“Azərbaycan üç il ərzində əlindən gələn hər şeyi etdi ki, antiterror tədbirlərinin keçirilməsinə ehtiyac qalmasın. Amma təəssüflər olsun ki, Ermənistan, o cümlədən də onun dəstək göstərdiyi, maliyyələşdirdiyi cinayətkar dəstə əlindən gələni etdi ki, Azərbaycan antiterror tədbirləri keçirmək məcburiyyətində qalsın”.
Bunu KONKRET.az-a antiterror tədbirlərini şərh edən “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi“nin rəhbəri Xəyal Bəşirov deyib. Bildirib ki, cinayətkar ünsürlərin diqqətinə çatdırıldı ki, Azərbaycan onlardan qat-qat güclüdür və sadəcə güc tətbiq etmək istəmir: “Azərbaycan məsələləri sadəcə masada həll etmək istəyir. Eyni zamanda, biz Ermənistanın diqqətinə çatdırdıq ki, Qarabağ və orada yaşayan mülki insanlarla bağlı məsələ, reinteqrasiya prosesi sülh gündəliyinə aid deyil, bu, bizim daxili problemimizdir. Azərbaycan bunu digər dövlətlə müzakirə etmək niyyətində deyil. Bundan sonra da bu, belə olacaq. Təbii ki, çox qısa müddət ərzində, çox ciddi dəqiqliklə Azərbaycan antiterror tədbirlərini həyata keçirdi və oradakı cinayətkar ünsürləri zərərsizləşdirdi. Bir daha sübut etdik ki, müharibə aparmağın qaydalarını mükəmməl bilir və onlara əməl edirik”.
Prezident İlham Əliyevin xalqa müraciətinə də toxunan politoloq qeyd edib ki, dövlət başçısı beynəlxalq ictimaiyyətə, erməni cəmiyyətinə, Qarabağdakı cinayətkar ünsürlərə və erməniəsilli vətəndaşlara bir sıra ciddi mesajlar verib: “Prezident bildirib ki, biz reinteqrasiya prosesindən boyun qaçırmırıq. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, cinayətkar ünsürlərin təmizlənməsi prosesinə məcbur olduq, çünki oradakı qüvvələr Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına qarşı idi.
Onların zərərsizləşdirilməsi həm də bu məqama xidmət edirdi. Bundan sonra baş verəcək proseslərlə də bağlı Pezident İlham Əliyev öz mövqeyini bildirdi və qeyd etdi ki, Azərbaycan Ermənistanla müharibə istəmir. Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin tam bərqərar olmasının tərəfdarıdır, buna mane olan qüvvələrlə mübarizə aparır. Və bizim erməni xalqı ilə heç bir düşmənçiliyimiz olmayıb, bundan sonra da olmayacaq. Əsas mübarizəmiz cinayətkar ünsürlər və Azərbaycana ərazi iddiaları irəli sürən tərəflərlədir. Bu Ermənistan da ola bilər, Ermənistana dəstək göstərən dövlətlər və təşkilatlar da ola bilər”.
Sentyabrın 21-də Yevlaxda keçirilən görüşə münasibət bildirən Xəyal Bəşirov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə təşkil edilən görüşdə bir sıra məsələlər müzakirə olunub: “Azərbaycan 2-ci Qarabağ müharibəsindən sonra reallıqlara uyğun olaraq orada yaşayan və Azərbaycan vətəndaşı ola biləcək şəxsləri dialoqa çağırmışdı. Bundan əvvəl bir Qarabağ ermənilərinin nümayəndələri bir neçə dəfə görüşə dəvət olunsa da, separatçılar imtina etmişdi.
Baş verən proseslərlə bağlı beynəlxalq ictimaiyyətin yenə susqun, laqeyd və qərəzli yanaşmasının şahidi oluruq. Təəssüflər olsun ki, 1993-cü ildə Azərbaycan ərazilərinin işğalı ilə bağlı qətnamələr qəbul edən, onları icra edə bilməyən BMT TŞ bu gün həmin qətnamələri icra etdiyimizlə bağlı bizi təhdid edir. Bunlar hamısı ziddiyyətli məqamlardır. Bütün bunlar artıq arxada qalıb və reinteqrasiya prosesi istiqamətində uğurlu addımlar atılır. Yevlaxda isə bir sıra məsələlər müzakirə edilib və razılığa gəlinib”.
Vəli Həsənov,
KONKRET.az
