədlərin demarkasiyası təklifinə cavab vermir? Həmsədrlərdən biri olan Rusiya prezidentinin təklifi ilə demarkasiya üçün üçtərəfli komissiyanın yaradılması nəzərdə tutulurdu. Azərbaycan buna razılıq verdi. Ancaq Ermənistan indiyə qədər buna razılıq verməyib. Həmçinin Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində çoxsaylı minalar basdırıb. Azad etdiyimiz həmin ərazilərdəki minaların xəritəsini işğalçı vermir. Nədənsə həmsədrlər Ermənistanın həm beynəlxalq hüquq normalarına, həm də mehriban qonşuluq siyasətinə zidd olan hərəkətlərinə göz yumurlar. İşğalçını Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırmaqdan, ərazilərimizə təxribatçı qruplar göndərməkdən çəkinməyə yönəlik çağırışlar etməkdən sanki ehtiyatlanırlar. Həmsədrlərin son dövrlərdə bir-birinin ardınca bu cür açıqlamalar vermələri əslində onların bir mənbədən məlumat aldıqlarını, yeni reallıqları nəzərdən qaçırdıqlarını göstərir. Azərbaycan bu gün regionda sülhün olmasının, Ermənistanla mehriban qonşuluq siyasətinin qurulmasının tərəfdarıdır. Ümumi şəkildə ”Qafqaz Evi”nin yaradılması üçün Azərbaycan dəfələrlə öz təkliflərini irəli sürüb. Rəsmi Bakının 10 noyabr anlaşmasından irəli gələn Zəngəzur dəhlizinin açılması yönündəki fəaliyyəti regionda sülhün möhkəmlənməsinə çox böyük zəmin yaradardı. Minsk Qrupu nə dəhlizin tezliklə açılması məsələsinə münasibət bildirir, nə də Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyindən danışır. Çox istərdik ki, ATƏT-in Minsk Qrupu siyasi nüfuzu, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olduqları faktorunu əsas götürərək, bu problemin həllindən sonrakı mərhələnin beynəlxalq hüquq normalarına uyğun olaraq davam etməsi məsələsini diqqətə gətirərdi”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Minsk Qrupundan birmənalı şəkildə imtinanın tərəfdarıdır: “Minsk Qrupunun həmsədrləri həmişə ermənipərəst mövqe tutublar. Bu mövqelərini əvvəllər gizlətməyə çalışırdılar. Amma Azərbaycanın qələbəsindən, qanuni hüquqlarını bərpa etməsindən sonra hər cəhdlə Ermənistanı ”xilas etməyə”, işğalçı ölkənin vəziyyətdən hansısa nəticə ilə çıxmasına yardım etməyə səy göstərirlər. Rusiya yeni situasiyanın yaranmasında iştirak edib. Amma yenə də “xilasedici kəmər” məsələsində digər həmsədrlərin yanındadır. Deməli, Rusiya da axıra qədər getmir, məsələnin yarımçıq qalmasında maraqlı olduğunu göstərir. Biz əvvəllər də dəfələrlə dediyimiz mövqeni bir daha təkrar edirik ki, həmsədrlər Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsində, bu, mümkün olmadıqda, vaxtın uzadılmasında maraqlıdırlar. İndi də həmin xəttə uyğun hərəkət edir, danışıqların davam etdirilməsinə, bununla da vaxtın uzadılmasına çalışırlar. Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, artıq danışıqların predmeti yoxdur. Azərbaycan öz torpaqlarının böyük hissəsini azad edib, digər hissələrinin boşaldılmasına dair isə üçtərəfli bəyanatla razılıq əldə olunub. İndi nəyi müzakirə edəcəklər? Azərbaycan Xarici İşlər Nazirliyi də son bəyanatında tam aydın şəkildə münasibət bildirib. Həmsədrlər vəziyyəti öyrənmədən, Azərbaycan tərəfinin məlumatını nəzərə almadan birtərəfli qaydada ermənilərin dezinformasiyasını əsas götürür və bəyanat verirlər. Bunu yalnız açıq ermənipərəst mövqe kimi dəyərləndirmək olar. Ona görə də Azərbaycan həmsədrlərin ermənipərəst mövqeyini BMT və digər təşkilatların diqqətinə çatdırmalı, bu qərəzli yanaşma ilə hesablaşmaq fikrində olmadıqlarını nümayiş etdirməlidir. Azərbaycan bu qərəzli mövqeni əsas gətirərək, həmsədrlərlə bütün təmaslardan imtina etməli, onların “xidməti”ni birtərəfli qaydada rədd etməlidir. Müstəqil dövlət kimi bizim buna haqqımız var. Hər hansı vasitəçi tərəflərin razılığı ilə fəaliyyət göstərə bilər. ABŞ və Fransanın vasitəçiliyindən imtina üçün bizim bu bəyanata qədər də kifayət qədər əsasımız var. Rusiya ilə isə üçtərəfli bəyanat çərçivəsində əməkdaşlığımızın yeni formatı ortadadır. Ona görə də bu ölkənin də həmsədr kimi fəaliyyətinə ehtiyac yoxdur. Diplomatiya çoxtərəfli hərəkət etməyi nəzərdə tutur. Amma həmsədrlərlə diplomatiya oyunlarını davam etdirməyin artıq mənası yoxdur. “Qordi düyünü” artıq Azərbaycanın yumruq zərbəsi ilə darmadağın edilib. Bundan sonra məntiqsiz danışıqlara yer yoxdur. Bunu bu turist həmsədrlər də artıq anlamalıdırlar. Ermənilər başa düşmədilər, başa saldıq. Həmsədrlərə də Azərbaycan Prezidenti hərbi əməliyyatlardan sonra sözünü dedi, qapını göstərdi. İndi qapının arxasında dayanıb gözləməsinlər, onları başqa cür yola salmağa təhrik etməsinlər. QAT fəalları bir dəfə, dövlətin hələ onların çərənləmələrinə dözdüyü vaxt həmsədrlərin mətbuat konfransı keçirdikləri zala daxil oldu, stolu demək olar ki, başlarına keçirdi və rədd olub ölkəni tərk etmələrini tələb etdi. O vaxt bizim bu hərəkəti fransalı həmsədr Fasye “stəkanda fırtınaya” bənzətmişdi. Yəni demək istəyirdi ki, nə edirsiniz-edin, biz öz işimizdəyik. Sonda biz deyən oldu. İndi dövlət beynəlxalq normalara uyğun olaraq onların sərsəm hərəkətlərinə hələ dözür, amma cəmiyyət dözməyə bilər. Onda fırtına stəkanda yox, onların başında tüğyan edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*