Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media çərçivəsində” forumu çərçivəsində baş tutan panel sessiyalarından biri “Yaşıl dünya naminə həmrəylik İli”ndə medanın gündəminə həsr olunub.
KONKRET.az xəbər verir ki, panel sessiyası Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin moderatorluğu ilə baş tutub.
Qonaqları və jurnalistləri salamlayan moderator “Yaşıl dünya naminə həmrəylik İli”nin və COP29 kimi mötəbər tədbirin medianın gündəmində olmasının ölkə əhlisinin məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra panel sessiyasının spikerləri – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov, Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmənov çıxış ediblər.
Spikerlər Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik İli”nin elan edilməsini və ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsini ətraf mühitə və ekologiyaya verilən diqqətin göstəricisi kimi qiymətləndiriblər. Həyata keçirilən mühüm işlər nəticəsində Azərbaycanın artıq “yaşıl” enerji sahəsində də region üzrə liderə çevrildiyi, ölkəmizin hazırda dünyada gedən proseslərə uyğunlaşmaqla yanaşı, gələcək iqtisadi proseslərdə aparıcı rolda qalmaq məqsədi daşıdığı nəzərə çatdırılıb.
“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində SOCAR-ın hansı hədəfləri elan etdiyi barədə ətraflı məlumat verilib. Məlum olub ki, 2035-ci ildə SOCAR-ın biznesinin böyük hissəsi bərpa olunan enerji sahəsində olacaq. Azərbaycanın nəhəng şirkəti 2050-ci ilə qədər “xalis sıfır” hədəfinə nail olmaq istəyir. Ölkəmizin kifayət qədər böyük bərpaolunan enerji potensiyalının olduğu və bu sahədə görülən işlər diqqətə çatdırılıb.
Panel sessiyası müzakirələr və jurnalistlərin sualların cavablandırılması ilə başa çatıb.
Xatirə SADİQ,
KONKRET.az
