“Yaponiya məhkəməsi eynicinsli nikahların qadağan edilməsinin konstitusiyaya zidd olduğu barədə qərar verib”
KONKRET.az Reuters-ə isinadən xəbər verir ki, Naqoya Rayon Məhkəməsinin qərarı son iki ildə məsələ ilə bağlı dörd işdən eynicinslilərin nikahına qoyulan qadağanı konstitusiyaya zidd hesab edən ikinci qərar olub. Yaponiya konstitusiyasına görə, nikah kişi və qadın arasındadır.
Rəy sorğuları əhalinin təxminən 70%-nin eynicinsli nikahları dəstəklədiyini göstərsə də, baş nazir Fumio Kişidanın mühafizəkar hakim Liberal Demokrat Partiyası (LDP) buna qarşıdır.
Fevral ayında Kişida eynicinsli nikahlara icazə veriləcəyi təqdirdə insanların Yaponiyanı tərk edəcəkləri barədə bəyanat verən köməkçisini işdən çıxarıb. Lakin baş nazir bu mövzuda susub və müzakirələrin ehtiyatla aparılmalı olduğunu vurğulayıb.
Bununla belə, əhalinin təxminən 65%-ni əhatə edən 300-dən çox Yapon bələdiyyəsi eynicinsli cütlüklərə tərəfdaşlıq müqavilələri bağlamağa icazə verir.
Lakin bu hüquq məhduddur. Tərəfdaşlar bir-birinin əmlakını miras ala və ya bir-birinin uşaqları üzərində valideynlik hüququna malik ola bilməzlər.
Qeyd edək ki, hökumət G7 sammitindən əvvəl LGBT -yə haqq qazandıran qanunu qəbul edəcəyinə söz vermişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
