Fransanın paytaxtı Parisdə hökm sürən ekstremal istilər səbəbindən dünən 109 nəfərin həyatını itirdiyi açıqlanıb. Ölüm sayı yalnız ev və ictimai yerlərdə qeydə alınan halları əhatə edir; xəstəxana və qocalar evlərindəki vəfatlar bu statistikaya daxil edilməyib.
KONKRET.az xəbər verir ki, istilərin təsiri ilə bağlı təcili tibbi yardım xidmətlərinin məlumatlarına görə, Parisdə dünən 30 nəfər infarkt keçirib. Hipertermiya (həddindən artıq bədən istiliyi) diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir xəstənin bədən temperaturu 43,7 dərəcə olaraq qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ilin bu dövründə Parisdə adi bir gündə orta hesabla 7 nəfər vəfat edir.
Fransanın İdman naziri Marina Ferrari bildirib ki, istilərin başladığı gündən bəri ölkə üzrə 55 nəfər suda boğularaq həyatını itirib. Nazir vətəndaşları üzərkən son dərəcə diqqətli olmağa çağırıb.
37 bölgədə “qırmızı həyəcan” siqnalı verilən Fransada rekord istilər ventilyator və kondisionerlərə olan tələbatı kəskin şəkildə artırıb. Mağazalardakı ehtiyatlar tükənib, soyuducu cihaz tapmaq imkansız hala gəlib. Bəzi mağazaların açılışı zamanı insanlar arasında soyuducu əldə etmək üçün basabas yaşanıb, cihazlar saniyələr içində satılıb.
Paris və ətraf bölgələrdə xəstəxanalarda “fövqəladə vəziyyət planı” (ağ plan) işə salınıb. Bu plan çərçivəsində məzuniyyətdə olan personal vəzifəyə çağırılır, yataq tutumu artırılır və təcili olmayan əməliyyatlar təxirə salınır. Xəstəxanalarda böhran bölmələri aktivləşdirilib. Bəzi şəhər sakinləri sıcaqdan qorunmaq üçün pəncərələrini alüminium folqa ilə örtməyə başlayıblar.
İsti hava dalğası Almaniyada da həyatı dayandırıb. Almaniya Meteoroloji Xidməti (DWD), xüsusilə ölkənin qərb və cənub-qərb bölgələrində havanın temperaturunun 40 dərəcəni keçdiyini, bəzi yerlərdə isə 42 dərəcəyə çatdığını bildirib.
